İrəvan quberniyasında qırğınlar

Ermənilərin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdikləri vəhşiliklər, azərbaycanlı yaşayış məntəqələrinin silah gücünə darmadağın edilməsi barədə o dövrün arxiv sənədlərində və dövri mətbuatında kifayət qədər materiallar öz əksini tapmışdır.
1917-ci ilin noyabrında Rusiyada dövlət çevrilişindən sonra Şərqi Anadoludan və Qafqaz cəbhəsindən geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirən ermənilər türklərə və azərbaycanlılara qarşı soyqırımlar həyata keçirdilər. İrəvan quberniyasında azərbaycanlılara qarşı erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınların ilk mərhələsi 1918-ci ilin əvvəlindən başlamışdır. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımızı soyqırıma məruz qoymuşdu.
Türkiyə kəşfiyyatının 18 mart 1918-ci ildə Qafqaz cəbhəsindəki vəziyyətlə bağlı əldə etdiyi məlumatda bildirilirdi ki, ermənilərin Qafqazdakı silahlı qüvvələrinin tərkibi 50 min nəfərdən ibarətdir və bu qüvvələrin formalaşması üçün 20-yə qədər ingilis zabiti fəal surətdə məşğul olurlar .
1918-ci ilin aprelində Türk qoşunlarının Qarsı erməni işğalından azad etməsindən sonra Andranikin qoşunu geri çəkilərək Gümrü şəhərinə daxil olmuş, sonra isə Axılkələk istiqamətində hərəkət etmişdi. Həmin qoşun Ağbaba nahiyəsinin Arpaçay boyunca yerləşən Böyük Şiştəpə, İlanlı, Düzkənd, Qaranamaz, Təzəkənd kəndlərini viran etdikdən sonra qonşu Xocabəy (sonralar Boqdanovka rayonu) nahiyəsinin türk kəndlərini xaraba qoymuşdur. Axılkələkdə türk qoşunlarına məğlub olan Andranikin qoşunu may ayının 14-dən 18-dək İrəvan quberniyasına bitişik ərazilərdə Voronsovka (sonralar Kalinin rayonu) və Cəlaloğlu (sonralar Stepanavan rayonu) nahiyələrinin azərbaycanlı kəndlərini viran qoymuşdur. Mayın 21-22-də Voronsovka və Cəlaloğluda türk qoşunlarına məğlub olan Andranikin qoşunu Loru bölgəsindən Dilicana keçmiş, oradan Qaraqoyunlu dərəsi ilə irəliləyərək iyunun 12-də Göyçə gölünün sahilindəki Axta nahiyəsinin azərbaycanlı kəndlərini darmadağın etmiş və sonra Novo-Bəyazid (Kəvər) qəzasını, daha sonra isə Dərələyəz mahalının kəndlərini viran qoymuşdur. 1918-ci il iyunun 20-də Dərələyəz istiqamətindən Naxçıvana daxil olan Andranikin qoşunu orada da qırğınlar törədərək, Culfa istiqamətindən Cənubi Azərbaycana daxil olmuşdur. İyunun 24-də Xoy şəhərində soyqırım törədən Andranikin qoşunu Urmiya üzərinə hücum etmişdir. Aparılan tədqiqatlar göstərir ki, həmin dövrdə ermənilər türk qoşunları ilə qarşılaşmaqdan qorxaraq, yenidən Naxçıvana qayıtmış, avqustun əvvəlində Oxçu vadisi ilə Zəngəzura daxil olmuşdur. 1919-cu ilin aprel ayınadək Andranikin qoşunu Ərzurumdan Zəngəzuradək hərəkət trayektoriyası üzərində yerləşən 500-dən artıq türk-müsəlman yaşayış məntəqəsini viran qoymuşdur. Zəngəzuru ələ keçirməklə Andranik, Qərb dövlətlərinin Türkiyə ilə türk dünyasının əlaqəsini kəsmək niyyətlərini reallaşdırmış oldu. Sovet Rusiyası isə Zəngəzurun Ermənistana verilməsini rəsmiləşdirdi, Naxçıvan Azərbaycandan ayrı salındı.
Erməni silahlı dəstələri 1918-ci ilin Novruz bayramı günlərində İrəvan quberniyasının Pəmbək mahalının azərbaycanlılar yaşayan kəndlərinə basqınlar etmiş, əhalisini kütləvi qırğınlara məruz qoymuşdu. Pəmbək nahiyəsinin 9 kəndində 1000-dən çox soydaşımız vəhşicəsinə qətlə yetirilmişdi. Arcut kəndində 60 nəfər qətlə yetirilmiş, Vartanlı kəndində isə 13 yaşından yuxarı 411 kişini tövləyə dolduraraq yandırmışdılar. Həmin kənddən yalnız bir nəfər qaçaraq canını qurtara bilmişdi. Erməni silahlı dəstələri həmçinin 1918-ci ilin Novruz bayramı günlərində Əştərək yaxınlığındakı Gözəldərə kəndinə basqın etmiş, 600 nəfərdən çox sakini qətlə yetirmiş, bütün tikililəri yandırmışdılar. Həmin kənddən yalnız üç nəfər gənc qaçaraq canlarını qurtara bilmişdi.
Türkiyə arxivlərində saxlanılan sənədlərdə qeyd edilir ki, 1918-ci il aprelin 29-da Gümrüdən 500 araba ilə Axılkələyə aparılan 3000-ə qədər qadın, qoca, uşaq və kişi öldürülmüşdür.
Qaçqınlar problemi ilə məşğul olmaq üçün hələ 1918-ci ilin martında Cənubi Qafqaz Seymi nəzdindəki Müsəlman fraksiyasının qaçqınlar şöbəsi yaradılmışdı. Müsəlman fraksiyası Seym hökuməti qarşısında məsələ qaldırmış, İrəvan quberniyasında müsəlmanlara qarşı edilən qırğınlara son qoyulması məqsədilə nümayəndə heyəti göndərilmiş, araşdırmaların nəticələri Seymin iclasında müzakirə edilmiş, qaçqınların vəziyyətinin müəyyən dərəcədə yüngülləşməsinə nail olunmuşdusa da, qırğınları dayandırmaq mümkün olmamışdı.
İrəvan quberniyasında erməni vəhşiliklərinin qarşısını almaq məqsədilə İrəvan Müsəlman Milli Şurası yaradılmışdı. Milli Şuranın sədri Əli xan Makinski, katibi isə Cabbar Məmmədzadə idi. İrəvan Milli Şurasının ermənilərin törətdikləri qırğınlar barəsində Bəyaziddəki türk qoşunlarının komandanlığına göndərdiyi məktubda qeyd edilirdi ki, may ayına qədər iki yüz kənd məhv edilmiş, zülmdən qurtula bilənlər dağlara qaçmış, onların da bir qismi aclıqdan və soyuqdan ölmüşlər, İrəvan şəhərinin 18 min nəfərlik müsəlman əhalisi iki aydır ki, mühasirə altındadaır.
Bütün bu qırğınları ermənilər, Cənubi Qafqazda üç müstəqil dövlət yarananadək törətmişdilər. Müsəlman Milli Şurasının 1918-ci il mayın 29-da keçirilən iclasında İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsindən sonra vəziyyət daha da ağırlaşmışdı.
İyunun 4-də Türkiyə ilə Ermənistan arasında Batumda sülh və dostluq haqqında imzalanan müqaviləyə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 10 min kv.km təşkil edirdi. Bu respublikanın ərazisinə Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi. Lakin ermənilər bununla kifayətlənməyib, silah gücünə azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini davam etdirməklə yeni-yeni əraziləri ələ keçirirdilər.
Azərbaycan Milli Şurasının iyunun 13-də keçirilən iclasında ermənilərin müsəlmanlara qarşı törətdikləri qırğınlar barədə İrəvandan gələn həyəcanlı xəbərlər müzakirə edilmişdi. İrəvan quberniyası ərazisində ev-eşiklərindən didərgin salınan və ac-yalavac dolanan qaçqınların sayının 150 min nəfərə çatdığı, ermənilərin 206 kəndi dağıtdığı bildirilirdi. Milli Şura İrəvan quberniyasında qaçqınlara maddi yardım göstərilməsi üçün nümayəndə göndərməyi qərara almışdı. Azərbaycan hökumətinin 15 iyul 1918-ci il tarixli qərarı ilə Xarici İşlər Nazirliyinə tapşırılmışdı ki, bütün Cənubi Qafqazda ermənilərin müsəlmanlara və onların əmlakına qarşı törətdikləri zorakılıqları təhqiq etmək üçün Fövqəladə Təhqiqat Komissiyası yaratsın.
Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski Gürcüstandakı daimi nümayəndəyə 1918-ci il iyulun 28-də göndərdiyi teleqramda Novo-Bəyazid qəzasının azərbaycanlı kəndlərində ermənilərin törətdikləri vəhşiliklərlə bağlı Ermənistan hökumətinə etiraz göndərilməsini tapşırmışdı. Ermənistan hökuməti 1918-ci ilin sentyabr-oktyabr aylarında silahlı müdaxilə yolu ilə Yelizavetpol (Gəncə) qəzasının Novo-Bəyazid qəzasına bitişik 9-cu sahəni ələ keçirmək, orada Qarsdan və Gümrüdən olan qaçqınları məskunlaşdırmaq istəyirdi.
30 oktyabr 1918-ci ildə imzalanan Mudros sazişinə əsasən türk qoşunları 1914-cü il sərhədlərinə geri çəkilmək məcburiyyətində qalmışdı. Bundan sonra Ermənistan ordusu İrəvan quberniyasının və Qars vilayətinin ərazilərində türk-müsəlman əhalisini tamamilə məhv etməyə başlamışdır. 1918-ci ilin dekabrında türk qoşunlarının sonuncu hissələrinin İrəvan quberniyasını tərk etməsindən sonra yerli müsəlman əhalinin müdafiəsi yerli milli şuraların özünümüdafiə dəstələrinin ümidinə qalmışdı. Geri çəkilməzdən öncə türk ordusunun komandanlığı həmin özünümüdafiə dəstələrinin silah-sursatla təmin edilməsində əlindən gələn köməyi əsirgəməmişdi.
1919-cu il yanvar ayının əvvəlində Azərbaycan xarici işlər nazirinin müavini Adil xan Ziyadxanovun imzası ilə Ermənistanın xarici işlər nazirinə göndərilən notada qeyd edilirdi ki, İrəvan quberniyasında çoxsaylı erməni silahlı qüvvələri tərəfindən müsəlmanlar zorakılığa məruz qalır, şəhərlərdə və kəndlərdə onlar tərksilah edilir, öldürülür və qarət edilir, zor gücünə onları özlərinə tabe etdirməyə çalışırlar, təkcə ermənilərin təqibindən yaxa qurtarmaq üçün Araz çayını keçmək istəyərkən boğulanların sayı 300 nəfərə çatır.
İrəvan quberniyasından gələn xəbərlər o qədər ciddi və həyəcanlı idi ki, Azərbaycan parlamenti 8 yanvar 1919-cu il tarixli iclasında İrəvan quberniyası müsəlmanlarının əhvalı haqqında məsələ müzakirə etmişdi. Yanvar ayında İrəvan quberniyası müsəlmanlarının nümayəndələri adından Mir Hidayət Seyidovun Azərbaycan hökumətinin başçısına ünvanlanmış müraciətində isə qeyd edilirdi ki, Ermənistan hökuməti silah gücünə erməni qaçqınlarını müsəlmanların məskun olduqları ərazilərdə məskunlaşdırır, məqsəd ondan ibarətdir ki, mümkün olan qədər müsəlmanları məhv edərək bütün qəzalardan onları təmizləsinlər ki, Paris konfransında həmin ərazilərin ermənilərə məxsusluğunu sübut edə bilsinlər.
1919-cu il fevralın 24-də Azərbaycan xarici işlər nazirinin müavini A.Ziyadxanov ermənilərin Novo-Bəyazid qəzasında müsəlmanlara qarşı törətdikləri vəhşiliklər barəsində müttəfiq dövlətlərin birləşmiş qüvvələrinin komandanı general V.Tomsona məlumat vermişdi. Novo-Bəyazid qəzasının 26 azərbaycanlı kəndinin sakinlərinin 1919-cu il martın 29-da keçirdikləri icma yığıncağında Azərbaycan hökumətinə və xalqına qəbul olunmuş müraciətdə qeyd edilirdi: “Ararat Respublikasının qoşunları, erməni şovinist və quldur dəstələri tərəfindən dəfələrlə dinc müsəlman kəndlərinə hücumlar edilərək kəndlər dağıdılır, sakinlərin başlarına görünməmiş müsibətlər açılır və qeyri-insani hərəkətlərlə təhqir edilirlər. 270-dən çox müsəlman kəndi dağıdılmışdır ki, bundan başlıca məqsəd İrəvan quberniyasında qalan müsəlman əhalisini sıxışdırıb tamamilə qovmaqdan ibarətdir.
Azərbaycan xarici işlər nazirinin müavini A.Ziyadxanovun 17 iyun 1919-cu ildə Nəsib bəy Usubbəyova göndərdiyi məlumatda bildirilirdi ki, türk qoşunlarının təxliyyəsindən sonra əhalisinin demək olar ki, hamısının müsəlmanlardan ibarət olan İrəvan quberniyasının bir hissəsində Araz Respublikası (Araz-Türk Respublikası – N.M.) və onun müvəqqəti hökuməti yaradılmışdır. Müvəqqəti hökumətin qurulmasında məqsəd Ermənistanın iddia etdiyi həmin əraziyə erməni qoşunlarını buraxmamaqdan və ilk imkanda öz üzvi orqanizmi ilə - Azərbaycanla yenidən birləşməkdən ibarətdir. İyunun 21-də Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi Məhəmməd xan Təkinski xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi şifrəli teleqramda bildirirdi ki, Naxçıvan, Şərur, Vedibasar, Şahtaxtı rayonları erməni qoşunları tərəfindən tutulmuşdur və artıq orada erməni administrasiyası yaradılmışdır.
“Azərbaycan” qəzeti (rusca) 19 iyul tarixli sayında yazırdı ki, 1919-cu ilin yay ayları ərzində erməni quldur birləşmələri 300 azərbaycanlı kəndini yağmalamış və yandırmışlar. On minlərlə adam - kişilər, qadınlar və uşaqlar həlak edilmişdir.
Azərbaycan Parlamenti 17 iyul 1919-cu il tarixli iclasında Zəngəzur qəzasında və İrəvan quberniyasında qaçqınların vəziyyəti ilə bağlı məsələ müzakirə etmişdi. Bağır bəy Rzayev çıxış edərək bildirir ki, bir il əvvəl İrəvanda 22 min müsəlman yaşayırdı və əlavə edir ki, şəhərə tək-tək qayıdanlar evlərini və əşyalarını dağıdılmış görürlər. Qarabəy Qarabəyov deyir ki, müsəlman kəndlərindən müsəlmanları çıxarıblar, qəbiristanlıqların daşlarını belə çıxarıb, dağıtmışlar, məscidlərin qapısını, pəncərəsini çıxarıb aparıblar, damını uçurub orada rəzalətlər yapırlar. Sultan Məcid Qənizadə isə Ermənistan hökumətinin əsl simasını açaraq deyir: “Orada qardaşlarımızı kəsirlər, öldürürlər. Məqsədləri odur ki, müsəlmanlardan bir dənə qalmasın. Ata-baba yerlərindən tərk olsunlar”.
Avqustun əvvəlindən etibarən İqdır və Eçmiədzin qəzaları müsəlman kəndlərinin qırğınları başlanmışdı. Həmin bölgələrdə ermənilər 60 kəndi darmadağın etmişdilər.
Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.Təkinskinin 1 avqust 1919-cu ildə xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi teleqramda qeyd edirdi ki, erməni qoşunları iyulun 4-də Böyük Vediyə çatmışlar və danışıqlar zamanı ilk atəş ermənilər tərəfindən açılmış, Böyük Vedidən olan nümayəndələr Zeynalabdin Şıxəli oğlu və Nəsrulla bəy Bəşir bəy oğlu öldürülmüşdür. Bundan sonra Böyük Vedililər də atəş açmış, atışma axşamadək davam etmişdir. Axşamüstü ermənilər Böyük Vedi müsəlmanlarının hücumuna tab gətirməyərək döyüş meydanında pulemyotlar, mərmilər, palatkalar buraxaraq geri çəkilmişlər. Daha sonra M. Təkinski qeyd edir ki, Böyük Vedililər İrəvan quberniyasında 300-dən artıq müsəlman kəndinin ermənilər tərəfindən dağıdılmasını və on minlərlə kişilərin, qadınların və uşaqların öldürüldüklərini görüb mübarizə aparırlar.
Ermənistan ordusunun İrəvan quberniyasının azərbaycanlılar yaşayan bölgələrində silah gücünə həyata keçirdiyi etnik təmizləmə siyasətinə qarşı aparılan bütün diplomatik yazışmalar heç bir nəticə verməmişdi. Azərbaycanın xarici işlər naziri M.Y.Cəfərovun Ermənistandakı həmkarına 22 sentyabr 1919-cu ildə göndərdiyi notada 1918-ci ilin yanvarından etibarən ermənilərin İrəvan quberniyası ərazisində törətdikləri vəhşiliklər xronoloji ardıcıllıqla öz əksini tapmışdır. Notada qeyd edilirdi ki, 1918-ci ilin dekabrında İrəvan quberniyasından türklərin çəkilməsindən sonra Sasun polku İrəvan qəzasının Qaraxaç (Qaraarxac) və Vediçay kənd icmalarının müsəlmanlarını tərksilah etmiş, Qədili, Şahablı, Qraxaç, Dəhnəz, Qarabağlar, Ağasıbəyli və s kəndlərini darmadağın etmiş, demək olar ki, adları çəkilən kəndlərin sakinlərinin hamısını öldürmüşlər. Eyni aqibətlə Milli Dərəsi rayonunun bəzi kəndləri də üzləşmişlər. Daha sonra notada qeyd edilirdi ki, təqribən həmin vaxt erməni ordusu Novo-Bəyazid qəzasının Basarkeçər rayonunun kəndlərini mühasirəyə almış, Qızılvəng, Subatan, Zağalı kəndlərinin əhalisini qırmışdır... Şahab kəndində uşaqları təndirə atıb yandırmışlar.
Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinskinin 11 noyabr 1919-cu il tarixli məruzəsində Ermənistan hökumətinin əsl siması açılırdı: “1918-ci ilin fevralından davam edən qırğınlar nəticəsində yarım milyon əhali dilənçi vəziyyətinə düşüb. (Naxçıvan qəzasından, Şərur məntəqəsindən, Sürməli məntəqəsinin 2-3-cü polis sahələrindən və Zəngibasar rayonundan başqa). Həmin ərazilərdə müsəlman əhali hər şeyini itirib. Dağıntıya məruz qoyulan rayonlarda əhali 200 min nəfərdən artıqdır. Onlar xəstəlikdən və aclıqdan məhv olurlar, dəfələrlə talanlara və qırğınlara məruz qalıblar. Bu kateqoriyaya İrəvan şəhərinin müsəlmanları, Zəngibasarın Göykümbət, Arbat, Ağcaqışlaq və Çarbax kəndləri aiddir. Qəti demək olar ki, ölənlərin sayı 100-120 min nəfərdir. 50 min nəfər Azərbaycana qaçqın kimi gəlib. Təqribən bir o qədər İrəvanda, Zəngibasar rayonunda, Sürməli qəzasının 2 məntəqəsində və Eçmiədzində yaşayırlar. Qalan qaçqınlar Naxçıvan qəzasına, Şərur məntəqəsinə, Sürməli qəzasının 3-cü sahəsinə və Qars vilayətinin Qağızman dairəsinə sığınıblar. Bəziləri Maku xanlığına və Türkiyə ərazisinə köçüblər... İrəvan şəhərində aclıq keçirən əhalinin sayı 8 min nəfərdir”.
1919-cu il dekabrın 16-da Ermənistan Nazirlər Soveti Zəngibasara hücum məsələsini müzakirə edir. Dekabrın 21-də Ermənistan ordusu Zəngibasar rayonunun müsəlmanlarına qarşı hərbi əməliyyatlara başlayır. İrəvan quberniyasının Zəngibasar rayonunun müsəlmanlarının müvəkkillərinin 3 yanvar 1920-ci ildə Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinə göndərdikləri məktubda Müttəfiq Dövlətlərin Ali Komissarı ilə görüşə bilmədiklərindən, onların Zəngibasar müsəlmanlarının vəziyyətinə dair məruzələrini Ali Komissara çatdırmağı xahiş edirdilər. Onlar hər bir gecikilən saatın minlərlə müsəlman ailəsinin məhvinin demək olduğunu öz müraciətlərində ifadə edirdilər .
Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyindən Mir Mahmud Mirbabayev 25 yanvar 1920-ci ildə Azərbaycan XİN-ə göndərdiyi məxfi məktubunda göstərirdi ki, erməni silahlı birləşmələri Zəngəzuru müsəlmanlardan tamamilə təmizləməklə Paris Sülh Konfransını fakt qarşısında qoymaq istəyirlər. M.M.Mirbabayev sonra yazır ki, İran tərəfi ingilislər və ermənilərlə əlaqəyə girərək, böyük şirnikləndirici vədlər verməklə, naxçıvanlıları İrana köçürməyə təşviq edir ki, Naxçıvan zəifləsin və ermənilər oraya soxulmaq imkanı qazansınlar. Naxçıvan təşkilatının fəaliyyəti (Milli Şura və yaxud Araz-Türk hökuməti nəzərdə tutulur-N.M.) Böyük Vedi və Aralıq rayonlarını əhatə edir, Zəngibasarla əlaqə qurulub. Sürməli və Eçmiədzində törədilən qırğınlardan sonra Zəngibasar əhalisi silahlanmaq məcburiyyətində qalmış və hərbi təlimlər keçirmək üçün təlimatçılar dəvət etmişdir. M.M.Mirbabayev daha sonra yazır ki, Zəngibasarda 12 kənddə tamamilə müsəlmanlar yaşayırlar və İrəvandan 8-12 verst məsafədə yerləşirlər və bu kəndlərin bir ucu Araz çayına çatır.
Azərbaycan Parlamentinin 5 yanvar 1920-ci ildə keçirilən iclasında qaçqınların məsələsi müzakirə edilmiş, Ermənistandan 300 min qaçqının gəldiyi qeyd olunmuşdur.
Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyev martın 7-də Tiflis-İrəvan qatarında İrəvana gedərkən erməni quldurları onu silahla hədələyərək qarət etmiş, onun diplomatik missiya üçün apardığı 2 milyon Cənubi Qafqaz bonunu və 3,4 milyon Azərbaycan bonunu, 40 min manatlıq şəxsi vəsaitini əlindən alıb aparmışdılar. Ə.Haqverdiyev bu hadisədən bir müddət sonra Ermənistanda daimi nümayəndə vəzifəsindən istefa vermişdi. Martın 16-da onun yerinə Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinski təyin edilmişdi.
Azərbaycanda bolşeviklərin hakimiyyəti ələ almasından sonra yaranmış fürsətdən istifadə edən ermənilər azərbaycanlı yaşayış məntəqələrinə hərbi təcavüzü daha da genişləndirmişdilər. T.Makinski 2 may 1920-ci ildə yazdığı hesabatında fəaliyyətə başladığı gündən yüzlərlə soydaşımızın onun yanına gəlib ermənilərin onları məruz qoyduqları vəhşiliklərdən şikayətləndiklərini qeyd edir. O, yazırdı: “Ermənilər dinc əhalinin evlərinə hücum edib, çox zaman onları öldürür, həbs edir, əmlaklarını müsadirə edirlər. İndiyədək zorakılığa görə kimsə cəzalandırılmayıb. Martın 21-də müsəlman əhalinin vəziyyəti barədə Ermənistan XİN-ə məlumat vermişəm. Bundan bir neçə gün sonra Eçmiədzin qəzasının Təkiyə, Üşü, Nəzravan və digər kəndlərin darmadağın edilməsi barədə məlumat aldım... Martın 19-da erməni silahlı qüvvələrinin Vedibasara hücumu başlandı. Mən dəfələrlə bu barədə notalar verdim. Lakin nəticəsi olmadı. Əksinə, yenidən başladı. Bütün bunlar onu göstərir ki, Ermənistan hökumətindən müsəlman əhaliyə qarşı xoş münasibət gözləmək mümkün deyil”. T. Makinski həmçinin hesabatında diplomatik nümayəndəliyin əməkdaşlarının qarşılaşdıqları zorakılıqlardan da bəhs edirdi.
İyunun 15-də Ermənistan XİN Azərbaycanda bolşevik hakimiyyətinin qurulmasını səbəb göstərərək İrəvandakı diplomatik nümayəndəliyin fəaliyyətinə xitam verildiyini bildirir.
Ermənistan ordusunun Vedibasara 1919-cu ilin iyulunda ikinci hücumundan sonra Abbasqulu bəy Şadlinskinin başçılıq etdiyi “Qırmızı tabor” döyüşə-döyüşə İran sərhədinə çəkilmişdi və sağ qalan əhali də İrana keçmişdi. Bununla da ermənilər Vedibasarı tamamilə ələ keçirmişdilər.
Fransanın Qafqaz üzrə Ali Komissarı Damien de Martel tərəfindən 20 iyul 1920-ci ildə Fransanın Xarici İşlər Nazirliyinə göndərilən məktubda ermənilərin xalqımıza qarşı törətdiyi cinayətləri sübuta yetirən faktlar öz əksini tapmışdır. Hazırda Fransa XİN-in arxivində saxlanılan həmin məktubda Ali Komissar Ermənistanın paytaxtı İrəvan ətrafında yaşayan qadın və uşaqlar da daxil olmaqla, 4.000 azərbaycanlının 1920-ci ilin iyun ayında erməni ordusu tərəfindən necə kütləvi qırğına məruz qaldığı göstərilir. Həmin sənəddə erməni əsgərlər tərəfindən qadın və uşaqlar da daxil olmaqla 4.000 nəfərin Araz çayına tökülərək öldürüldüyü də xüsusilə qeyd edilir.
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli nümayəndəsinin Ermənistan XİN-ə göndərdiyi 5 iyul 1920-ci il tarixli teleqramda bildirilirdi ki, Ermənistanın hərbi hissələri Zəngibasarı darmadağın etdikdən və bölgəni müsəlman kəndlilərindən təmizlədikdən sonra Naxçıvan-Şərur rayonuna hücuma keçib. Həmçinin bildirilirdi ki, iyulun 5-də səhər saat 4-də Ermənistan hərbi hissələri Qazax qəzasına hücuma keçmişdir. Azərbaycan hökuməti bunu iyulun 2-də əldə edilmiş razılığın pozulması və Sovet Azərbaycanına qarşı açıq hücum kimi qiymətləndirmişdi .
Ermənilərin Zəngibasarda törətdikləri qırğınlar Türkiyə Böyük Millət Məclisinin də müzakirəsinə çıxarılmışdı. 1920-ci il avqustun 14-də Ərzurumdan olan millət vəkillərinin sorğusuna cavab olaraq Mustafa Kamal Atatürkün verdiyi izahatdan aydın olur ki, onun Ermənistanda soydaşlarımıza qarşı törədilən qırğınlar haqqında müfəssəl məlumatı olmuşdur. Atatürk ermənilərin hücumuna qarşı türk ordusunun bəzi önləmlər almaq məcburiyyətində qaldığını söyləyir və əlavə edir ki, Bəyazid istiqamətindən gərəkli qədər qüvvəni Zəngibasar Milli Şurasının silahlı qüvvələri daxilinə keçirmişlər. Arazın güneyinə çəkilmiş Milli Şura qüvvələri ilə Türkiyədən göndərilən qüvvələrin birləşməsindən sonra həm Zəngibasara, həm də Oltuya qarşı hücuma keçən erməni qüvvələri durdurulmuşdur.
Məhz türk ordusunun hərbi yardımı sayəsində Zəngibasar Milli Şurasının silahlı dəstələri bölgə əhalisinin bir qismini ermənilərin qırğınlarından xilas edə bilmişdi.
1916-cı ildə İrəvan quberniyasında 373.582 nəfər azərbaycanlı qeydə alındığı halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmisi 12 min nəfər azərbaycanlı qeydə alınmışdı. Ümumiyyətlə, təkcə 1905-1920-ci illərdə indiki Ermənistan ərazisində 500-ə yaxın azərbaycanlı kəndlərinin əhalisi soyqırıma məruz qoyulmuşdur. Etnik təmizləmə həyata keçirildkdən sonra həmin kəndlərin əksəriyyətində xaricdən gələn ermənilər məskunlaşdırılmışdır.
1918-1920-ci illərdə indiki Ermənistan ərazisində azəbaycanlıların yaşadıqları 130 kənd erməni silahlı dəstələri tərəfindən dağıdıldıqdan sonra həmişəlik olaraq xaraba qalmışdır.

Nazim Mustafa,
AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi