Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında SSRİ Nazirlər Sovetinin qərarı
(23 dekabr 1947-ci il)

№ 4083
23 dekabr 1947-ci il. Moskva, Kreml

SSRİ Nazirlər Soveti qərara alır:
1. 1948-1950-ci illərdə Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına könüllülük əsasında 100 min kolxozçu və digər azərbaycanlı əhalisi, onlardan: 10 min nəfər 1948-ci ildə, 40 min nəfər 1949-cu ildə və 50 min nəfər 1950-ci ildə köçürülsün.
2. Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə bir vəzifə olaraq tapşırılsın:
a) kolxozçular və digər azərbaycanlı əhalisi arasında Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülənlərə dövlət tərəfindən təqdim edilən şəraitin və güzəştlərin izah edilməsini təşkil etsinlər;
b) köçürülən kolxozçularla onların getməsinə 10 gün qalmışdan gec olmayaraq işlənmiş əmək günləri üzrə kolxozların istehsal planlarında nəzərdə tutulmuş miqdarda tam hesablaşmanı təmin etsinlər;
c) köçürülənlərin şəxsi istifadəsində olan bütün əmlakın, mal-qaranın və quşların daşınmasını təmin etsinlər.
3. Nazirliklərin və idarələrin, təsisatların və müəssisələrin rəhbərlərinə bir vəzifə olaraq tapşırılsın ki, Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən şəxsləri işdən azad etsinlər.
4. Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən azərbaycanlı əhali üçün aşağıdakı imtiyazlar müəyyən edilsin:
a) köçürülmələrə dövlət hesabına ödənişsiz gediş, hər ailəyə 2 tona qədər miqdarda mal-qara və əmlak aparılması imkanı verilsin;
b) Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən kolxozçulara SSRİ MİK və Xalq Komissarlığı Sovetinin 17 noyabr 1937-ci il tarixli 115/2043 saylı: "Kənd təsərrüfatı köçürülməsi üzrə güzəştlər haqqında" qərarı, məcburi süd tədarükü üzrə güzəştlər istisna olmaqla, aid edilsin;
c) köçürülən ailələr gedərkən ailə başçısına 1000 manat və hər ailə üzvünə 300 manat miqdarında qaytarılmayan pul müavinəti verilsin;
d) Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülmüş ailələrə məskunlaşma yerlərində nağd hesabla ailə başçısına 1,5 sentner və hər ailə üzvünə 0,5 sentner ərzaq taxılı satılsın.
5. Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən azərbaycanlı əhaliyə çıxdıqları yerlərdə tədarük təşkilatlarına dəyişmə qəbzləri ilə kənd təsərrüfatı məhsullarını (taxıl, kartof), habelə karantin şərtlərinə görə aparılması qadağan olunan mal-qaranı məskunlaşdırıldıqları yerlərdə həmin miqdarda məhsul və mal-qara alınması hüquqi ilə təhvil verməyə icazə verilsin.
6. Kənd Təsərrüfatı Bankına tapşırılsın:
a) Azərbaycan SSRİ-in Kür-Araz ovalığına köçürülənlərin ehtiyacı olanlarına yaşayış evləri və həyətyanı binalar tikilməsi üçün alındıqdan üç il sonra başlayaraq 10 il müddətində qaytarılmaqla bir təsərrüfata 20 min manata qədər məbləğdə kredit versin;
b) ehtiyacı olan köçürülənlərə mal-qara almaq üçün hər ailəyə 3 min manat məbləğində 5 il müddətinə, alındıqdan üç il sonra ödəməyə başlamaqla uzunmüddətli borclar versin.
7. Yollar Nazirliyinə tapşırılsın:
a) Ermənistan SSR Nazirlər Sovetinin sifarişləri üzrə azərbaycanlı əhalinin, onların əmlakının və mal - qarasının Azərbaycan SSR-ə təchiz olunmuş və dezinfeksiya edilmiş vaqonlarda xüsusi tərtib edilmiş eşelonlarla daşınmasını təmin etsin;
b) köçürülənlərin çıxdıqları yerlərdə Yollar Nazirliyinin, Azərbaycan SSR Nazirlər Sovetinin və Ermənistan SSR Nazirlər Sovetinin təsdiq etdikləri qrafikə uyğun olaraq vaqonlar üçün ödəniş alınmadan yol idarəsi tərəfindən vaqonların verilməsini həyata keçirsin. Azərbaycanlı əhalinin daşınmasına görə pul hesablaşmaları dəmir yolu idarəsinin təqdim etdiyi hesablar üzrə aparılsın.
8. SSRİ Səhiyyə Nazirliyinə tapşırılsın ki, bütün köçürülənlərin çıxış yerlərində tibbi baxışdan keçirilməsini, habelə onların getdikləri yolda tibbi-sanitariya xidmətini təmin etsin. Eşelonların müşayiət edilməsi üçün şəxsi heyət və lazımi dərmanlar ayırsın.
9. SSRİ Maliyyə Nazirliyinə tapşırılsın ki, azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-ə köçürülməsinin təmin edilməsi üçün Azərbaycan SSR-n 1948-ci il üçün büdcəsində zəruri xərcləri nəzərdə tutsun.
10. Ermənistan SSR Nazirlər Sovetinə və Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılsın ki, bu Qərarı icra etmək məqsədilə bir ay müddətində Ermənistan SSR-dən köçürülən əhalinin köçürülməsi və Azərbaycan SSR - in Kür-Araz ovalığında yerləşdirilməsinin təmin edilməsi üzrə konkret tədbirlər işləyib hazırlasın və onlar barədə SSRİ Nazirlər Sovetinə məlumat versin.
11. Ermənistan SSR Nazirlər Sovetinə azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar olaraq onların azad olunmuş tikililərindən və yaşayış evlərindən Ermənistan SSR-ə gələn xarici ölkələrin ermənilərinin yerləşdirilməsi üçün istifadə etməsinə icazə verilsin.

SSRİ Nazirlər Sovetinin sədri        İ. Stalin.
SSRİ Nazirlər Sovetinin İşlər müdiri          A. Çadayev.