Ermənilər elə bir məxluqdurlar ki, onlar getdikləri yerlərdə əvvəlcə özlərini çox həlim, sakit, işgüzar, sözəbaxan, yolagedən göstərirlər. Lakin özlərinə yer edərək möhkəmləndikcə daxili sifətlərini bütün çılpaqlığı ilə nümayiş etdirməyə başlayırlar. Onların Bakı şəhərində məskunlaşmaları timsalında da bunun bariz ifadəsini görürük. Belə ki, 1810-cu il avqustun 2-də rus generalı Tormasovun Bakı, Quba və Dərbənd xanlıqları barədə həqiqi titulyar müşaviri Quryevə verdiyi məlumatda bildirilirdi ki, Bakı qalası və onun ətrafında yaşayan əhalinin sayı 2.235 nəfərdir ki, onlardan da 2.154 nəfəri müsəlman, 55 nəfəri erməni, 26 nəfəri isə yəhudidir. Bakının ətrafındakı 37 kənddə isə 5.387 nəfər yaşayır ki, onların da hamısı müsəlmanlardır.
Yenə həmin müəllifin kameral siyahıyaalma əsasında verdiyi məlumata görə 1816-cı ildə Bakıda (qala və bayır şəhərdə) 5270, 1860-cı ildə isə 11.570 azərbaycanlı var idi. Müvafiq illərdə ermənilərin sayı isə 238 və 655 olmuşdur. Onların da əksəriyyəti Rusiya istilasından sonra buraya köçürülmüş ermənilər idi.
1905-ci il fevralın əvvəllərində Bakı şəhəri və quberniyasında baş vermiş ilk erməni-azərbaycanlı qırğınını təhqiq edən senator Kuzminskinin hesabatında Bakıya ermənilərin nə vaxt gəlməsi və yerləşdirilməsi barədə ətraflı məlumat verilir. О, yazırdı: “Müsəlmanlar Bakı şəhərinin aborigen sakinləri, ermənilər isə buraya sonradan, xüsusilə neft sənayesinin intensiv inkişafından, yəni təxminən 70-ci illərin əvvəllərindən gəlməyə başlamışlar. Onların kütləvi axını isə son 10-15 il ərzində xüsusilə artmışdır və hazırda onlar şəhər əhalisinin 18%-ni təşkil edirlər”.
Kuzminskinin hesabatında göstərilirdi ki, Bakıya axışan ermənilər tez bir zamanda neft sənayesi, ticarət və bank işi sahəsində üstünlüyü ələ keçirmişlər. Qısa vaxt ərzində iri kapitalistlərə çevrilən ermənilər bu sahədə hakim mövqe tutdular.
XX əsrin əvvəllərində Bakıda neft sənayesinin sürətlə inkişafı, fəhlələrin sayının eyni sürətlə artması ilə əlaqədar olaraq burada rus sosial-demokrat və sosial-inqilabçıları ilə yanaşı, ermənilərin də bu yönlü “Hnçak” və “Daşnaksutyun”dan ibarət sosial-demokrat və sosial-inqilabçı fəhlə partiyaları da yarandı. Bu partiyalar bir-birlərindən təkcə proqramları ilə deyil, һәm də yaranma tarixləri və hərəkət üsulları ilə də fərqlənirdilər.
Hesabatda göstərilirdi ki, “Daşnaksutyun” xadimləri xalq arasında fəal təbliğat aparır, onları imkanları daxilində silahlandırır, döyüşçü drujinaları yaradaraq onları “Türkiyəyə göndərir və dəfələrlə orada döyüş əməliyyatları keçirmişlər”.
Kuzminski qeyd edirdi ki, “Daşnaksutyun” partiyası öz fəaliyyət dairəsini genişləndirdikcə, əvvəllər yalnız Osmanlı imperiyasına qarşı həyata keçirdiyi fəaliyyətini sonralar Rusiyaya və rus hakimiyyətinə qarşı da yönəltmişdir.
Belə ki, 1903-cü il iyunun 12-də Eçmiədzin kilsəsinə məxsus əmlakın müsadirəsinə dair çar fərmanı kilsə xadimləri və daşnakların millətçilik ruhunda təbliğatı üçün göydəndüşmə bəhanə oldu. Çar fərmanında kilsə əmlakı və kapitalından gələn gəlirin kilsənin ehtiyacları üçün lazım olan hissəsindən başqa qalan hissəsinə dövlətin nəzarət edəcəyi barədəki göstərişi əsrlər boyu Eçmiədzin kilsəsinin bütün sərvətini və əmlakını istədikləri kimi istifadə etmiş erməni ruhaniləri tərəfindən qəzəb və hiddətlə qarşılandı.
Cənubi Qafqazın bir sıra şəhərlərində kilsə əmlakının qəbulu işi böyük qalmaqalla nəticələndi və hökumətin, hətta silahlı qüvvədən belə istifadə etməsinə səbəb oldu. Bakıda erməni kilsəsindəki əmlakın qəbulu 1903-cü il sentyabrın 2-nә təyin olunmuşdu. Həmin gün şəhərdəki ermənilər öz kilsələrinə toplaşmağa başladılar və günortaya yaxın toplaşmış güruhun sayı 2-3 min nəfərə çataraq təkcə kilsənin həyətini deyil, onun ətrafındakı küçələri də tuturdu. Polisin küçələrdən çəkilmək barəsindəki təklifi rişxənd və güc tətbiqi ilə müşayiət olunan müqavimət göstərilməsilə qarşılandı. Ordu çağrıldı, əsgərlər atəş açmağa məcbur oldular. Nəticədə 5 nəfər öldü, 11 nəfər yaralandı.
Kuzminski öz hesabatında qeyd edirdi ki, Bakı quberniyası statistika komitəsinin məlumatına görə, 1905-ci il yanvarın l-nə olan məlumata görə Bakı quberniyasının əhalisi 1.057 min nəfər olmuşdur ki, onların 800 min nəfəri, yaxud dörddə-üçündən çoxu müsəlmanlar, 12%-i rus, 9%-i erməni və 3%-i isə başqa millətlərin nümayəndələri idi.
Hesabatda göstərilirdi ki, quberniyanın şəhərlərində müsəlmanların sayı kəndlərə nisbətən azlıq təşkil edir. Belə ki, quberniyanın şəhər əhalisinin yalnız 50%-ni müsəlmanlar, qalan şəhər əhalisinin 24%-ni ruslar, 18%-ni ermənilər və 8%-ə qədərini isə başqa millətlərin nümayəndələri təşkil edirdi. Qısa vaxtda Bakıda öz saylarını şəhərin bütün əhalisinin 18%-nə çatdıran ermənilər, burada yaranmış inqilabi şəraitdən məharətlə istifadə etdilər. Neft sahibkarlarının arasında ermənilərin sayının artması ilə yanaşı, Bakı neft sənayesində işləyən erməni fəhlələrinin də sayı sürətlə çoxalırdı. “Daşnaksutyun” əvvəllər öz fəaliyyətini yalnız Osmanlı imperiyasına qarşı yönəltdiyi halda, indi Rus çarizminə qarşı da çevirmişdi.
Maraqlıdır ki, “Daşnaksutyun” partiyasının rəhbərləri öz planlarını yerinə yetirmək üçün bütün vasitələrə əl atırdılar. Hətta öz ermənilərindən də külli miqdarda vəsait tələb edir, verməyənləri isə fiziki cəhətdən məhv edirdilər.
Polisin məlumatına görə, Bakıda 1905-ci il erməni-müsəlman qırğını bu cür başlamışdı. 1905-ci il fevralın 6-da Bakının mərkəzindəki erməni kilsəsində ibadət qurtardıqdan sonra ermənilər kilsədən çıxıb onun ətrafında toplaşmışdılar. Bu vaxt atəş səsi eşidilmişdi. Yaxında olan polis nəfəri atəş səsi gələn tərəfə gedərkən görmüşdü ki, bir neçə erməni Ağarza Babayev adlı bir nəfər azərbaycanlını tutub, guya hansısa erməni əsgərinə atəş açdığı üçün, onu polisə vermək istəyirlər. Polis onu faytona mindirib, protokol tərtib etmək üçün polis məntəqəsinə aparmaq istəmişdir. Fayton bir neçə sajen getdikdən sonra orada olan ermənilərdən biri tərəfindən tapança ilə A. Babayevə atəş açılmış, A. Babayev faytondan düşərək qaçmışdı. Parapetdə çatan ermənilər ona bir neçə dəfə atəş açmaqla və soyuq silahla onu qətlə yetirmiş, özləri isə qaçaraq aradan çıxmışdılar. Bir neçə dəqiqədən sonra Tatarski (indiki Ə.M.Topçubaşov -A.P.) küçəsində azərbaycanlılar bir ermənini öldürmüşlər. Bundan 2-3 saat sonra Bakının hər yerində atışma başlanmış və beləliklә, təkcə Bakını deyil, bütün Cənubi Qafqazı bürüyən, minlərlə adamın həyatına son qoyan, təxminən iki ilə yaxın insanları böyük məşəqqətlərə və məhrumiyyətlərə düçar edən geniş miqyasda erməni-azərbaycanlı qırğını başlamışdı.
Maraqlıdır ki, müvəqqəti general-qubernator dəftərxanasının verdiyi başqa bir məlumatda ermənilərin qətlə yetirdiyi A. Babayevlə bir yerdə gedən Kərbalayı Vahab Abdulbağı oğlu və Hacı Rizvan Babayev (öldürülənin əmisi) bildirirlər ki, onların üçü də birlikdə erməni kilsəsinin yanından keçirmişlər. Bu vaxt atəş səsi eşidilmiş və onlar əsgər şineli geymiş bir erməninin başı üzərində tüstü görmüşlər. Onlar hesab edirlər ki, atəş açan həmin ermənidir. Ermənilər isə iddia edirlər ki, guya həmin erməni əsgərinə atəş açılıb. Ancaq polis onun şəxsiyyətini “aydınlaşdıra bilməmişdi”. Bu atəşdən sonra erməni güruhu A. Babayevi mühasirəyə almış, polis nəzarətçisi Adolf hadisə yerinə çatdıqda, ermənilər ona sübut etməyə çalışmışlar ki, guya A. Babayev erməni əsgərinə atəş açıb və indi onlar özləri günahkarla haqq-hesab çəkməlidirlər. Adolf adamları sakitləşdirməyə müvəffəq olmuş və A. Babayevi faytona mindirərək polis məntəqəsinə aparmaq istəmişdir. Bu vaxt erməni güruhu yenidən həyəcana gəlib faytona atəş açmışdır. A. Babayev faytondan düşüb qaçmağa başlamış, ermənilər isə onu tutub öldürmüşlər. Adolf tərəfindən A. Babayevin “Smitta” və “Vesonna” sistemli tapançası götürülmüş, şahidlərin ifadəsi və ekspertiza sübut etmişdir ki, hadisə zamanı həmin tapançadan atəş açılmamışdır. Həmişə olduğu kimi, A. Babayevi öldürməkdə günahkar sayılan erməni qatilləri isə tapılmamışdır.
Müvəqqəti Bakı general qubernatoru dəftərxanasının məlumatından da göründüyü kimi, ermənilərin törətdikləri bu hadisələrin əsas təşkilatçısı “Daşnaksütyun” partiyasının mərkəzi komitəsi və onun qərarları idi. Məqsəd isə erməni zinvoru (silahlısı) tərəfindən törədilən bu fıtnəkar xarakterli atəşin günahını A.Babayevin üzərinə yıxmaq idi. Bu, ermənilərin ilk və yeganə hiyləgərlikləri deyildi. Onlar hələ XIX əsrin sonlarında Türkiyədə törətdikləri cinayətlərdə də bu üsuldan məharətlə istifadə etmişdilər.
Bakıda 1905-ci il fevralın 6-9-da baş vermiş erməni-azərbaycanlı qırğını barədə Bakı qubernatoru knyaz M.A.Nakaşidze həmin il fevralın 25-də Qafqaz canişini və Rusiya Daxili İşlər Nazirliyi üçün geniş məruzə hazırlamışdır.
Göstərilən məruzədə qubernator 1905-ci il fevralın 6-9-da Bakıda baş vermiş qanlı hadisələr başlayandan sonuna qədər ona qarşı şəhərin idarə orqanlarının əlində olan vasitələr, inzibati idarə orqanlarının iğtişaşı yatırmaq üçün gördüyü tədbirlər və qanlı hadisələrlə bağlı şəhərdə yayılmış şayiələr haqqında məlumat verirdi.
Məruzədə göstərilirdi ki, fevralın 6-da gündüz saat 12 radələrində şəhərin mərkəzində, erməni kilsəsinin yanında, «Parapet» deyilən yerdə varlı, nüfuzlu və şəhərdə çoxlu qohum-əqrəbası olan, Sabunçu kəndinin sakini və daim Bakıda yaşayan Ağarza Babayev ermənilər tərəfindən qətlə yetirilib. Müayinə edilərkən mərhumun bədənində həm odlu, һәm də soyuq silahların izi olmuşdur. Bütün şəhərə səs yayılmışdır ki, Ağarzanın meyiti təhqir olunmuş, ona 200-ə yaxın yara vurulmuşdur. Ermənilərin bu hərəkəti azərbaycanlıları һәуəсаnа gətirib. Bu xəbəri eşidərək, həmin günün axşamı Ağarzanın şəhərə gələn qohumları onun həqiqi qatillərini tapa bilmədikləri üçün qarşılarına çıxan erməniləri qətlə yetirmәуә başlayıblar.
General M.Nakaşidzenin məruzəsində fevralın 7-9-da Bakıda bu hadisələr zamanı tam olmayan məlumata görə, 231 nəfərin öldüyü və 179 nəfərin yaralandığı qeyd olunurdu. Onlardan 193 nəfər ölən və 67 nəfər yaralanan ermənilər olmuşdur. Məruzədə göstərilirdi ki, itki göstəriləndən daha çoxdur. Gizlədilən ölülərin əksəriyyəti müsəlmanlara aid idi. Çünki onlar ölülərini və yaralılarını tez götürüb gizlədirdilər ki, ölülərini yarmasınlar.
Həmin vərəqəyə edilmiş əlavədə isə qeyd olunurdu ki, dəqiqləşdirilmiş son məlumata görə ölənlərin sayı 249 nəfər olmuşdur ki, onlardan da 201 nəfəri erməni, 40 nəfəri azərbaycanlı, 8 nəfəri isə başqa millətlərin nümayəndələri idilər .
Bu hadisələr zamanı şəhərdə demək olar ki, həyat dayanmışdır. Bütün dükanlar, klublar, tədris müəssisələri bağlanmış, fayton və konkalar işləmirdi.
Məruzədə göstərilirdi ki, qubernatorun şəxsən iştiraki ilə hər iki xalqın nümayəndələrinin fevralın 9-da Bakı küçələrini dolaşıb sülhə çağırışından sonra həmin gün şəhərdə qırğın dayandırıldı. Bundan sonra şəhərdə ermənilər tərəfındən şayiə yayıldı ki, guya şəhər rəhbərliyi və polis özləri bilərəkdən azərbaycanlıları ermənilərin üzərinə qaldırıbmış. Hətta guya azərbaycanlılara 1500 ədəd silah, patrondaş da paylanıb. Guya bu plan Peterburqda daxili işlər naziri knyaz Qolitsın və Bakı qubernatoru M.Nakaşidze tərəfindən 1904-cü ilin dekabrında hazırlanıbmış. Guya ermənilərin üzərinə hücumda azərbaycanlılarla yanaşı, paltarlarını azərbaycanlı geyimləri ilə dəyişmiş kazaklar da iştirak etmişdilər.
Qubernatorun məruzəsində göstərilirdi ki, ermənilər çar hakimiyyət orqanlarının məmurlarını terrorla hədələyərək özlərinə xidmət etməyə cəlb edirmişlər. O, yazırdı: “...guya bu hadisələr zamanı yazıq ermənilər inzibati idarələrin və başqalarının bəd niyyətlərinin günahsız qurbanlarına çevrilmişlər”.
Qubernator yazırdı: “Hazırda bu şayiələrin kimlər tərəfindən və nə məqsədlə buraxıldığı barədə söz deməkdən çəkinirəm. Bircə onu demək istəyirəm ki, şərəfsiz insanlar öz məqsədlərinə çatdılar. Öz rəzil şayiələrini şifahi və mətbuat vasitəsilə bütün dünyaya yaydılar və erməni əhalisini о dərəcədə qulluqçu və inzibati idarə aparatlarına qarşı qoydular ki, onların hər biri özünü daim təhlükədə hiss etsin”.
1905-ci il mayın 11-də qubernator M.Nakaşidze şəhərin mərkəzində erməni terrorçusu Dronun atdığı bomba ilə qətlə yetirilmişdi. Bununla əlaqədar “Hnçak” partiyası agentlərinin yaydığı vərəqədə M.Nakaşidze və başqalarının qətlə yetirilməsinin səbəbi onların “erməni xalqının qatilləri” olmaları ilə izah edilmişdi.
M.Nakaşidze qətlə yetirildiyi gün vitse-qubernator P.A.Liliyev Bakının müvəqqəti general-qubernatoruna məktub yazaraq Bakı qubernatoru vəzifəsinin icrasına başladığını bildirir.
General-leytenant S.A.Fadeyev 1905-ci il avqustun əvvəllərində Bakının müvəqqəti general qubernatoru vəzifəsində knyaz İ.Amilaxorini əvəz edir.
1905-ci ildə Bakıda ikinci dəfə erməni-müsəlman qırğını həmin il avqustun 20-dən qızışaraq, sentyabrın ortalarına qədər davam etdi. Bakı polismeysteri həmin il avqustun 28-də müvəqqəti Bakı general qubernatoruna raportunda bu haqda geniş məlumat vermişdi.
Raportda deyilirdi: ”Hamıya məlumdur ki, artıq çoxdandır Qafqazda erməni xalqının separatçılıq hərəkəti məqsədilə erməni inqilab komitəsi fəaliyyət göstərir və bu hərəkata əsasən millətin ziyalıları və fəhlələri rəhbərlik edirlər. Onlar hökumət əleyhinə bəyannamələr buraxaraq, orada Qafqazdakı bütün xalqları hökumətə qarşı mübarizədə birləşməyə çağırırlar. Bu komitə hökumətə qarşı nümayişlərin, tətillərin, polisə və orduya qarşı silahlı müqavimətin təşkilatçısıdır. Bu cür hərəkatın qurbanları çoxlu yüksək rütbəli inzibati idarə işçiləri, Bakı qubernatoru knyaz Nakaşidze, Yelizavetpol vitse-qubernatoru, mülki müşavir Andreyev və bir çox başqaları olmuşlar.” Əslində isə bu hərəkətlərində ermənilər özlərinin müstəsna olaraq milli separatçılıq niyyətlərini, erməni xalqının müstəqilliyi ideyasını güdürdülər. Məlumdur ki, ermənilər yüksək dərəcədə diribaş və tədbirlidirlər; buna görə də tez bir zamanda burada yerli sakinləri işdən kənarlaşdıraraq, şəhərdə ticarət və sənayeni öz əllərinə keçirmişdilər.
Raportda sonra göstərilirdi ki, həqiqətən də neft çıxarılması, neft istehsalı və onun satışı ilə məşğul olan müəssisələrin çox hissəsi, hətta İranla neft ticarəti belə ermənilərin əlindədir. Onlar öz aralarında bir-birləri ilə çox mehriban, birgə fəaliyyət göstərirlər. Müsəlmanlara isə yalnız gəlmə, yadelli ermənilərə həsəd aparmaq qalır. Ona görə də, təbiidir ki, bu iki millət arasında düşmənçilik var.
Raportda qeyd olunurdu ki, fevral hadisələrindən sonra azərbaycanlıların ermənilərə, ermənilərin isə azərbaycanlılara qarşı nifrətləri, kinləri о qədər artmışdı ki, yeni-yeni toqquşmaları hər dəqiqə gözləmək olardı. İnzibati tədbirlər bu toqquşmanı yalnız müvəqqəti olaraq dayandıra bilərdi. Ən adi bir bəhanə bu qırğının yenidən başlanmasına səbəb ola bilərdi. Belə bir bəhanə isə 1905-ci il avqustun 20-də, saat 5-də baş verdi. Polismeyster yazırdı ki, ayın 20-də gündüz saat 5-də Parapetdə erməni kilsəsinin yanında naməlum şəxs tərəfındən atəş açılmışdı. Bir neçə dəqiqədən sonra 4-cü polis sahəsi rayonunda balkonlardan, рəncərə və erməni evlərinin damlarından tüfəng və tapançalardan küçədən keçən müsəlmanlara atəşlər açıldı. Həmin sahənin nisbətən uzaq küçələrində ermənilər azərbaycanlı məhəllələrinə və dükanlarına hücum edir, onları öldürür, dükanlarını qarət edirdilər. Həmin dəqiqədən bütün şəhərdə tüfəng və tapançalardan atəşlər açılmağa başladı. Özü də ermənilər, demək olar ki, yalnız evlərdən, balkonlardan, рəncərə və damlardan atəş açırdılar. Müsəlmanlar isə bir neçə nəfərdən ibarət qruplarla küçədən keçən ermənilərə və atəş açılan evlərə cavab atəşi açırdılar.
Bakı polismeysterinin raportundan da göründüyü kimi 1905-ci ilin avqustunda da fevral ayında olduğu kimi törədilən qırğının səbəbkarı yenə də ermənilər olmuşlar. Özü də onlar ayrı-ayrı evlərdən atəş açır, polis işçiləri həmin evə gəldikdə, qaçıb gizlənirdilər. Raportda deyilirdi: “4-cü polis sahəsində azərbaycanlı dükanını qarət edən 18 erməni cinayət başında yaxalanmışdır. Günahkarlar istintaq orqanlarına təhvil verilmişdir. Küçədən keçən müsəlmanlara intensiv şəkildə atəş açılan 18 evin siyahisi da qeydiyyata götürülmüşdür”.
Siyahıda həmin evlərin sahiblərinin adları da göstərilmişdi. Onların arasında erməni kilsə xadiminin evidə göstərilirdi ki, buradan hətta polis işçilərinə və hərbi patrullara belə atəş açılmışdır.
Bakı şəhəri polismeysterinin 1905-ci il oktyabrın 11-də müvəqqəti general-qubernatora göndərdiyi digər raportda avqust hadisələri zamanı evlərin damından, balkonlarından, qapı və pəncərələrdən keçənlərə atəş açılmış 49 erməni evinin ünvanı və sahiblərinin adı da göstərilmiş siyahı təqdim edilmişdir.
Raportda göstərilirdi ki, Qeodakovun evində Dağıstan polkunun unter zabiti Tkaçenko, başqa əsgərlərlə birlikdə, рənсərə və balkondan atəş açan 47 erməni həbs edilmiş, onlardan bir neçə tapança və çoxlu patron tapılmışdır. Adamovun Merkuri küçəsindəki evində yerləşən Sərkisov qardaşlarının, Mirzoyantsın və Barutsevin mağazalarının qapılarından və “Sasun” ayaqqabı təmiri emalatxanasından güclü atəş açılırmış, Böyük dəniz küçəsində əlindəki tapançadan keçənlərə atəş açan erməni saxlanılmışdı. O, buraxılması üçün qorodovoy Sidor Kiryuşkinə 10 rubl rüşvət təklif etmişdir. Lakin qorodovoy pula aldanmayıb һәm erməninin özünü, həm də onun təklif etdiyi 10 rublu polis məntəqəsinə təhvil vermişdi. Mailovun dəniz sahilindəki evindən, Adamyanın evindən atəş açan 9 nəfər erməni həbs edilərək istintaq orqanlarına təhvil verilmişdir. Göründüyü kimi, varlı ermənilərin evlərində arxayınlıqla gizlənərək, küçədən keçən günahsız azərbaycanlılara atəş açıb, onları qətlə yetirən ermənilər, aradan çıxmaq üçün rüşvətə və başqa vasitələrə də əl atırdılar.
Həmin işdə 1905-ci il avqustun 20-25-dəki atışmalar zamanı öldürülmüş azərbaycanlı, erməni və başqa millətlərdən olanların siyahıları verilmişdir. Burada ayrı-ayrı polis sahələri üzrə ölənlərin sayı göstərilir. Maraqlıdır ki, öldürülmüş azərbaycanlılar iki qrupa: İran təbəələrinə və tatarlara və ya müsəlmanlara (yəni, əslən Şimali azərbaycanlılara - A.P.) bölünürdü.
Əlbəttə, siyahıda göstərilənlər avqust hadisələri zamanı ölənlərin cüzi bir hissəsi idi. Şəhər polismeysterinin özünün etirafına görə hər iki tərəfdən ölənləri tezliklə götürür və gizlədirdilər. Siyahıdan göründüyü kimi, ermənilər ən çox evlərin balkonlarından, qapı və pəncərələrindən, küçədən keçən əlsiz-ayaqsız azərbaycanlılara, əsasən də İrandan gəlmiş hambal, arabaçı və fəhlələrə atəş açaraq, qətlə yetirirmişlər. Onların çoxunun meyitlərini belə uzun müddət tanıyanlar olmamışdır.
Müvəqqəti Bakı general-qubernatoru S.A.Fadeyev avqust ayının 20-dən başlayaraq hər gün Kislovodskda istirahət edən Qafqaz canişini İ.İ.Vorontsov-Daşkova və onun Tiflisdəki müavinləri Sultan Krım Gəraya və general Malamaya Bakıdakı vəziyyət barədə məlumat verirdi.
Müvəqqəti general-qubernator evlərdən açılan atəşlərin qarşısını almaq üçün avqustun 20-dən öz adından həmin evlərə toplardan atəş açılacağını bildirən elanların Bakının küçələrində divarlara yapışdırılmasına sərəncam verir.
Bakı qubernatoru 1905-ci il avqustun 25-də müvəqqəti general-qubernatora yazdığı məktubda bildirirdi ki, avqustun 23-25-də Bakının neft mədənlərində və zavodlarında baş vermiş dəhşətli yanğınlar, çoxlu fəhləni işsiz, onların ailələrini çörəksiz qoymuşdu. Qubernator müvəqqəti general-qubernatordan xahiş edirdi ki, yanğın nəticəsində işsiz qalmış fəhlələr və onların ailələrinin dəmir yolu və su yolu ilə pulsuz olaraq geri - öz vətənlərinə qayıtmaları üçün Qafqaz canişini qarşısında məsələ qaldırsın.
1905-ci il sentyabrın 10-da ermənilər və azərbaycanlılar arasında barışıq yaratmaq məqsədilə Qafqaz canişini İ.İ.Vorontsov-Daşkov Bakıya gəlir. Bakıda barışıq və sülh həmin il sentyabrın 14-də İ.İ.Vorontsov-Daşkovun rəhbərliyi altında bərpa olunur. Həmin gün saat 12-də min nəfərdən yuxarı azərbaycanlı və erməni özlərinin qabaqcıl ziyalı və din xadimləri ilə birlikdə sülh və barışıq üçün Duma meydanına gəlir. Burada quberniya qazısı Mir Məhəmməd Kərim ağa Mircəfərzadə, erməni keşişi və müvəqqəti general-qubernator S.A.Fadeyev xalqa müraciətlə çıxış edərək onları sülhə çağırırlar.
Barışıq şərtlərini hazırlamaq üçün hər iki tərəfin təklifləri barədə arxivdə kifayət qədər sənədlər mühafizə olunur. Danışıqlar aparmaq üçün hər iki tərəfdən nüfuzlu şəxslərdən ibarət xüsusi komissiya yaradılır. Bu komissiyaya ermənilər tərəfındən - yepiskop Ananiya, B.M.Doluxanov, A.A.Paronyan, K.İ.Xatisov, S.S.Taqianosov, A.S.Unanov, Q.Q.Kyancjuntsev, Q.B.Ter-Mikaelyan, A.t.Serebryakov, A.N.Dostakov və O.İ.Kaçaznuni, azərbaycanlılar tərəfindən isə İsmayıl bəy Səfərəliyev, İsrafil Hacıyev, Əlimərdan bəy Topçubaşov, Əsədulla Əhmədov, Əhməd bəy Ağayev, İsa bəy Hacınski, Hacı Aslan Aşurov, Hacı Baba Aşurov, Məmmədhəsən Hacınski, Həsənağa Həsənov, Mirzə Əsədullayev, Ağabala Quliyev vəkil edilirlər. Həmin il sentyabrın 10-dan başlayaraq onların arasında danışıqlar və yazışmalar gedir. Nəhayət bu şəxslərin əksəriyyəti 1906-cı ilin fevralında Tiflisdə Qafqaz canişini və onun müavinlərinin iştiraki ilə keçirilən sülh danışıqlarında iştirak edirlər.
Təəssüflər olsun ki, 1905-1906-cı illərdə ermənilərin törətdiyi erməni-azərbaycanlı qırğınına aid rəsmi sənədlər yalnız Bakı şəhərində baş verən hadisələri özündə əks etdirir. Cənubi Qafqazın digər bölgələrində bu hadisəni özündə əks etdirən rəsmi sənədlər, demək olar ki, qorunub saxlanılmamışdır. Bu məsələyə dair sənəd və materialları görkəmli yazıçı-jurnalist M.S.Ordubadinin toplayaraq qələmə aldığı və Murtuza Muxtarovun vəsaiti ilə 1911-ci ildə çap etdirdiyi “Qanlı sənələr”, Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni müsəlman davası” kitablarında, habelə o dövrün mətbuatında dərc olunmuş məqalə və məlumatlarda əks olunmuşdur.
Paşayev Ataxan. XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı ərazi iddiaları,
soyqırımları və deportasiyalar: arxiv sənəd və materialları əsasında.- Bakı: Çaşıoğlu, 2011.- s. 57-66.