Ümumi məlumat

Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib hissəsi olan bu köçürülmə prosesi bütün XIX əsr boyunca davam etdirilmiş və nəticədə regionda demoqrafik vəziyyətə təsir göstərmişdir. Ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına səbəb olmuşdur.
“Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı dəhşətli terror və soyqırım həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar. Belə ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım və təcavüzkar siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər.
Hər zaman olduğu kimi XX əsrin 80-ci illərinin sonunda da Dağlıq Qarabağa dair ərazi iddiaları məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılmışdı. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, xaricdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə və hərtərəfli plan əsasında hazırlanmışdı. Sovet dövründə ermənilər tərəfindən mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar.
1988-ci il hadisələri başlayanda ilk vaxtlar erməni siyasətçiləri və onların mərkəzi ittifaqdakı himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndində və Yerevanda kütləvi mitinqlər təşkil edildi. Lakin baş verən sonrakı hadisələr DQMV-nin sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların mərkəzdəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olduğunu göstərdi.
Bununla yanaşı, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azəbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. Eyni zamanda, DQMV-nin idarə və müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa Sovet rəhbərliyinin fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin faktiki olaraq Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nin tərkibinə daxil oldu. DQMV ərazisində Azərbaycanın dövlət atributları (bayrağı, gerbi, himni və s.) dəyişdirildi və Ermənistanın bayrağı və gerbi qaldırıldı. Ermənistan rəhbərliyi və erməni millətçiləri mərkəzin bəzi dairələrinin köməyi ilə vilayətdə əsl mənada Dağlıq Qarabağın iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən mənimsənilməsi prosesi aparırdılar.
Təəssüf ki, hadisələrin başlanğıcında erməni millətçilərinin qarşısının alınmaması vəziyyəti get-gedə gərginləşdirirdi. Belə ki, Sovet rəhbərliyinin çox ciddi, bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxartdı ki, bununla da DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Nəticədə, minlərlə azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu. SSRİ-nin süqutundan sonra ermənilər artıq Azərbaycan hökumətinin nəzarət edə bilmədiyi vilayətdə Ermənistandan göndərilən silahlı dəstələr və hərbi texnikanın köməyi ilə azərbaycanlılara qarşı daha qanlı cinayətlər törətdilər.
1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Bu soyqırım nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaq idi. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdü.
Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1992-ci ilin əvvəllərindən başlayaraq daha çox beynəlxalq əhəmiyyətli problemə çevrildi. Belə ki, müstəqilliyini əldə edən Azərbaycan Respublikası ATƏM-in üzvü olduqdan sonra Dağlıq Qarabağ münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox müzakirə obyektində oldu.
ATƏM-in Xarici İşlər Nazirləri Şurasının martın 24-də keçirilən birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olundu və münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün ATƏM-in Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul edildi.
1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün yuxarı Qarabağ işğal edildi. Bu hadisə mütəmadi şəkildə BMT Nizamnaməsini və ATƏT-in prinsiplərini kobud şəkildə pozaraq Qarabağın dağlıq hissəsini zorla Ermənistana ilhaq etməyə çalışan təcavüzkar dövlətin beynəlxalq hüquq normaları ilə bir araya sığmayan və işğalçılıq siyasətinə sadiq qaldığını bir daha təsdiq etdi. Şuşanı ələ keçirməklə Ermənistan bu problemi yalnız hərbi-taktiki baxımdan həll etmiş oldu. Problemin siyasi həlli isə getdikcə dərinləşərək çətin məcraya salındı. Məhz Şuşanın işğalı sonralar digər Azərbaycan ərazilərinin itirilməsində əsas rol oynadı.
Azərbaycanın strateji əhəmiyyətli Şuşa şəhərinin işğalından sonra Ermənistan silahlı qüvvələrinin məqsədi işğal etdikləri Azərbaycan torpaqlarında möhkəmlənmək, Qarabağın dağlıq hissəsini Ermənistan Respublikasına birləşdirmək üçün onların arasında dəhliz açmaq idi. Az sonra ermənilər qısa müddət ərzində, yəni mayın 18-də Dağlıq Qarabağdan kənarda yerləşən qədim Azərbaycan şəhəri Laçını da zəbt etdilər. Beləliklə, “öz müqəddəratını təyin etmək” ideyasını reallaşdırmaq adı altında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə Ermənistan arasında “dəhliz” adlandırılan, əslində isə 1.875 km² ərazisi olan böyük bir ərazi – Laçın rayonu da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Laçının işğalı müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını və Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi.
Ermənilərin “humanitar dəhliz” adlandırdığı bu yol ilə Dağlıq Qarabağa külli miqdarda silah, döyüş sursatı və hərbi qüvvə gətirildi. Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması, hətta istəsəydi belə, kənardan çox böyük kömək olmadan Azərbaycan ərazilərini işğal edə bilməzdi. Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa və Laçının işğalı nəinki münaqişənin hərbi tərəfini, eyni zamanda onun mahiyyətini də dəyişərək yeni siyasi problem yaratdı və sülh missiyasını öz üzərinə götürmüş Minsk konfransının keçirilməsi yolunda maneəyə çevrildi.
Nəticədə, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il martın 27-dən aprelin 2-dək Azərbaycanın Kəlbəcər rayonunun işğalı münaqişənin artıq mahiyyətcə başqa səviyyəyə keçdiyini göstərdi. Yəni Ermənistan Respublikasının bu təcavüzü Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən ərazilərinin intensiv surətdə işğal edilməsinin yeni mərhələyə – işğalçılıq mərhələsinə keçməsinə sübut idi. Bundan sonra Ermənistan ordusu 1993-cü il ərzində Azərbaycanın Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrini də işğal etdi. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır.
Beləliklə, Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağ bölgəsinin (4,4 min km²) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bütün dövrlərdə olduğu kimi ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.
Ermənistanın Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali (ümumi əhalinin 15%-i) öz torpağından məcburən köçkün və qaçqın vəziyyətinə düşdü.
Eyni zamanda, dövlət terrorizmi və soyqırım siyasəti yeridən Ermənistan Respublikası tərəfindən 1988-1994-cü illərdə ümumilikdə, müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində) 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır.
Çox təəssüf ki, dünya birliyi Ermənistanın bu açıq-aşkar təcavüzkarlığına göz yumdu və təcavüzkarın qarşısının alınması üçün heç bir əməli tədbir görmədi. 1992-1993-cü illərdə münaqişəni nizama salmaq üçün BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı və Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri qəbul edilərkən Şuranın daimi üzvü olan böyük dövlətlər Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına razılıq verməyərək münaqişənin ATƏT-in Minsk prosesi çərçivəsində atəşkəs və danışıqlar yolu ilə həll olunmasına üstünlük verdilər. Cəzasız qaldığından ruhlanan və bundan istifadə edən Ermənistan tərəfi BMT TŞ-nin münaqişəyə dair qəbul etdiyi 4 qətnaməyə də məhəl qoymadı. ATƏM-in Minsk qrupunun bu illərdəki fəaliyyətinə nəzər salsaq, demək olar ki, onun BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yetirmək üçün hazırladığı “Təxirəsalınmaz tədbirlər cədvəli” heç bir təsir gücünə malik deyildi.
ATƏM-in başlıca çatışmazlıqlarından biri də məhz ATƏM çərçivəsində və onun himayəsi altında müqaviləni yerinə yetirməkdən imtina edən tərəfə qarşı sanksiya qəbuletmə mexanizminin olmaması idi. Minsk qrupu tərəfindən qəbul edilən sənədlər yalnız məsləhət və ya tövsiyə xarakteri daşıyırdı. Bununla yanaşı, ATƏM-də tətbiq olunan qarşılıqlı güzəşt prinsipi müqaviləni pozan tərəfə öz əməllərinə görə məsuliyyət daşımamaq imkanı verirdi.
Lakin torpaqlarına təcavüz olandan sonra da Azərbaycan bütün vasitəçilik missiyalarından imtina etməyərək, problemin ATƏM prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu bir daha nümayiş etdirdi. Münaqişənin dinc vasitələrlə nizama salınması üçün yaradılmış Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun üzvü olan böyük dövlətlərin mövqeyində də yekdil fikrin olmaması sülh prosesinin nəticəsiz qalmasına gətirib çıxartdı.
Yalnız 1993-cü ilin ikinci yarısından başlayaraq ümummilli lider Heydər Əliyev Azərbaycanın təhlükəsizlik problemlərini, xüsusilə, Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü məsələsini beynəlxalq aləmə çıxararaq regionda sülhün bərqərar olması üçün nüfuzlu beynəlxalq təşkilatların təsirini artırmağa çalışmışdır. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün Azərbaycan Prezidenti Heydər Əliyevin ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərdə, ATƏT-in Zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, eyni zamanda Ermənistan prezidenti ilə birbaşa danışıqlarda göstərdiyi səylər ümummilli liderin apardığı ardıcıl və məqsədyönlü siyasətin mühüm tərkib hissəsini təşkil etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanması məqsədi ilə məhz Azərbaycan Prezidenti Heydər Əliyevin prinsipial mövqeyi və diplomatik fəaliyyəti sayəsində 1994-cü ilin mayın 12-də atəşkəs haqqında razılıq əldə edildikdən sonra ATƏM-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı.
1994-cü ilin dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi” barədə qərar qəbul olundu. Qəbul edilən sənəddə münaqişə bölgəsində sabitliyin təmin edilməsi üçün ATƏM-in çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi haqqında maddə də öz əksini tapdı. Bundan başqa, Budapeştdə həmsədrlik institutu da təsis edildi. Minsk konfransına iki həmsədrin təyin edilməsi və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edildi. ATƏM-in (1995-ci il yanvarın 1-dən ATƏT) Minsk konfransında, o cümlədən Minsk qrupunda həmsədrlik Rusiya və Finlandiyaya (sonradan İsveç Finlandiyanı əvəz etdi) tapşırıldı.
1996-cı ilin dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında Azərbaycan Prezidenti Heydər Əliyevin diplomatik fəaliyyəti sayəsində münaqişənin həllinin beynəlxalq-hüquqi bazasını müəyyənləşdirən xüsusi bir sənəd qəbul edildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 3 əsas prinsipi özündə əks etdirən və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin Xarici işlər naziri Flavio Kottinin adından verilən bu bəyanat Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin Yekun sənədlərinə əlavə edildi.
ATƏT-in Lissabon Zirvə görüşündən sonra Rusiya ilə yanaşı, Fransa və ABŞ nümayəndələri də Minsk qrupunun həmsədrləri təyin olundu. 1997-1998-ci illərdə Minsk qrupunun həmsədrləri Lissabon prinsiplərinə əsaslanaraq iki hissədən ibarət – yəni Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 7 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqədar 3 təkliflə çıxış etmişlər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin “paket” (bu variantda Dağlıq Qarabağdan kənarda işğal edilmiş Azərbaycan rayonlarının azad edilməsi ilə yanaşı, Dağlıq Qarabağın statusu məsələsinə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu) həlli, 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin “mərhələli” (bu variantda isə münaqişənin mərhələlərlə – yəni ilkin mərhələdə Dağlıq Qarabağın hüdudlarından kənarda olan işğal edilmiş ərazilərin azad olunması, sonrakı mərhələdə isə Dağlıq Qarabağın statusu məsələsinin həlli nəzərdə tutulurdu) həllindən ibarət idi. Azərbaycan həmin planlarla tam razı olmasa da, həmsədrlərin bu iki təklifini qəbul etdiyi halda Ermənistan tərəfi qeyri-konstruktiv mövqedən çıxış edərək həmin təkliflərlə razılaşmadı.
1998-ci ilin noyabrın 9-da həmsədrlər beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qətiyyən qəbuledilməz olan və danışıqların davam etdirilməsinə imkan yaratmayan üçüncü təklifi irəli sürdülər. Bu təklif dünya praktikasında mövcud olmayan “ümumi dövlət” ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən süni “ümumi dövlət” təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşılması demək idi.
“Ümumi dövlət” prinsipi nizamasalma prosesinə ciddi maneə törətməklə yanaşı münaqişənin həlli yollarına dair tərəflərin mövqeyindəki ziddiyyətləri daha da dərinləşdirdi. Nəticədə, danışıqlar prosesində bir durğunluq yarandı və münaqişənin nizama salınması istiqamətində müsbət irəliləyiş əldə etmək mümkün olmadı. Həmsədrlər tərəfindən irəli sürülən və sonuncu olan “Ümumi dövlət” ideyası iflasa uğradıqdan sonra Minsk qrupu praktik olaraq dalana dayandı.
Münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlar prosesinə təkan vermək üçün 1999-cu il aprelin 26-da ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentləri arasında artıq yeni formatda birbaşa danışıqlara başlanıldı və ATƏT-in Minsk qrupu tərəfindən danışıqların bu formatı bəyənildi. Lakin bu görüşün nəticəsində də nizamasalma prosesində konkret irəliləyiş əldə edilmədi.
2001-ci ilin yanvarın 26-da Parisdə əvvəlcə Marini sarayında, martın 5-də isə Yelisey sarayında aparılan danışıqlar daha sonra aprelin 4-6-da ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam etdirildi. İki dövlətin prezidentləri arasında intensiv keçirilən və sonradan “Paris prinsipləri” adını almış bu danışıqlarda əvvəllər irəli sürülmüş 3 təklifin (“paket”, “mərhələli” və “ümumi dövlət”) tərəfləri qane edən məqamlarının ümumiləşdirilməsi nəzərdə tutulurdu.
Daha sonra 2002-ci ilin mart ayında ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfəri zamanı danışıqların Azərbaycan və Ermənistan prezidentlərinin şəxsi nümayəndələri səviyyəsində davam etdirilməsini təklif etdilər. Bu təklif hər iki dövlət tərəfindən qəbul edildi və danışıqlar bu formatda Praqada davam etdirildi. Mahiyyətcə “mərhələli həll” planını özündə əks etdirən Praqa formatının Azərbaycan tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan tərəfinin Dağlıq Qarabağın statusu məsələsini yenidən ilkin şərt kimi müzakirə olunmasını irəli sürməsindən sonra danışıqlar prosesi yenidən dalana dayandı.
Bu dövrdə, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar və qurumla qarşılıqlı əməkdaşlıq ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətlərindən birinə çevrilmişdir. Yalnız onu qeyd etmək kifayətdir ki, 1993-2003-cü illər ərzində Azərbaycanın dövlət başçısı Heydər Əliyev Ermənistan Prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 150-yə qədər görüş keçirmişdir.
2004-cü il aprelin 16-dan başlayaraq Praqada Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində danışıqlar yenidən bərpa olundu. Sonradan “Praqa prosesi” adlandırılan danışıqların bu mərhələsində 2005-ci ilin yayına qədər iki dövlətin xarici işlər nazirləri 11 görüş keçirərək münaqişənin nizama salınmasına dair sülh planının yeni variantının detallarını müzakirə etdilər.
Münaqişənin nizama salınmasına dair aparılan danışıqların “Praqa prosesi” adını almış variantının əsas elementləri ondan ibarət idi ki, burada nizamlanmanın “mərhələli həll” variantının detalları müzakirə obyektinə çevrilmişdi. 2004-2006-cı illərdə münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsi “Praqa prosesi”nin yenidən dalana dayanmasına və danışıqların nəticəsiz qalmasına gətirib çıxartdı.
2007-ci ilin noyabr ayında Minsk qrupu münaqişənin sülh yolu ilə həllini ehtiva edən və “Madrid prinsipləri” kimi tarixə düşən təkliflər hazırlayıb, sənədin birinci versiyası tərəflərə təqdim olunub. 2009-cu ilin sonunda isə Madrid sənədinin yenilənmiş layihəsi hazırlanıb və yenidən tərəflərə təqdim edilib. Lakin Ermənistanın destruktiv mövqeyi səbəbindən gözlənilən irəliləyiş əldə olunmayıb. Hər iki sənəd münaqişənin mərhələli şəkildə həll edilməsini nəzərdə tutub, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını, kommunikasiya xətlərinin bərpasını və digər elementləri ehtiva edib. Sonrakı görüşlərdə dövlət başçıları münaqişənin sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsi haqqında razılığa gəlib və problemin humanitar aspektlərinə xüsusi diqqət ayırıblar. Lakin danışıqlar prosesində intensivliyin artdığını və prosesin öz maraqlarına uyğun cərəyan etmədiyini görən Ermənistan hərbi təxribatlar yolu ilə danışıqları pozmağa çalışıb. Belə ki, Fransanın təşəbbüsü ilə 2014-cü il oktyabrın 27-də prezidentlərin Paris görüşündən sonra danışıqlar masasında olan konkret məsələləri müzakirə etmək əvəzinə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində 40.000 nəfərdən artıq şəxsi heyətin iştirakı ilə genişmiqyaslı hərbi təlim keçirib. Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində hücum xarakterli uçuşlar edərək təxribat törətməsindən sonra danışıqlar prosesinin intensivliyi aşağı düşüb və iki ölkə prezidentləri arasında görüş yalnız 2015-ci il dekabrın 19-da İsveçrənin Bern şəhərində bərpa edilib.
2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan yenə hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı ərazilərə, o cümlədən məktəblərə, xəstəxanalara və ibadət yerlərinə atəş zərbələri endirib. Ermənistanın hücumları nəticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla, 6 nəfər həlak olub, 33 nəfər isə ağır yaralanıb. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, əks-həmlə nəticəsində Füzuli, Cəbrayıl və keçmiş Ağdərə rayonunun işğal altında olan 2 min hektardan çox ərazisi azad edilib. Aprel hadisələri bir tərəfdən Azərbaycan Ordusunun gücünü göstərdisə, digər tərəfdən də status-kvonun saxlanmasının, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun münaqişə bölgəsində gərginliyin əsas səbəbi olduğunu və Azərbaycanın heç vaxt işğalla barışmayacağını növbəti dəfə nümayiş etdirib. Azərbaycan və Ermənistanın dövlət başçıları arasında 2008-ci il noyabrın 2-də Moskvada keçirilən görüşün sonunda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri tərəfindən Moskva Bəyannaməsi imzalanıb. Bəyannamədə münaqişənin siyasi vasitələrlə beynəlxalq hüququn normaları və prinsipləri əsasında və bu çərçivədə qəbul edilmiş sənədlərə və qərarlara əsasən həll edilməsi və bunun da öz növbəsində regionda hərtərəfli əməkdaşlığa şərait yaradacağı göstərilib. 2016-cı il ərzində Azərbaycan və Ermənistan prezidentləri arasında Vyana və Sankt-Peterburq görüşlərində substantiv müzakirələr aparılıb, lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən bu görüşlərdə də münaqişənin həllində irəliləyiş əldə olunmayıb. Ermənistan siyasi və hərbi təxribatlarını 2017-ci ildə də davam etdirib. İyun və iyul aylarında Azərbaycanın ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli istiqamətində səylərini artırdığı, beynəlxalq ictimaiyyətin substantiv danışıqlara ciddi çağırışları fonunda Ermənistan qoşunların təmas xətti boyunca vəziyyəti gərginləşdirməyə çalışıb. Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutub. Nəticədə, iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslər - 1966-cı il təvəllüdlü Sahibə Allahverdiyeva və onun nəvəsi, 2016-cı il təvəllüdlü Zəhra Quliyeva qətlə yetirilib. Ermənistanın mülki insanları və obyektləri qəsdən hədəfə alması beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanıb. Beynəlxalq ictimaiyyət bir daha əmin olub ki, Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil. Digər beynəlxalq təşkilatlar tərəfindən də Azərbaycanın münaqişə ilə bağlı beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan haqlı mövqeyini dəstəkləyən çoxsaylı sənədlər qəbul edilib.
Azərbaycanın münaqişənin sülh yolu ilə həlli istiqamətində ardıcıl şəkildə nümayiş etdirdiyi səylər Ermənistan tərəfindən, ümumiyyətlə, qiymətləndirilmədi. Əksinə, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə və işğalı genişləndirmək üçün fəaliyyətə başladı. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv siyasəti nəticəsində danışıqlar faktiki olaraq mənasız prosesə çevrildi və bu səbəbdən onun davam etdirilməsi mümkün olmadı.
Ermənistanın baş naziri Nikol Paşinyan 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” açıqlaması ilə çıxış etdi. Buna qədər Ermənistan hərbi işğal və anneksiya siyasətinin beynəlxalq siyasi-hüquqi və mənəvi məsuliyyətini dərk edərək işğalçılıq siyasətini pərdələməyə və onu Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etmək hüququ kimi göstərməyə çalışırdı. N.Paşinyanın bu bəyanatı Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunu aydın şəkildə göstərdi. Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırış ilə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atdı, beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizlik nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı N.Paşinyanın bu bəyanatına cavab verdi: “...bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
Həmçinin 2020-ci il fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələr baş tutdu. Azərbaycan Prezidenti müzakirələr zamanı Azərbaycanın münaqişə ilə bağlı haqlı mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı və Ermənistanın işğalçılıq siyasətini və saxta iddialarını tarixi faktlara və beynəlxalq hüquqa əsaslanaraq arqumentlərlə darmadağın etdi.
2020-ci ilin mart ayında Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil edilmiş qondarma “seçkilər” növbəti təxribat oldu. Həmin “seçkilər” əvvəlkilər kimi beynəlxalq ictimaiyyət, heç bir beynəlxalq təşkilat, dövlət tərəfindən tanınmadı, əksinə, kəskin şəkildə qınanıldı və rədd edildi.
Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən sülh prosesini pozmaq, işğalla bağlı mövcud status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaq üçün məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıtdı. 2020- ci ilin iyulunda Ermənistanın baş naziri N.Paşinyanın münaqişənin həlli ilə bağlı qəbuledilməz “yeddi şərti” irəli sürməsi işğalçı dövlətin əsl məqsədini açıq-aydın nümayiş etdirdi. Bununla əlaqədar Prezident İlham Əliyev bildirib: “Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.
2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi. Nəticədə içərisində yüksək rütbəli zabitlər olmaqla, bir qrup Azərbaycan hərbiçisi və bir nəfər mülki şəxs şəhid oldu. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək ona layiqli cavab verdi. Ermənistan hərbi dəstək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməklə məğlubiyyətini etiraf etdi. 2020-ci ilin avqust ayında Ermənistan növbəti hərbi təxribata əl ataraq, terror aktları törətmək məqsədilə Azərbaycana diversiya qrupu göndərdi. Lakin 2020-ci il avqustun 23-də həmin qrup zərərsizləşdirildi, onun rəhbəri saxlanıldı və beləliklə, növbəti təxribat planı baş tutmadı.
Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsi
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.
2020-ci il noyabrın 8-i isə Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirirdi.
Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Nəticədə, Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 22-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.
Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi.
Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilir.
Nəticədə, Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”.

Əhmədov Elçin. Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011).
Ensiklopedik nəşr.- Bakı, 2012.- s. 391-410.
Əhmədov Elçin. Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi Qələbəsini şərtləndirən amillər və diplomatik uğurlar AZƏRTAC https://static.president.az/upload/Files/2021/09/27/8t1e44sdhg_Qarabag_2021_AZE.pdf