Erməni siyasi partiyalarının və onların silahlı dəstələrinin 1905-1906-cı illərdə Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında törətdikləri kütləvi qırğınlar, çoxsaylı terror aksiyaları barədə həmin dövrün arxiv sənədləri və dövri mətbuat materialları arasında kifayət qədər məlumatlar öz əksini tapmışdır.
XIX əsrin sonlarında formalaşan “Armenakan”, “Daşnaksutyun” və “Hnçak” kimi erməni siyasi-terrorçu partiyaları öz məqsədlərinə nail olmaq üçün əvvəlcə Türkiyənin Şərqi Anadolu vilayətlərində, sonra isə Cənubi Qafqazda kütləvi qırğınlar törətmiş və terror aksiyaları həyata keçirmişlər. 1895-1896-cı illərdə Şərqi Anadoluda baş qaldıran erməni üsyanları yatırıldıqdan sonra həmin iğtişaşların icraçılarının əksəriyyəti Cənubi Qafqazda, əsasən də İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarında yerləşmişdilər.
Erməni siyasi partiyaları öz məqsədlərinə çatmaq - yəni sənaye müəssisələrini və torpaqları ələ keçirmək üçün ciddi hazırlıq işləri görmüşdülər. 1905-ci ildə Rusiyada baş qaldıran inqilabi hərəkat və kütləvi iğtişaşlar ermənilərə fürsət vermişdi ki, öz niyyətlərini Zəngəzurda da həyata keçirsinlər. Erməni terrorçu siyasi partiyalarının əsas məqsədlərini M. S. Ordubadi “Qanlı illər” əsərində kifayət qədər dəqiqliklə ifadə etmişdir: “İrəvandan Naxçıvana qədər yol üstündə yerləşən islam kəndlərini dağıtmaqla İrəvan ermənilərini Naxçıvanda hazır olan əsgəri qüvvələrlə birləşdirmək, Naxçıvandan Zəngəzura kimi yol boyunda olan köyləri dağıdıb, Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvələri birləşdirmək” istəyirdilər. Daha sonra ermənilər Zəngəzurla Qarabağ arasında olan torpaqları ələ keçirmək və nəticədə yeni yaranan erməni anklavlarını birləşdirməklə Cənubi Qafqazda erməni dövlətinin əsasını qoymaq istəyirdilər.
Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında 1905-ci il yanvarın 1-nə olan məlumata görə, 151140 nəfər yaşamışdır ki, onlardan 84.088 nəfərini müsəlmanlar, 66.181 nəfərini ermənilər, 785 nəfərini ruslar və 76 nəfərini Avropa xalqlarının nümayəndələri təşkil etmişdir. Qəzada mövcud olan 406 kənddən 314-də müsəlmanlar, 92-də ermənilər yaşayırdılar.
Arxiv sənədləri göstərir ki, erməni təşkilatları hələ 1904-cü ildə Zəngəzurun erməni və müsəlman əhalisi arasında milli zəmində qarşıdurma yaratmaq istiqamətində təbliğat işini gücləndirmişlər. Azərbaycan Respublikası Tarix Arxivində saxlanılan bir sənəddə qeyd edilir ki, 1904-cü ilin noyabrında Xınzirək erməni kəndinin sakinlərindən 8 nəfəri prokurora verdikləri ifadələrində göstərmişlər ki, onlar 80-100 nəfərdən ibarət partiyanın rəhbərliyində dururlar. Partiyanın hər bir üzvündən ayda 80 qəpikdən 2 rubladək aylıq üzvlük haqqı alırlar. Həmin pullara icma başçısı Sarkis Bağdasarov və keşiş Ter-David Ter-Arutyunov silah və güllə alırlar. Sursat keşişin anbarında saxlanır. Mədənçi Martiros Şahzadov isə xalça almaq adı ilə kəndləri gəzir, pul yığır və həmin pulla güllə alır.
1905-ci ilin fevralında ermənilərin Bakıda başladıqları qırğınlar mart ayında İrəvana sirayət etmiş, may ayından etibarən isə Naxçıvanda davam etdilrilmişdi. Lakin erməni terrorçu dəstələrinin Naxçıvanda törətdikləri təxribat və qırğınlar yerli əhalinin mütəşəkkilliyi sayəsində geniş miqyas almamışdı. Erməni silahlı dəstələrinin Naxçıvanın kəndləri üzərindən Zəngəzura doğru hərkətlərinin qarşısı alındıqdan sonra yenidən İrəvan qəzasında qırğınlar törədilmişdi. Həmin dövrdə ermənilər Zəngəzuru sözün həqiqi mənasında barıt çəlləyiniə çevirmişdilər. Erməni terrorçu dəstələri tez-tez təxribatlar törədir, ətrafdakı azərbaycanlı kəndlərinə basqınlar edirdilər.
Zəngəzur qəzasında ilk qırğınları ermənilər 1905-ci ilin iyun ayında Naxçıvan qəzası ilə həmsərhəd olan iki kənddə törətmişdilər. Əsl adı Hovannes Ter-Martirosyan olan, lakin əsərlərini A-Do imzası ilə çap etdirən müəllifin “Qafqazda erməni-türk toqquşmaları” (İrəvan, 1907, ermənicə) əsərində qeyd edilir ki, iyunun 25-də Şağat kəndinin erməniləri ilə Ərikli kəndinin sakini Murtuzun dəstəsi arasında mal-qara üstündə dava düşür. Salvartı yaylağında olan Usublu, Əhmədallar, Kərimbəyli və digər elatlardan Murtuzun dəstəsinə köməyə gəlirlər. Qonşu Əlili kəndinin ermənilərinin şağatlılara köməyə gəlmələri nəticəsində dava daha da böyüyür. Nəticədə 5 erməni yaralanır, 10 azərbaycanlı isə öldürülür. Sonra Gorusdan 100-ə yaxın kazaklar gəlir və davaya son qoyulur.
Ermənilər 1905-ci il avqustun 16-da Gorusadan Qarakilsəyə qayıdan Zülfüqar Safrazbekyanı və onun oğlunu, habelə brnakotlu iki ermənini Ağudi və Vağudi kəndlərinin sərhədində qətlə yetirmiş, təqsiri azərbaycanlıların üzərinə yıxmışdılar.
Avqustun 17-də ermənilər şayiə yayırlar ki, guya dağdan arana qayıdan Kərimbəyi və Kürdmahmudlu kəndlərinin köçəriləri Naxçıvan qəzasından olan 5 erməni qadınına türk libası geyindirərək özləri ilə aparırlar. Ermənilər həmçinin türklərin onların mal-qarasını oğurlayıb apardıqları barədə də şayiə yaymışdılar. Pristav Voskresenski türkləri təqib edərək, vəziyyəti yerində öyrənmiş və ermənilərin yalan söylədiklərini təsbit etmişdi. Ermənilərlə atışan Voskresenski bir ermənini qətlə yetirmişdi.
Qarahunc kəndi ermənilərin terror yuvasına çevrilmişdi. A-Donun yazdığına görə, sentyabrın 6-da Gorus həbsxanasından azad edilən Məzməzəkli Xanlar bəy Qarahunc kəndinin yaxınlığından keçərək evinə qayıdarkən ermənilər tərəfindən izlənərək güllələnir. Bu terror əməlinə görə Qarahunc kəndinin erməniləri ekzekusiyaya (cəriməyə) məruz qoyulmuşdu. Qarahunclular 1500 rubl cərimə edilmiş, üstəlik, 150 kazakın 12 gün ərzində ərzaq və digər tələblərinin ödənməsi ermənilərin üzərinə qoyulmuşdu.
Sentyabrın 18-də Yelizavetpolun general-qubernatoru Takayşvili əhali arasında barışıq yaratmaq məqsədilə Gorusa gəlir. Vəziyyətlə yerində tanış olduqdan sonra Takayşvili ermənilərin təqsirkar olduqlarını bildirir. O, iğtişaşların təşkilatçıları kimi Gorusdan 10, Dığ kəndindən isə 15 ermənini həbs etdirir.
1905-ci il sentyabrın 22-də Xoznavar və Xnaçax erməniləri ətraf kəndlərdən gələn silahlı dəstələrin köməyi ilə azərbaycanlı kəndlərinə hücum edərək Bayandurda 50, Hələkdə 35, Kosalarda 25, Malıbəyləidə 50, Cağacurda 40, Çaylıda 10, Kalavalaxda 25, Novruzluda 15 evi sakinləri ilə birlikdə yandırıb dağırdılar. Birinci üç kənd isə tamamilə qarət edilir.
Gürcüstan Mərkəzi Tarix Arxivində saxlanılan bir çox sənədlərdə ermənilərin 1905-1906-cı illərdə törətdikləri qırğınlar barədə materiallar öz əksini tapmışdır. Həmin qəbildən olan sənədlərin birində Sisyan kəndində törədilən qırğınlardan bəhs edilir. Sənəddə qeyd edilir ki, 1905-ci ilin oktyabrında Zəngəzur qəzasının 10 erməni kəndinin silahlı sakinləri qəzanın azərbaycanlılar yaşayan Sisyan kəndinə hücum etmişdir. 75 nəfər Sisyan sakini öldürülmüş və yaralanmışdır. Yalnız kazakların özlərini yetirməsi nəticəsində qətliam və talanın daha böyük miqyas almasının qarşısı alınmışdır. 1905-ci il dekabrın 17-də erməni silahlı dəstələri 102 evdən ibarət Böyük Cicimli və 26 evdən ibarət Kiçik Cicimli kəndlərinə hücum edirlər. Kiçik Cicimli tamamilə darmadağın edilir, Böyük Cicimli kəndinin əhalisi qaçmağa müvəffəq olsa da, evləri qarət edilir. Erməni müəllifi A-Do ermənilərin bu hərəkətini vəhşilik adlandırır və acı olsa da bunu qeyd etməyə bilmədiyini yazır.
Sisyandan Gorusa gedən yol Ağudi və Vağudi kəndlərindən keçirdi. Ətraf kəndlərdə yaşayan ermənilər Gorusa getmək üçün ya Ağudi və Vağudinin ərazisindən keçməli, ya da yollarını dəyişib dağlara, dərələrə getməli idilər. Ona görə də ermənilər Ağudi və Vağudi kəndlərini aradan götürməyi qərara almışdılar. A-donun yazdığına görə, dekabrın 25-də böyük bir erməni silahlı dəstəsi Ağudi üzərinə hücuma keçir. Ağudililər böyük itki verərək Vağudi kəndinə qaçırlar. Kənddə qalanların bir hissəsi isə məsciddə gizlənmişdi. Hücum edən ermənilərin bir hissəsi kəndin girəcəyindəki mövqelərdə qalmış, digər hissəsi isə kəndə soxulmuş, evləri yandırıb dağıtmağa başlamışdı. Bu zaman Şəki kəndinin türkləri köməyə çatırlar və davanın gedişi dəyişir. Bundan sonra ətrafındakı türk kəndlərindən, eləcə də Dərabasdan köməyə gəlirlər. Kəndə hücum edən ermənilər mühasirəyə düşürlər və onlar geri çəkilmək məcburiyyətində qalırlar. Bu hücum zamanı ağudililər 60 nəfərdən çox, ermənilər isə 22 nəfər itki verirlər.
Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabında ermənilərin Sisyan və Vağudi kəndlərində törətdikləri qırğınlardan ətraflı bəhs etmişdir.
Dərabas dərəsində bir-birinin ardınca Şinətağ, Lor, Geğatag, Dərabas, Lçen və Şamb kəndləri yerləşirdi. Bu kəndlərdən 4-də ermənilər, Dərabas və Şamb kəndlərində isə ermənilərlə azərbaycanlılar qarışıq yaşayırdılar. Dərabasda 215 türk, 36 erməni ailəsi, Şambda isə 20 türk 35 erməni ailəsi mövcud idi. Noyabrın sonlarında Gorus yolunda 2 erməni öldürülür. Onların qətlində Dərabas türklərindən şübhələnirlər. Vəziyyət gərginləşir. Dərabasdan 20-30 ailə kəndi tərk edir. Onların evlərində Şambdan olan ermənilər yerləşir. Dərabasa isə digər kəndlərin erməniləri yığışırlar. Dekabrın 26-da erməni silahlıları türk evlərinə hücum edirlər. Kəndin əhalisinin bir hissəsi dağlara qaçır, qalanları isə kənddəki üç böyük evdə - Molla Əbülhəsən, Ələkbər bəyin və Abbas Ələkbər oğlunun evində sığınacaq tapırlar. A-Do erməni vəhşiliyini belə təsvir edir: “Evlərində gizlənmiş ermənilər köməyə gələnlərin qışqırıqlarını eşidən kimi, vəhşiləşmiş dərəcədə küçəyə atıldılar, türklərin evlərinə hücum edərək, talan edib yandırdılar. Onlar yanğınları və talanları davam etdirərək, yuxarıda adları çəkilən evlərə çatmışdılar, hansı ki, orada türklər böyüklü-kiçikli, arvadlı-uşaqlı sığınacaq tapmışdılar. Ermənilər burada cinayətkarlığın ən dəhşətli formasını həyata keçirdilər. Onlar bu üç evə od vurub, insanları içində sağ-sağ yandırdılar. Cinayət alovlar və dağıntılar içində həyata keçirildi və çoxsaylı insanlar məhv oldu. Biz o yanmış evlərin insan sümükləri ilə qarışmış külünü gördük və sarsıldıq, o qatilləri, daha çox da dəhşətli cəhənnəmi törədənləri lənətlədik... Öldürülmüş, yandırılmış, meyitləri səpələnmiş adamların sayı 272 nəfərə çatırdı”. A-Do Dərabasda törədilən bu cinayətin yerli hakimiyyət tərəfindən ciddi araşdırılmadığını, polisin yalnız bir protokol tərtib etməklə öz işini bitmiş hesab etdiyini qeyd edir.
1905-ci il dekabrın 29-da Tatev erməniləri azərbaycanlıların yaşadıqları Kürdlər adlanan kəndə hücum etmiş, lakin azərbaycanlılar müqavimət göstərə bilməmiş, çoxsaylı itki verərək kəndi tərk etmək məcburiyyətində qalmışdılar. Kənd talan edilmiş, sonra isə yandırılaraq xarabalığa çevrilmişdi. A-Do ermənilərin bu hərəkətinə heç bir əsas tapa bilmədiyini, bu hücumu barbarlıq və məhkum olunası əməl kimi xarakterizə etmişdir.
Ermənilərin Sisyan, Ağudi, Dərabas və digər kəndlərdə törətdikləri vəhşiliklər öz növbəsində azərbaycanlıları da qisas almağa vadar edirdi. Azərbaycanlılar xəbər tutmuşdular ki, məşhur quldurbaşı Keri (əsl adı Arşak Kafavyan)Əngələkət kəndindədir və onun başçılığı ilə türk kəndlərinə yeni hücum hazırlanır. 1906-cı il yanvarın 6-da Ağudu, Vağudi, Urud, Şəki və digər kəndlərdən yığışmış azərbaycanlıların böyük bir dəstəsi Əngələkət kəndinə hücum edir. Dəstəyə Şahsuvar bəy başçılıq edirdi. Hər iki tərəfdən onlarla itki verdikdən sonra atışma kəsilir və bir müddət sakitlik hökm sürür.
“Kaspi” qəzeti 13 yanvar 1906-cı il tarixli sayında “Novoe Obozreniye” qəzetinə istinadən yazırdı ki, dekabrın 25-də ermənilərlə toqquşma nəticəsində 70 nəfər ağudili qətlə yetirilmiş, 30 ev yandırılmışdır. Daha sonra qəzet ermənilərin 278 nəfər Dərabas kəndinin “tatarlarını” öldürdüyü xəbərini verirdi.
Zəngəzur qəzasının 4-cü sahəsinin pristav əvəzi Məlik-Abbasovun qəza rəisinə 1906-cı il martın sonlarında göndərdiyi məxfi raportunda qeyd edilirdi ki, Zəngilan rayonundan Qatar zavodlarına, Şıxavuzdan həmin zavodlaradək yollar tamamilə bağlanmışdır. 1906-cı il iyulun 5-də köç yolunun üstündə yerləşən Qalaçıq erməni kəndinin silahlı dəstəsi ilə Şahsevən və Qarafındıqlı elatları arasında toqquşma baş verir. Ermənilər 20 nəfər, azərbaycanlılar isə 30 nəfər itki verirlər. Bundan sonra erməni silahlı dəstələri azərbaycanlılar yaşayan Pul, Ərikli, Şükar və Məliklər kəndlərinə hücum edərək onları viran qoymuş, əhalisini qaçqın düşməyə məcbur etmişdilər.
Rəsmi hakimiyyət təmsilçiləri erməni-müsəlman davasında ya xristian təəssübkeşliyi edərək ermənilərin tərəfini saxlayır, ya da ermənilərin terror hədəsindən qorxaraq bütün qanunsuzluqlara göz yumurdular. Gorus sahəsinin müsəlmanları 25 iyul 1906-cı ildə Qafqaz canişininə teleqram göndərərək Zəngəzur qəzasının rəisi Mitkeviçin öz vəzifəsinin öhdəsindən gəlməməsindən şikayətlənirdilər. “Kaspi” qəzeti 12 sentyabr 1906-cı ildə erməni qəzeti “Nor-Xosk”a (“Yeni söz”) istinadən xəbər verirdi ki, Zəngəzurdan Ordubada təqribən min nəfər var-dövlətini itirən müsəlman qaçqınları gəlib. Qəzet həmin çılpaq və ac-yalavac qaçqınların dəhşətli görkəmləri olduğunu, onların vəziyyətlərinin düzəldilməsi üçün heç bir tədbir görülmədiyini yazırdı.
“Kavkaz” qəzetinin Gorusdan verdiyi xəbərə istinadən “Kaspi” qəzeti yazırdı ki, avqustun son günlərində Ucənis, Akarak və digər erməni kəndlərinin silahlıları Sultanlıq, Əhməd bəy Qışlağı, Qurban Qışlağı, Atqız, Fərəcan, Xatın bağı, Saldaş və Göyyal kəndlərinə hücum edərək 15 qadın və kişini öldürmüş, bütün tikililəri yandırmış, 20 oğlan uşağını əsir aparmışlar. Daha sonra qəzet Zəngəzur qəzasının 3-cü polis sahəsinin “tatar” kəndlərindən Çullu, Danzaver (Armudlu), Ağvanlı, Yeməzli, Saralı, Xaşdan, Firudin bəy Qışlaqlı kəndləri, 5-ci sahədən isə İncəvar, Karxana, Xələc kəndləri tamamilə dağıdılmış və viran qoyulmuşdur. Xüsusən Karxana kəndinin bütün sakinlərini doğramışlar. Bunlardan əlavə, qəzet Qatar, Oxçu, Sabadin və Atqız kəndlərinin ciddi zərər gördüklərini yazırdı.
Erməni silahlı dəstələri boşaltdıqları azərbaycanlı kəndlərində erməniləri məskunlaşdırırdılar ki, bir daha geri qayıtmaları mümkün olmasın.
M.S.Ordubadi “Qanlı illər” əsərində 1906-cı ildə Zəngəzur qəzasının 5-ci polis sahəsində ermənilərin törətdikləri qırğınlar haqqında müfəssəl məlumat vermişdir. Bu sahədə mis mədənləri və Oxçu dərəsindəki böyük və coğrafi mövqeyinə görə strateji əhəmiyyətli azərbaycanlı kəndləri yerləşirdi. Müasir silahlarla və toplarla təmin edilən ermənilər avqustun14-də Oxçu-Şəbədək kəndlərini işğal edirlər. Silah-sursatı tükənən azərbaycanlılar Saqqarsu dağına çəkilirlər. Kəndi tərk edə bilməyənlərin hamısını ermənilər qətlə yetirib bir-birlərinin üstünə qalaqlamışdılar. Tək-tək sağ qalanlar çıl-çılpaq Ordubada və Cəbrayıl qəzasının kəndlərinə pənah aparmışdılar. Bu qanlı cinayətin təsvirindən aydın olur ki, XX əsrin sonlarında Xocalıda törədilən soyqırımın analoqunu ermənilər həmin əsrin əvvəllərində Saqqarsuda törətmişdilər.
Nəhayət, Saqarsuda toplaşan 800 nəfərə yaxın Ordubadlı könüllülərin köməyi və 1000 nəfərə yaxın Oxçu-Şəbədək silahlılarının iştirakı ilə sentyabrın 16-17-də Oxçu-Şəbədək kəndləri ermənilərin işğalından azad edilir. Bundan sonra sağ qalan əhalinin yenidən öz kəndlərinə qaytarılması prosesi başlanır. Ordubad tərəfdən gələn silahlı dəstələrdən ağır zərbə alan ermənilər qırğınları dayandırmağa məcbur olmuşdular.
Azərbaycanlıların təşkilatlanması, “Difai” partiyasının formalaşaraq ermənilərin terroruna terrorla cavab verməsi erməniləri qırğınlar törətməkdən əl çəkməyə məcbur etmişdi.
Ümumiyyətlə, M. S. Ordubadinin verdiyi məlumata görə, ermənilər təkcə 1906-cı ilin iyul ayından başlamış avqust ayının axırına kimi Zəngəzurun Xələc, Karxana, Qatar, İncəvar, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu, Şəbədək, Atqız, Pürdavud, Zurul, Guman, İyilli, Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Əcəbli, Buğacıq kəndlərini viran qoymuş, əhalisini qətlə yetirmişdilər.
Erməni müəllifi S. Zavaryanın verdiyi məlumata görə isə, 1905-1906-cı illərdə Zəngəzur qəzasında 43 müsəlman, 14 erməni kəndi dağıdılmışdır. Digər erməni müəllifi A-Do dağıntılara məruz qoyulan 43 azərbaycanlı kəndlərinin adlarını aşağıdakı kimi təsbit etmişdir: Bayandur, Hələk, Binəyeri, Kosalar, Malıbəyli, Cağazur, Çaylı, Kalavalax, Novruzlu, Cecimli, Hacılar, Bağırbəyli, Qarahunc, Unanav, Kürdlər, Ağvani, Danzaver (Armuldlu), Sisyan, Ağudi, Dərabas, Pul, Ərikli, Şükar, Məliklər, Yeməzli, Xəştap, Almalı, Karxana, Qatar, Cibili, Xələc, Keçi-Şabadin, İncəvar, Çullu, Oxçu, Atqız, Pirdavudan, Əclıli, Buğaçıq, Kollu-Qışlaq, Mtnadzor, Sanalı.
Erməni müəllifi A-Do Gəncə quberniyasının 8 qəzasından heç birində qırğınların və dağıntıların Zəngəzurda olduğu qədər böyük miqyasda və uzun sürən olmadığı xüsusilə vurğulamışdır.
Ümumiyyətlə, 1905-1906-cı illər erməni-müsəlman iğtişaşları nəticəsində İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 300-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, əhalisi etnik təmizlənməyə və kütləvi qırğınlara məruz qoyulmuşdur.
Nazim Mustafa,
tarix üzrə fəlsəfə doktoru