Ümumi məlumat

1918-1920-ci illərdə türk-müsəlman soyqırımları

1918-ci ildə türk-müsəlman əhalisinə qarşı törədilən cinayətləri üzə çıxarmaq Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən sonra mümkün olmuşdur. Belə ki, Milli hökumətin ən mühüm qərarlarından biri daşnak canilərinin törətdikləri cinayətlərin təhqiqi üçün 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması oldu. Hökumətin iclasında Xarici işlər naziri M. H. Hacinski bu məsələ barəsində çıxışında qeyd etdi ki, 4 aydır ki, erməni cəlladları dinc müsəlman əhalisinin həyatı və əmlakı üzərində görünməmiş vəhşiliklər törədirlər. Bununla yanaşı, zorakılıq törədənlərin yalan xəbərləri nəticəsində Avropa ictimaiyyətində tamam əks əhval-ruhiyyə yaradılır. Buna görə də belə bir təşkilatın yaradılmasına böyük ehtiyac hiss olunur. Həmin təşkilat Fövqəladə Komissiya xarakteri daşımalıdır, həm də bu komissiyanın topladığı sənədlər Azərbaycan, rus, ingilis, fransız, alman dillərində nəşr edilib yayılmalıdır. Vəkil Ələkbər bəy Xasməmmədov (sonralar Azərbaycan Məhkəmə Palatasının sədri olmuşdur) Təhqiqat Komissiyasının sədri təyin edildi. Bir neçə ay ərzində Fövqəladə Təhqiqat Komissiyası daşnak quldur dəstələrinin qanlı əməllərinin təhqiqi sahəsində böyük iş gördü. Zərərçəkmiş yüzlərlə vətəndaş və şahid dindirildi, çoxlu material, maddi dəlil-sübut, fotosənəd toplandı.
Məlumdur ki, 1917-ci ilin fevralında Rusiyada burjua-demokratik inqilabı nəticəsində Romanovlar sülaləsi devrildi və Müvəqqəti hökumət təşkil edildi. Müvəqqəti hökumət Rusiya xalqlarına müraciətində elan etdi ki, birinci dünya müharibəsi başa çatandan sonra xalqların öz müqəddəratını həll etməsi məsələsinə baxılacaqdır. Lakin 1917-ci ilin oktyabrında Rusiyada bolşeviklərin hakimiyyəti zorakı yolla ələ keçirməsi Rusiya xalqlarının bu arzularını boşa çıxartdı. Bolşeviklər fəhlə-kəndli hökuməti qurmaq adı altında əvvəlki imperiyanı bərpa etməyə başladılar.
1917-ci ilin sonu - 1918-ci ilin əvvəllərində Bakıda daşnak-bolşevik birləşmələrinin milli qüvvələrə qarşı açıq mübarizəsi yetişməkdə idi. 1917-ci ilin dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri V. İ. Lenin tərəfindən Qafqazın Fövqəladə Komissarı təyin olunmuş S. Şaumyanın Korqanovun başçılıq etdiyi Hərbi İnqilab Komitəsi ilə birlikdə Tiflisdən Bakıya gəlişi buradakı siyasi vəziyyəti daha da gərginləşdirdi. Qafqaz cəbhəsindən geri qayıdan əsgərlər vətənlərinə dönmək əvəzinə Bakıda toplaşdı. Bu əsgərlərin Bakıda saxlanmasında Şaumyan böyük fəallıq göstərirdi.
Azərbaycanda milli qüvvələrə başçılıq edən "Müsavat"ın getdikcə artan nüfuzundan qorxuya düşən bolşevik-daşnak qüvvələri Bakını inqilabla əksinqilab arasında mübarizə meydanı elan etmişdilər. Bolşevik - daşnak qüvvələrinin birləşdiyi Bakı Sovetinin ixtiyarında Qırmızı ordu adı altında əksəriyyəti ermənilərdən ibarət olan 20 minlik silahlı qüvvə cəmlənmişdi.
1918-ci ilin martında Bakıda siyasi vəziyyət son dərəcə gərgin idi. Bakı Sovetinə keçirilən seçkilərdə "Müsavat"ın böyük səs çoxluğu ilə qələbə qazanması bolşevikləri və daşnakları ciddi narahat edirdi. Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrilən "Müsavat" Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamla mübarizə aparırdı. Şaumyan başda olmaqla bolşevik qüvvələri Erməni Milli Şurası və "Daşnaksutyun" partiyasının rəhbərləri ilə birlikdə "Müsavat"a qarşı əsl müharibəyə başladılar. Bakıda Azərbaycan milli qüvvələrinin sayca az və pis silahlanmış olduğunu yaxşı bilən Şaumyan müsəlmanlara "dərs vermək" üçün milli qırğına hazırlaşırdı.
Martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan "Evelina" gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Belə ki, 1918-ci il martın 17-də silahla ehtiyatsız davranışdan həlak olmuş H. Z. Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə saldı. Mərhumu dəfn edən müsəlman dəstəsi "Evelina" gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Paroxodun körpüdən aralanmasına az qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasını tələb etdi. Dəstənin rədd cavabına tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu.
Ertəsi gün şəhərin cənub hissəsində erməni əsgərləri göründülər. Onlar bütün küçə boyu səngərlər qazmağa, torpaq və daşlardan bəndlər ucaltmağa başladılar. Həmin gün Müsəlman Xeyriyyə Cəmiyyətinin binasında keçirilən yığıncağa gələn Ter-Mikaelyans Erməni Milli Şurası və "Daşnaksutyun" partiyası adından bəyan etdi ki, əgər müsəlmanlar bolşeviklərə qarşı çıxış etsələr, ermənilər də onlara qoşulacaq və bolşeviklərin Bakıdan qovulmasına kömək edəcəklər. Martın 18-də (təzə stillə 31 mart - A. İ.) səhər tezdən şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlar başladı. Ermənilərin yalançı vədlərinə inanmış müsəlmanlar əvvəlcə şəhərdə nə baş verdiyini müəyyən edə bilmirdilər. Hücum ərəfəsində bütün ermənilər şəhərin müsəlmanlar yaşayan hissəsindən ermənilər yaşayan hissəsinə keçdilər. Müsəlmanlar yaşayan hissədə xristian əhalidən ruslar və gürcülər qalmışdı.
Bakı Soveti qüvvələrinə rəhbərlik edən S. Şaumyanın erməni hərbi hissələrindən istifadə etməsi bu qırğını daha da dərinləşdirmişdir. Bolşevikləri müdafiə etmək bəhanəsi ilə erməni hərbi hissələri türk-müsəlman əhalisinə qəddarcasına divan tuturdular. Bakı Soveti də, onun yaratdığı ordu da əsas etibarı ilə ermənilərdən ibarət idi. Daşnaklar azərbaycanlılara milli ordu yaratmaqda mane olur, Sovetin adından istifadə edərək millətçi-şovinist siyasətini canfəşanlıqla həyata keçirir, Bakı, Şamaxı və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhalisinə qarşı qırğınlar hazırlayırdılar.
Azğınlaşmış və vəhşiləşmiş erməni quldurlar dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A. Y. Kluge bu komissiyanın sədrinə "Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair iş haqqında" məruzəsində yazırdı: "Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram - doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər".
Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan şeyləri isə özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyiti tapılmışdı. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yarmışdılar.
Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 12 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Onların çoxunun meyitləri tapılmamışdır.
Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdur. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdir. Uzaqvuran toplarla Təzəpir məscidi zədələnmişdi. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan "İsmailiyyə" binasına od vurub yandırmışdılar.
Talançılar "Kaspi" qəzeti redaksiyasının və "Dağıstan" mehmanxanasının binalarını, "İsgəndəriyyə"ni, "İsmailiyyə"ni də yandırmışlar. Bu qırğınlarda təkcə Azərbaycan müsəlmanları deyil, bütün Qafqaz müsəlmanları ziyan çəkmiş oldu.
Mart talanlarında yaxşı təşkil olunmuş hərbi hissələrlə yanaşı erməni ziyalıları, gəncləri də iştirak edirdilər. Talançılar hətta öz tanışlarına da rəhm etmirdilər. Bakıda baş vermiş faciəli hadisələr şəhərə olduqca böyük ziyan vurmuşdu. Epidemiya tüğyan edərək minlərlə insanı qırmış, əhalinin su, ərzaqla təchizatı dayanmışdı. Bazar və mağazalardan, demək olar, bütün ərzaq məhsulları yoxa çıxmışdı. Talançılar olub-qalan ərzaq ehtiyatlarını toplayıb aparmışdılar.
Qədim Azərbaycan şəhəri Şamaxı dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdır. Burada bədnam S. Lalayevin başçılıq etdiyi əsgərlər və T. Əmirovun dəstəsi azğınlaşaraq müsəlmanları soyub-talayır və qırırdılar. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdu. 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq - Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm bir qibləgah, həm də qədim abidə kimi əziz idi. Erməni quldurlar minlərlə dinc adamı qətlə yetirmişdi.
Fövqəladə Təhqiqat Komissiyasının üzvləri 1918-ci ilin oktyabr və noyabrında bu barədə hazırladığı məruzədə qeyd edirdilər ki, həyətdə hələ də çürümüş meyitlərin qalıqları qalmaqdadır. Şamaxı qəzasının müsəlmanlar yaşayan təxminən 80 kəndinin taleyi də bu cür olmuşdur. Daşnakların törətdiyi vəhşiliklərin həddi-hüdudu yox idi.
Təhqiqat Komissiyasının Şamaxı qəzasının ayrı-ayrı kəndləri üzrə apardığı təhqiqatlarının - şahid ifadələri, zərərçəkənlərin dindirmə protokolları, rəsmi idarələrin əhalinin sayı və əmlaklarının dəyəri haqqında məlumatları, ölən və yaralananların siyahısı və s. əsasında 53 kənd üzrə tərtib olunmuş yekun aktlarında ayrı-ayrı kəndlər üzrə öldürülənlərin sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilmişdir. Bu aktlarda olan rəqəmlərə əsasən, Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339.5 milyon manat idi.
Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla bir milyard manatdan çox olmuşdur.
Fövqəladə Təhqiqat Komissiyasının üzvləri - Gəncə quberniyasının Nuxa və Ərəş qəzalarında yoxlama keçirmiş N. Mixaylovun və N. Klassovskinin məruzəsində dəqiqləşdirilmişdir ki, təkcə bu qəzaların erməni dəstələri deyil, həm də başlıca olaraq, gəlmə hərbi hissələr və İrəvan quberniyasının erməniləri müsəlman əhalisini ucdantutma qırmaq, kəndləri dağıtmaq və dövlət hakimiyyət orqanlarını və müsəlman ərazilərini tutmaq üçün bütöv bir plan hazırlamışdılar.
Əvvəlcədən qurulmuş plana görə daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. Xaçmazda yaşayan ermənilər bu barədə xəbərdar edilmiş, onlara xeyli əlavə silah və sursat göndərilmişdi. 1918-ci ilin ilk aylarından Quba qəzasında minlərlə insanın, dinc əhalinin, qadınların, uşaqların və qocaların əzab və işgəncə ilə qətlə yetirilməsi dəhşətli və ağlasığmaz qırğın idi. Quba faciəsi sırf siyasi məqsəd daşıyırdı. Qırğınlarda erməni daşnak qüvvələri ilə yanaşı, bolşevik əsgərləri də iştirak edirdi. Erməni cəlladları hakimiyyətsizlikdən məharətlə istifadə edərək, Qubada böyük bir qırğın həyata keçirdilər.
Faciəni səciyyələndirən başlıca cəhət odur ki, Quba qəzasında qırğınlar əvvəlcədən düşünülmüş və buna geniş hazırlıq işləri görülmüşdü. Çünki qırğına başlamaq üçün bəhanə milli münaqişə ola bilərdi. Erməni daşnak qüvvələri dünyanın hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən sıxışdırıldığı barədə teleqramlar göndərirdilər.
Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törətmişdilər. Qubaya hücum edənlər içərisində özünü bolşevik kimi qələmə verən və 2 min əsgərə başçılıq edən David Gelovanidən başqa, bolşevik Sturua da olmuşdur. Onun dəstəsində min əsgər var idi. Onlardan əvvəl isə Muradyanın rəhbərlik etdiyi 2 min erməni əsgəri Quba qəzasında qırğın törətmişdi. Həmin dəstə birinci dünya müharibəsində özünü rus çarizminin ən yaxın müttəfiqi kimi qələmə vermiş "Daşnaksutyun" partiyasının əsgərlərindən ibarət idi. Qəzaya gəlmiş işğalçılara 300-dən çox yaraqlısı olan Avakov və Vartanın yerli ermənilərdən ibarət quldur dəstələri də kömək edirdi. D. Gelovani Qubadan qovulanda əhalini hədələmiş, tezliklə bura ermənilərin xüsusi təlim görmüş cəza dəstələrinin gələcəyini bildirmişdi. Vətən tarixşünaslığından məlumdur ki, onun hədəsindən 10 gün sonra Bakıdan top və pulemyotlarla silahlanmış erməni ordusu Qubaya gəlir.
Hamazaspın dəstəsi Qubanın girəcəyindən tutmuş yuxarı hissəsinədək şəhəri odlamağa başladı. Daşnaklar küçədə qarşılarına çıxan bütün adamları ucdantutma gülləyə tutur, yerə yıxılmış yaralıların bədənlərini tüfənglərin süngüləri ilə deşik-deşik edir, gözlərini ovurdular. Yaxınlıqdakı meşəyə qaça bilməyənlər evlərinə girib qapıları bağlamışdılar. Onları evlərindən zorla çıxarır, yerindəcə güllələyir və yaxud qabaqlarına qatıb meydana aparırdılar. Beləliklə, Qubada bir neçə saatın ərzində yüzlərlə insan qətlə yetirildi. Hamazasp Bakıdan mənfur Şaumyan rejimindən belə bir tapşırıq almışdı: Quba qəzasında bütün müsəlmanları qırıb məhv etmək, onların yaşayış məntəqələrini dağıtmaq. Sonra isə bu qırğını sünni və şiə məzhəbləri arasında toqquşma kimi qələmə vermək. Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən artıq olmuşdur. Ona görə də onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta bilmişdilər. Həmin azğınlığın miqyasını təsəvvür etmək üçün iki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlmanın öldürüldüyünü xatırlamaq kifayətdir. Bu rəqəm Quba şəhər əhalisinin beşdə biri demək idi.
Daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırmışdılar.
Hamazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü və tat əhalisi öldürülmüşdür. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdı ki, bunlardan 35-i hazırda mövcud deyildir.
Osmanlı qoşunlarının Bakını azad etməsindən bir az əvvəl Lənkərana iki min nəfərlik erməni dəstəsi gələrək yerli əhalini incitməyə başlayır. Onlar müsəlman yeməkxanalarına girib oradakıları təhqir edir, pul verməkdən imtina edir, onları Osmanlı türklərindən qorumaq üçün səngər qazmağa məcbur edirdilər. İş o yerə çatmışdı ki, erməni əsgərləri məhərrəmlik mərasimi verilən məscidlərə girib müsəlmanlara öz təziyələrini keçirtməyə mane olurdular. Müsəlman əhali dini ayinlərini icra etmək üçün məscidlərə yığışdıqları zaman ermənilər ora soxularaq müsəlmanları qarət edir, məscidi isə yandırmaq istəyirdilər. Ermənilər bu bölgədə yüzlərlə ev dağıtdılar və minlərlə günahsız insanın həyatına son qoydular.
Göyçay qəzasının Kürdəmir kəndində daşnaklar 56 ev və dükanı, 127 malikanəni, iki məscidi yandırmış, yerli imamın mənzilini talan etmişlər. Mənzildəki Quranın təfsirinə dair zəngin kitabxanadan tonqal düzəldilmiş, Quranın özü isə təhqir olunmuşdur. Göyçay qəzasında Cəngi (Caylı), Qaravəlli, Qarabucaq, Mustafanı, Xəlil-Qasımbəy, Ərəb-Mehdibəyli, Sadalı kəndləri və digər obalar da darmadağın edilmişdir.
Komissiyanın sədri Xasməmmədov xarici işlər nazirinə yazırdı ki, Paris sülh konfransına gedən nümayəndə heyətinə təqdim etmək üçün Bakı, Şamaxı, Quba şəhərlərində, Şamaxı, Göyçay, Cavad və Quba qəzalarında türk-müsəlman əhalisinə qarşı daşnak-bolşevik birləşmələri tərəfindən törədilmiş vəhşilikləri əyani şəkildə sübut edən məlumatlar kifayət qədərdir. Lənkəran qəzası polkovnik Avetisovun silahlı quldur dəstələri tərəfindən, Cavad qəzasının bir hissəsi isə polkovnik İllarinoviç başda olmaqla başqa bir dəstə tərəfindən, İrəvan quberniyasında, Gəncə quberniyasının dörd qəzasında - Cəbrayıl, Cavanşir, Şuşa, Zəngəzurda böyük dağıntı törədilərək, azərbaycanlı əhali ucdantutma məhv edilmişdir.
1918-1920-ci illərdə erməni vəhşiliklərindən ən çox ziyan çəkən Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuşdur. Daşnak qüvvələrinin təcavüzü nəticəsində bu qəzanın Şuşa ilə əlaqələri tamamilə, Cəbrayıl qəzası ilə qismən kəsilmişdi. Qəzanın müsəlman əhalisinin vəziyyəti bir də ona görə ağırlaşmışdı ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı bu qəzada general Andranikin erməni əsgərlərindən ibarət yaxşı təşkil olunmuş nizami qoşunları da var idi.
Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, 1918-1919-ci illərdə Sisyan mahalının birinci polis sahəsində olan bütün müsəlman kəndləri, ikinci polis sahəsində olan kəndlərin əksəriyyəti, üçüncü, dördüncü və beşinci polis sahəsindəki müsəlman kəndlərinin isə çox hissəsi məhv edilmişdi. Bəzi kəndlər ümumiyyətlə yer üzərindən silinmiş, həmin kəndlərin torpaqları ermənilər tərəfindən əkin yeri üçün şumlanmışdır. 50 mindən yuxarı müsəlman qaçqını qismən dördüncü polis sahəsində, qismən də Cəbrayıl qəzasında özlərinə sığınacaq tapmışdılar.
Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzərindən silindiyi qeyd olunur. Dağıdılmış bütün kəndlərin adları bu sənədlərdə sadalanır.
Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə görə, 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Nəticədə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 nəfər azərbaycanlı öldürülüb və ya şikəst edilmişdir. Məruzədə deyilirdi ki, bu dəhşətli rəqəmlər hələ erməni vəhşilikləri haqqında tam məlumat vermir. Belə ki, daha çox müsəlman erməni vəhşiliklərinin qurbanı olmuşdur. Ancaq o zamankı dəhşətli qarışıqlıq şəraitində onları tam şəkildə müəyyənləşdirmək mümkün olmamışdır.
Zəngəzur qəzasının 100-dən çox müsəlman kəndi dağıdılmış, on minlərlə davar və yüz minlərlə qaramal ermənilər tərəfindən sürülüb aparılmış, bağlar, taxıl zəmiləri və otlaq sahələri yandırılmış, dağıdılmış, bir sözlə qəzanın müsəlman əhalisinin iqtisadi vəziyyəti fəlakətli hala salınmışdı. Ermənilər tərəfindən qəzanın Azərbaycanın müxtəlif kəndlərinə qaçıb dağılmış əhalisinə 1 milyard manata yaxın maddi ziyan vurulmuşdur.
Ermənilərin Zəngəzurun müsəlman əhalisinə qarşı hücumları 1919-cu ilin dekabrından yenidən şiddətləndi. Noyabr ayında ermənilər müsəlmanlar yaşayan Oxçu, Atqız, Şabadan, Pirdavdan kəndlərinə qarşı geniş hərbi əməliyyata başladılar.
Erməni millətçilərinin azərbaycanlılara qarşı Zəngəzurdakı vəhşilikləri 1920-ci ilin əvvəllərində daha amansız bir şəkil aldı. Həmin ilin yanvarından Zəngəzurda baş verən bütün hadisələrin bilavasitə təşkilatçısı məhz Ararat Respublikasının özü idi. Burada da əsas məqsəd Zəngəzur qəzasını tamamilə müsəlmanlardan təmizləyərək Paris Sülh Konfransı dövlətlərinin əli ilə buranı Ermənistanın tərkibinə daxil etmək idi.
1918-ci ilin avqustunda İgdir və Eçmiədzin qəzalarında azərbaycanlıların qırğını Dronun rəhbərliyi altında həyata keçirilirdi. Onun göstərişi ilə bu regionda azərbaycanlıların 60-dan çox kəndi dağıdılmış, yandırılmış, əhalisinə qarşı ən sərt tədbirlər görülmüşdü. Çəmbərəkənd (Krasnaselo) rayonunun Ağbulaq, Ardanış, Bəriyabad, Qaraqaya, Əmirxeyir, Yanıqtəpə, Gölkənd (Qaraqoyunlu), Toğluca, Çaykənd, Cıvıxlı, Cil, Şorca və başqa kəndlərə hücum etmiş Andranikin quldur dəstəsi əhalini qırmış, kəndi dağıtmış, xalqın var-dövlətini talan edib aparmış, əhalinin bir qisminə ağır işgəncələr vermiş, qaça bilməyənləri, qocaları, qadın və uşaqları vəhşicəsinə qılıncdan keçirmişdir. Eçmiədzin rayonunda 1918-ci ildə azərbaycanlılar sayca üstünlük təşkil etsələr də, bu rayonun əksər kəndləri ermənilərin vəhşiliyinə, işgəncələrinə məruz qalmışdı. Rayonun Ayarlı kəndi 1918-ci ildə bütünlüklə soyqırıma məruz qalmışdır. Bu kənddə həmin vaxt 700-dən çox azərbaycanlı yaşayırdı. Onların əksəriyyəti işgəncələrlə qırılmış, salamat qalanlar isə didərgin düşmüş, dağlarda-daşlarda tələf olmuşlar.
İri azərbaycanlı kəndi olan Qarğabazarın 800 nəfərdən çox əhalisi erməni quldur dəstələri tərəfindən işgəncələrlə öldürülmüşdür. Bu kənd talan edilmiş, dağıdılmış, binaları yandırılmışdır.
Qəmərli kəndinin də başına eyni müsibətlər gətirilmişdir. Bu kənddə yaşayan 500 nəfərə yaxın azərbaycanlı əhali erməni silahlı dəstələri tərəfindən qırılmış, bir qismi isə doğma yurd-yuvasını tərk etməyə məcbur olmuşdur.
Eçmiədzin rayonunun Yuxarı Qarxun, Yuxarı Türkmənli, Kiçik Zeyvə, Kürəkənli, Məmmədabad, Molla Dursun, Hacı Qara, Hacılar, Haramlı və başqa kəndlərində yaşayan azərbaycanlıların böyük əksəriyyəti 1918-ci il qırğınlarında soyqırımına məruz qalaraq doğma yurdlarından başlarını götürərək qaçmışlar.
1918-ci ilin martına qədər İrəvan qəzasının 199 azərbaycanlı kəndi, 1919-cu ilin sentyabr ayına qədər isə Eçmiədzin qəzasına məxsus 62 azərbaycanlı kəndi bütünlüklə yerlə-yeksan edilmişdir. 1919-cu ilin axırında isə Zəngibasarın bir neçə kəndi istisna olunmaqla, İrəvan qəzasının, o cümlədən Vedibasarın bütün kəndləri məhv edilmiş, əhalisi vəhşicəsinə öldürülmüş, sağ qalanlar canlarını xilas edərək başqa yerlərə qaçmışlar. Əhali İran, Osmanlı və Azərbaycana pənah gətirmişlər.
İrəvan şəhərinin şimal - şərqində yerləşən Kotayk rayonu ərazisində də 1918-ci ildə erməni quldur dəstələri azərbaycanlılara qarşı geniş soyqırımı həyata keçirtdilər. 1918-ci ilin məlum hadisələrinə qədər bu rayonda yaşayan əhali arasında azərbaycanlılar üstünlük təşkil edirdi. Lakin həmin dövrdə rayonun Avdallar, Artiz, Aşağı Qaxt, Başkənd, Bozkosa, Qayaxaraba, Qaraçala, Qaraçörək, Qızqala, Qurbağalı, Damagirməz, Dəlləkli, Əkərək, Zər, Yelqovan, Yellicə, Kamal, Kənkan, Kərpicli, Küzəcik, Göykilsə, Güllücə, Nurnus, Tezxarab, Çobangərəkməz və s. kəndlərindən azərbaycanlı əhali böyük işgəncələrlə qovulmuşdur. Onların əksəriyyəti daşnak hökumətinin silahlı dəstələri tərəfindən öldürülmüşdür.
1920-ci ilin aprelində "Azərbaycan" qəzeti yazırdı: "Artıq Göyçə mahalında müsəlman qalmayıb. Hazırda Yeni Bəyazid qəzasında 84 müsəlman kəndi dağıdılmışdır, onlardan 22 kənd apreldə dağıdılmışdır. Daşkənd, Qoşabulaq, Sarıyaqub, Baş Şorca, Aşağı Şorca, Soğanqulu-ağalı, Ağkilsə, Zod, Qulu, Ağalı, Böyük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu, Zərzibil, Ədli, İnəkdağ, Qaraiman, Kəsəmən, Başkənd, Bala Məzrə, Şişqaya, Baş Hacı, Qəribqaya kəndlərinin 15 mindən artıq evi olan əhalisi bütün malı, dövləti başlı-başına buraxıb qaçmışdır. Bütün bu var-dövlət hazırda ermənilərə qalıb, qarət edilmiş əmlak bir neçə milyon və hətta milyardlar qədərdir". Andranikin quldur qoşununun və daşnakların 1918-1920-ci illərdə azərbaycanlılara qarşı apardıqları soyqırımı nəticəsində indiki Ermənistan ərazisində yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə qırılmış, yaxud öz dədə-baba torpaqlarından qovulmuş, didərgin salınmışdır. Erməni müəllifləri özləri bu faktı təsdiq edirlər. Tarixçi Z. Korkodyan "Sovet Ermənistanının əhalisi - 1831-1931-ci illər" kitabında faktı olduğu kimi göstərir ki, 1920-ci ildə Ermənistanda Sovet hökuməti qurularkən bu ərazidə 10 min nəfərdən bir qədər çox türk azərbaycanlı qalmışdı.
1918-ci ildə İrəvan quberniyasında 211, Qars vilayətində 92 azərbaycanlı kəndi dağıdılmış, yandırılmış və talan edilmişdi. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində (İrəvan) və onun çevrəsində 88 kənd dağılmış, 1920 ev yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdir. Erməni cəza dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən "türksüz Ermənistan" siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enmişdir.
1920-ci il aprelin 27-də XI Qırmızı ordunun Bakını, sonra isə Azərbaycanın bütün bölgələrini işğal etməsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü tədbirləri başa çatdırmağa imkan vermədi. Zəngəzur qəzası daxil olmaqla, həmin ərazilər Sovet Ermənistanına bağışlandı.
Beləliklə, 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən qətllər və kütləvi insan qırğını təsadüfi hadisə deyil, "Daşnaksutyun" partiyasının "Böyük Ermənistan" yaratmaq planını reallaşdırmaq yolunda atılan addım və soyqırımı siyasəti olmuşdur.

Anar İsgəndərov,
tarix elmləri doktoru, professor