XX əsrin başlanğıcında və sonunda ermənilər tərəfindən Azərbaycanın Qarabağ bölgəsində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədilmişdir. Ermənilərin məqsədi yalnız müharibədə qalib gəlmək yox, Qarabağ ərazisində yaşayan müsəlman əhalisini tamamilə məhv etmək olmuşdur. Bu da düşünülmüş surətdə törədilmiş cinayət və soyqırımdır. Azərbaycanın Qarabağ regionuna gəlmə olan bu ermənilərin azərbaycanlı əhaliyə qarşı törətdiyi aşağıda qeyd olunan vəhşiliklər tarixdə heç bir müharibədə baş verməmiş, insanlığa qarşı yönəlmiş bir terrordur.
Hələ XIX əsrdə Qarabağın xəritəsini tərtib etmiş rus tədqiqatçısı M.A.Skibitskinin yazdığına görə, əsrin sonunda azərbaycanlılar Qarabağın 338 kəndində yaşayırdılar. 1899-cu il məlumatına görə burada azərbaycanlıların sayı ümumi əhalinin 70%-ni, ermənilər 16,6%-ni, kürdlər 12,7%-ni, tatlar isə 0,7%-ni təşkil etmişdilər.
Rus tədqiqatçıları N.N. Şavrov və V.Veliçko ermənilərin ruslar tərəfindən XIX-XX əsrin əvvəllərində Qafqaza, o cümlədən Qarabağa gətirilib yerləşdirildiyini yazırlar.
Rusiyanın bu bölgəyə erməniləri yerləşdirməsi sonradan erməni terrorunun başlanmasına səbəb oldu. Ermənilər öz çirkin niyyətlərini ilk dəfə 1905-1906-cı illərdə açıq biruzə verməyə başladılar. Çar Rusiyası Türkiyədən, İrandan və digər ölkələrdən Qafqaza köçürdüyü erməniləri silahlandırıb azərbaycanlı əhaliyə qarşı müharibəyə qaldırdı.
M. S. Ordubadi “Qanlı illər” əsərində Şuşada baş verən hadisələrlə bağlı yazır: 1905-ci il avqust ayının 8-də gecə saat iki radələrində ermənilər küçədə şəhər fanarlarını yandıran Kərbalayı Məmmədhüseyin adlı müsəlmanı xəncərlə doğrayıb vəhşicəsinə öldürməklə ermənilərlə müsəlmanlar arasında yeni münaqişə toxumları səpdilər.
Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsərində qeyd edir ki, ermənilər təpədən dırnağa qədər silahlandırılırdı. Erməni daşnaklar müsəlmanlarda olan silahı ələ keçirmək üçün belə bir hiylə işlətmişlər. Tüfəng bazarda 20 manata satılırdısa, onlar 100 manata, tapança 6 manata satılırdısa, 30 manata alırdılar. Nəticədə müsəlmanlarda olan silahların ermənilər tərəfindən belə baha qiymətə alınması, müsəlmanların evlərində nə qədər silah sursat var idisə, tamamən ermənilərəin əlinə keçməsinə səbəb oldu.
16 avqust 1905-ci ildə ermənilər Şuşada yenidən hücuma başlayırlar. M.M.Nəvvab yazır: “Erməni qımdatları dəstə-dəstə olub bir dəstə Köçərli məhəlləsinə, bir dəstə Yuxarı Xəlifəli qapısına, başqa bir dəstə isə meydana tərəf getdilər. Qalan ermənilər isə səngərlərə doldular... Köçərli məhəlləsinə gedən dəstənin içərisində bu məhəllədən olan Çopur bəyin oğlu və Kolya adlı iki erməni 90 yaşlı Abbas bəyi, onun yeganə oğlunu, qardaşı oğlunu dilə tutaraq siz bizim qonşumuzsunuz sizinlə işimiz yoxdur deyib eşiyə çağıraraq güllələmişlər, evlərinə və meyidlərə neft töküb yandırmışlar”.
M. S. Ordubadi “Qanlı illər” əsərində yazır ki, avqust ayının 17-də daşnak ermənilər “Köçərli məhəlləsində 8 evi yandırıb əhalisini qətlə yetirdilər. Xəlfəli adlanan məhəllədə 10 evin müsəlmanlarının qətl-qəraət edilməsi xəbəri kədərli bir surətdə yetişdi. Qəddar erməni daşnaklarının belə təcavüz və ədalarını görən islam cavanları artıq ruhani və rəislərinin nəsihətlərinə baxmayıb ermənilərə qarşı ümumi hücuma başlayırlar. Ermənilər Port-Artur misalında olan səngərlərini daha saxlaya bilməyib boşaltmağa məcbur oldular... Avqustun 18-də daşnak ermənilər dağılmış qüvvələrini bərpa edib yenidən müharibəyə girişdilər... Ermənilər çox təlaş edib keçən günün təlaşını çıxmaq istəsələr da ağır təlafata məruz qalaraq öz hissələrini müsəlmanlara verdilər”.
İsmail Özçelik “Karabağ tarihi ve Karabağda ermeni olayları” əsərində ermənilər tərəfindən Şuşada 16-20 avqust tarixində qanlı toqquşmaların davam etdiyini, rus kazaklarının və rus piyada birliyinin, erməni daşnakları ilə birlikdə azərbaycanlı evlərinə basqınlar etdiklərini, ancaq azərbaycanlıların müdafiəsi qarşısında geri çəkilməyə məcbur olduqlarını yazır.
M. S. Ordubadi “Qanlı illər” əsərində yazır ki, daşnak erməniləri başladıqları müharibədə məğlub olduqlarını görüb hiyləyə əl atmağa başladılar. Avqustun 19-da erməni arximandriti və qubernator Baranovski məscidin həyətinə gələrək, arximandrit bu dillər ilə müsəlmanlara yalvarmağa başladı: “Amandı müsəlmanlar Şuşada ermənilər müqəssir olsalar da, daha erməni qalmadı. İndi bir ovuc əlsiz - ayaqsız erməni qalıbdır, onlara rəhm ediniz!” deyib, ağlaya-ağlaya sülh təklif etdi. Müsəlmanlar sülh sözünü eşidən kimi güllə atmağı dayandırıb sakit oldular. Ermənilər isə evə qayıdan qubernatoru atəşə tutdular.
Daşnaklar realnı məktəbin təmirində işləyən 17 nəfər iranlı fəhlənin başını kəsimişdilər. Beləliklə 1905-ci il avqustun 16-da başlayan müharibə, avqustun 21-də sülh elan edilməsi ilə başa çatdı. Bu müharibədə yüzlərlə azərbaycanlı qətlə yetirilmişdi.
“Erməni terrorizmi və cinayətləri: Azərbaycanda, Türkiyədə və dünyada” kitabında qeyd olunur ki, ermənilər 1905-ci ildən tarixə “erməni-müsəlman davası” adı ilə daxil olan qanlı qırğın törətdilər Bu müharibə təkcə Yuxarı Qarabağda deyil, 6-9 fevralda Bakıda, 10 mayda Naxçıvanda, 23 mayda İrəvan Quberniyasında, 29-25 avqustda yenə Bakıda, 26 avqustda Cavanşir qəzasında, 18 noyabrda Gəncədə, 23 noyabrda Tiflisdə, Qazaxda və digər yerlərdə də minlərlə azəri türkünün faciəli surətdə ölümünə səbəb olmuşdur.
Türk tarixçisi Taha Akyol “Azerbaycan Sovyetlər ve ötesi” əsərində erməni keşişlərinin 1906-cı ildə Şuşada olan erməni kilsələrini azərbaycanlılara qarşı əsl silah-sursat cəbbəxanalarına çevirərək, kilsələrin zirzəmilərində küllü miqdarda silah-sursat gizlətmələri barədə məlumatlar verir. Allah evindən öz çirkin niyyətləri üçün istifadə etdiklərinə görə o zamankı şəhər üsul idarəsi tərəfindən Ter-Arsen Vartapetov, Ter -Karapet Vartapetov, Ter Ovanesyan, Mirzəbekov, Asatur Vartapetov kimi keşişlər cəzalandırılaraq Şuşadan qovulmuşdular. Bu da müsəlmanları arxayın salmaq üçün bir oyun idi. Çünki Çar Rusiyasının himayəsində olan imkanlı ermənilər 1905-1906-cı illərdə Türkiyə və İrandan muzdlu erməni döyüşçüləri gətirib Azərbaycan türklərinə qarşı vuruşdururdular. Bu haqda tarixi ədəbiyyatlarda kifayət qədər məlumatlar vardır.
Əlisahib Əroğul “Azərbaycanda erməni-daşnak terrorunun xronologiyasi” əsərində 1905-1906-cı illər hadisəsindən bəhs edərək yazır: 10 iyun 1905-ci ildə daşnak terror birləşmələri Cəbrayıl qəzasının Veysəlli, Qacar, Çəmən, Arış, Qışlaq kəndlərinə basqın edirlər. Sağ qalan əhali ev-eşiyindən didərgin salınır. Kəndlər qarət olunur, evlər yandırılır. 5 iyul 1905-ci ildə daşnak terror qrupu Cəbrayıl qəzasının Məzrə kəndinə basqın edir. Camaat yaylağa köçdüyündən qışlaqda qalmış 9 nəfər dinc sakindən altısını qətlə yetirir, bir nəfəri isə girov götürürlər. İki nəfər qaçıb aradan çıxa bilir. Bununla kifayətlənməyən daşnak terrorçuları kəndin yerləşdiyi qozlu dərədə partlayışlar törədirlər. Dərədəki nəhəng gövdəli qoz ağaclarını dinamitlər vasitəsi ilə partladır, kökündən yox edirlər. 12 iyul 1905-ci ildə daşnak terrorçuları Əsgəran bazarına meyvə satmağa gedən 4 azərbaycanlını yolda qətlə yetirir, Əsgəran yolunu bağlayırlar. Azərbaycanlılar yaşayan məhəllələrə basqınlar edirlər. Bir neçə azərbaycanlını həyətində və bağında qətlə yetirirlər. 17 iyul 1905 -ci ildə daşnak terrorçuları Şuşada azərbaycanlılar yaşayan evləri top atəşinə tuturlar. Evləri dağıdıb yandırırlar. Ardınca isə özləri azərbaycanlıların üzərinə hücuma keçirlər. 30-a yaxın Azərbaycan türkünü qətlə yetirirlər. 8 avqust 1905-ci il daşnak terrorçuları Şuşada Abbas bəyin evinə basqın edirlər. Abbas bəyi, qardaşını və üç qulluqçusunu qətlə yetirirlər. Həmin gün Vəng kəndində yuva qurmuş 300 nəfərdən ibarət daşnak terrorçuları Şuşadan Gəncəyə gedən atlı araba karvanına basqın edirlər. Karvanı talayır, çalvadarları öldürür, sayı qeydə alınmayan çoxlu sayda Azərbaycan türkünü qətlə yetirirlər. 16-21 avqust 1905-ci ildə daşnak terrorçuları tərəfindən Şuşa şəhərində 60 nəfər Azərbaycan türkü qətlə yetirilir. Köçərli, Xəlfəli məhəllələrində 18 ev yandırılır. Kişilərin başlarını kəsir, qadınların qarınlarını yarır, qocalara, uşaqlara aman vermirlər. 21-26 avqust 1905-ci il daşnak terrorçuları Şuşa qəzasında ikinci dəfə türk qətliamına başlayırlar. Dörd kənd yerlə-yeksan edilir. Dinc, əliyalın əhalidən 100 nəfəri qətlə yetirirlər. 25 avqust 1905-ci ildə Cavanşir qəzasının Qaladərəsi kəndində yuva qurmuş daşnak terrorçuları Əbdürrəhman bəy Kərim bəy oğlunun köçünə basqın edirlər. Bəy qətlə yetirilir, qoyun sürüləri, 55 baş qaramalı və digər əmlakı zəbt olunur. 25 avqust 1905-ci ildə qondarma daşnak generalı Hamazasp və əlaltısı A.Mikoyanın rəhbəri olduqları terror qruplaşması Cavanşir qəzasının Çıraxlı, Kəmərli, Hacıqərvənd və Pirxud kəndlərinə basqın edirlər. Yüz nəfər Azərbaycan türkü qətlə yetirilir. Kəndlərin əhalisi yurd-yuvalarından didərgin salınır. 3 oktyabr 1905-ci ildə daşnak terrorçübaşı Hamazasp və Mikoyan öz terrorçu dəstəsi ilə Cavanşir qəzasının Sırxavənd və Əliağalı kəndinə basqın edir, əliyalın, dinc əhalini qılıncdan keçirirlər. Yırtıcılar südəmər körpələri süngülərə keçirirlər, beşikləri ilə bir yerdə odlayırlar, onları analarının qucaqlarından alıb divarlara çırparaq para-para edirlər. 4 oktyabr 1905-ci ildə daşnak terrorçuları Cavanşir qəzasının Sırxavənd kənd sakinləri Abbasqulu və İman Həsən oğlu qardaşlarını meşədə qətlə yetirib, cəsədlərini yandırırlar. 27 noyabr 1905-ci il daşnak terrorçuları Cavanşir qəzasının Dəmirli kəndinə basqın edirlər 8 nəfər dinc sakin öldürülür, sağ qalan əhali ev-eşiyini tərk edir. 19 dekabr 1905-ci ildə Movses Qirqoryanın, Karapet Ter-Osipovun, Ambarsum Koçarovun başçılıq etdiyi daşnak terror birləşmələri Xankəndinin azərbaycanlılar yaşayan məhəllələrindən birinə basqın edirlər. Evlər, dükanlar qarət edilir, qiyməti əşyalar oğurlanır. Sonra da meyitlərə od vurulur. 26 dekabr 1905-ci ildə Abram koxanın rəhbərlik etdiyi daşnak terrorçuları Cavanşir qəzasının Umudlu kənd camaatını hiylə işlədərək mühasirəyə alırlar. Umudlu adıyla tarixə düşən qətliam törədirlər. Uşaqlı, qadınlı 300 nəfəri qətlə yetirərək meyitlərini yandırırlar. 27 dekabr 1905-ci ildə daşnak terror qrupları Şuşa qəzasının Malıbəyli kəndinə basqın edirlər. Nəcəfqulu ağanın evini yandırırlar. Kənddə qətliam törədirlər. Qadın və uşaqları tikə-tikə doğrayırlar.
1906-cı ilin fevral ayında Tiflisdə Qafqazın canişini Vorontsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman qırğınlarına son qoymaq məqsədilə sülh konfransı (məclisi) keçirilir. Həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Ədil xan Ziyadxanov və başqaları "Daşnaksutyun" partiyasının niyyətlərini ifşa edir, onun Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərir, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirirlər. Lakin bu konfransın keçirilməsindən bir qədər sonra erməni silahlı dəstələri yenidən qırğınlara başlamışdılar. Ermənilər təkcə 1906-cı ilin avqust ayında Zəngəzur qəzasında Xələc, Karxana, Qatar, İncəvar, Daşnov, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu-Şəbədək, Atqız, Pürdavud, Zurul, Cuman, İyilli-Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Bucağıq və başqa kəndləri yerlə yeksan etmiş, azərbaycanlı əhalisinə qarşı soyqırım törətmişdilər.
8 iyun 1906-cı ildə 40 nəfərlik daşnak terror qrupu suvarma kanalını təmizləməyə çıxmış Cavanşir qəzasının Xıdırlı, Qiyaslı, Şuxumaxlı kənd camaatını gülləbaran edir. 3 nəfər həlak olur. 12 iyul 1906-cı ildə Cəbrayıl qəzasının Xozaberd kəndində məskən salmış daşnak terrorçuları Topağac dağının ətəyində boyaq maddəsi hazırlamaq üçün ağac qabığı və bitki kökü tədarük edən Qazanzəmi kənd sakinlərinə hücum edirlər. Hər iki boyaqçı qardaşı girov götürürlər. Boyaqçı qardaşlara olmazın işgəncə verir, əzalarını doğrayaraq vəhşicəsinə qətlə yetirirlər.
Mir Möhsün Nəvvab müsəlmanların öldürülməsində Rusiya tərəfindən Qarabağa və Şuşa uyezdinə təyin edilən generalların da fəal iştirak etdiyini qeyd edir. Bunlardan general Qoloşşapov daha qəddar idi. Qoloşşapov Şuşaya gələn kimi ermənilər məhəlləsində milliyyətcə erməni olan duma qalavası Kiki Kələntərovun hazirladığı iqamətgaha yerləşdirildi. Hər gecə Kiki Kələntərovun başçılığı ilə, ermənilərin hesabına general Qoloşşapovun mənzilində kef məclisləri qurulur. Kələntərovun seçdiyi və generalın qulluğuna təyin etdiyi 2-3 nəfər xoşsurət erməni qızları gecə-gündüz ona xidmət edirdilər. Bir gecə erməni Kələntərov Qoloşşapova 10.000 rubl rüşvət verərək, erməni-müsəlman davasında rusların onlara açıq surətdə kömək etməsini generaldan xahiş etdi. Qoloşşapovun tədbiri ilə ətraf kəndlərdən, İrəvandan, Gəncədən və başqa yerlərdən 7.000 erməni silahlıları, 850 nəfər rus kazakları, neçə min Qalada (Şuşada) olan erməni, eləcə də 11 top və topxana səfərbər edilmişdi.
M. S. Ordubadi isə yazır ki, Qoloşşapovun müsəlmanlara iblis münasibəti bəslədiyini anlayan ermənilər hər an bir bəhanə axtarırdılar ki, generalı müsəlmanların üstünə qaldırsınlar.
1906-cı ilin iyul ayının 12-də bir neçə gün bundan qabaq ölmüş bir erməninin meyitini generala nişan verib, “budur bu saat sənin qonşuluğunda müsəlmanlar qətlə yetirmişlər” deməklə, onsuz da bəhanə axtaran general Qoloşşapov dərinə getməyib, Köçərli məhəlləsini topa tutmaq əmrini vermişdir. Bunun ardından Kazak dəstələri ilə birlikdə 10.000-ə qədər daşnak dəstələri azərbaycanlılara qarşı hücuma keçdilər.
Dava başlayanda ermənilərə və ruslara qarşı vuruşan ancaq Qalada yaşayan müsəlman igidləri və cavanları idi. Onlara yalnız 3 gündən sonra kömək gəlmişdi.
Ruslar və ermənilər qarşılarına çıxan insanları güllələyir, onları ölmüş halda ya da diri-diri alova atıb yandırırdılar. Şuşada toplardan açılan atəş nəticəsində minlərlə ev dağıdılmış yüzlərlə insan qətlə yetirilmişdir.
1905-1906-cı illərdə ermənilərin törətdiyi qırğınlarda Yuxarı Qarabağda yüzlərlə azərbaycanlı qəddarcasına qətlə yetirilmişdir.
Erməni müəllifi S.Zavaryanın “Экономические условия Карабаха и голод 1905-1907 гг.” əsərində verdiyi məlumatına görə həmin dövrdə Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 (cəmisi 75 kənd) müsəlman kəndi dağıdılmışdır.
Nazim Məmmədov “Azərbaycanın Şuşa qəzası 1900-1917-ci illərdə” əsərində yazır ki, 1905-ci ildə Şuşada ermənilərin törətdiyi qırğınlar nəticəsində bölgədəki ipək emalı müəssələrinin bir hissəsi məhv edilmiş, qalanları isə fasilələrlə işləmişdir. 1906-cı ilin yanvar məlumatına görə Şuşa ərazisində ipək emalı müəssələrinin sayı 23-dən 12-yə enmişdi.
1905-1906-ci ilərdə daşnak ermənilərin məqsədli yaratdıqları erməni-müsəlman münaqışəsi Cənubi Qafqazın bütün quberniyaları və qəzalarında törətdikləri özbaşınalıqlar bu dövrdə gəlirli sahə olan pambıqçılığın inkişafına da çox ciddi mənfi təsir göstərdi. Belə ki, bir çox zavodlar dağıdıldı, bu zavodlarda işləyən əhali isə canlarını qurtarmaq üçün yaşadıqları ərazini tərk etməyə məcbur oldu. Hakimiyyət dairələrinin baş verənlərə məqsədli olaraq belə laqeyd yanaşması bu bölgədə yaşayan azərbaycanlı əhalinin vəziyyətini daha da ağırlaşdırırdı.
“Tazə həyat” qəzetinin səhifələrində Zəngəzur və Cavanşir qəzalarının kəndlərinin ağır vəziyyəti haqqında məlumatda deyilirdi: “Zəngəzur uyezdi kənd əhalisinin nəhayət mərtəbədə ehtiyacları olduğuna görə öz məskənlərini tərk edib başqa şəhərlərə, ələlxüsus Bakıya köçürlər. Bu mühacirlər heç bir maniələrə, hətta borana da baxmayıb öz evlərini qoyub gedirlər ki, heç olmasa aclıqdan xilas olsunlar”. Cavanşir qəzasının Dəllər, Surof, Qalandərəz, Şəxavənd, Hacı Qərvənd və Papravənd kəndlərinin sakinləri də acından ölməmək üçün başqa kəndlərə dağılmışdılar.
Aygün Attar (Haşimzade) “Karabağ sorunu kapsamında ermeniler ve ermeni siyaseti” əsərində yazaraq bildirir ki, bu müharibədə azərbaycanlıların və Azərbaycan kəndlərinin qorunmasında 1905-ci ilin sonlarına yaxın Əhməd Bəy Ağaoğlunun qurduğu “Difai” təşkilatının çox böyük xidmətləri olmuşdur.
V.M.Quliyev “Azərbaycanda erməni zülmü” əsərində yazır ki, polyak əsilli Amerika tədqiqatçısı T. Svyatokovski haqlı olaraq dünya mətbuatının 1905-1906-cı illər hadisələrini ermənipərəst mövqedən işıqlandırdığını yazır. Müəllif həmçinin qeyd edir ki, daşnak dəstələrinin əli ilə endirilən zərbələrin ağrısı Azərbaycanın müsəlman icmasını birləşdirmək yolunda özünəməxsus katalizator rolunu oynamışdır. T. Svyatoxovski 1905-ci ilin sonlarında Gəncədə yaradılan “Difai” partiyasının rus-erməni birliyinin real təhlükəsini dəf etmək məqsədilə gizli siyasi struktur kimi meydana çıxdığını qeyd edir.
1905-1906-cı illərdə ermənilərin törətdiyi qırğınlarda Yuxarı Qarabağda yüzlərlə azərbaycanlı qəddarcasına qətlə yetirilmişdir. Buna baxmayaraq burada yaşayan azərbaycanlı əhali igid Azərbaycan oğulları ilə birlikdə Yuxarı Qarabağın müdafiəsinə qalxmış və bu bölgənin mənfur düşmənlərin hücumlarından qorumuşlar.
Bəxtiyar Həsənov,
AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi.