1988-1989-cu illər

Təkcə XX əsrdə ermənilər havadarlarının köməyi ilə indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı 1905-1906-cı illərdə və 1918-1920-ci illərdə etnik təmizləmə, 1930-cu illərdə kütləvi repressiyalar, 1948-1953-cü illərdə deportasiya həyata keçirmiş və nəhayət, 1988-1989-cü illərdə etnik təmizləməni başa çatdırmağa müvəffəq olmuşlar.
Rəhbərliyində kimlərin olmasından asılı olmayaraq, Sovet Ermənistanının Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan ərazilərinə iddiası və bu iddiaların fonunda Ermənistandan azərbaycanlıların sıxışdırılıb çıxarılması hər zaman gündəlikdə olmuşdur. Rəsmi İrəvan və DQMV erməniləri 1945, 1964, 1975, 1977 və 1987-ci illərdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Moskvaya müraciətlər etmişdilər.
Ermənistanda antitürk, antiazərbaycan təbliğatı 1960-cı illərin ortalarında var gücü ilə yenidən işə salınmışdı. Yüz minlərlə azərbaycanlı və türk dinc əhalisinin qətlinə rəhbərlik etmiş Andranik Ozanyanın anadan olmasının 100 illiyi münasibətilə 1965-ci ilin fevralında Ermənistanda təntənəli tədbirlər keçirilmişdi. 1965-ci il aprelin 24-də Moskvanın razılığı ilə İrəvanda uydurma “böyük qırğın”ın (o vaxt indi işlədilən “erməni soyqırımı” termini əvəzinə, “böyük qırğın” (“medz yeğerni”) ifadəsi işlədilirdi) 50 illiyi qeyd edilmşdi. Həmin dövrdə Ermənistanda aparılan milli ayrı-seçkilik və diskriminasiya siyasəti nəticəsində İrəvan və onun ətraf rayonlarından yüzlərlə ailə Azərbaycana köçməyə məcbur olmuşdu.
1983-cü il aprelin 24-də ermənilər “genosid” gününü bəhanə edərək Masis (Zəngibasar) rayonunun mərkəzi Uluxanlıda azərbaycanlılar yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki qəbiristanlıqda qəbir daşlarını qırıb dağıtmışdılar. Müdafiəsiz əhali Türkiyə ilə sərhəd zolağına sığınmağa məcbur olmuşdu.
1984-cü ildə Azərbaycan xalqının qəddar düşməni Zori Balayanın “Ocaq” kitabının çap edilməsi azərbaycanlılara qarşı düşmənçilik hisslərinin açıq-aşkar qızışmasına səbəb oldu. Sov.İKP MK-nın 17 oktyabr 1984-cü il tarixli qərarında deyilirdi ki, son vaxtlarda Ermənistanda millətçilik əhval-ruhiyyəsini qızışdıran əsərlər yazılır, tarixi həqiqətlər təhrif edilir, azlıqda qalan millətlərin dilinin və mədəniyyətinin inkişafına imkan yaradılmır, partiya, sovet və təsərrüfat strukturlarında onların nümayəndələri təmsil olunmurlar və s.
1985-ci ildə Mixail Qorbaçovun SSRİ rəhbərliyinə gəlməsindən sonra “yenidənqurma” və “aşkarlıq” pərdəsi altında Ermənistanda və DQMV-də millətçilik ab-havası gündən-günə qızışırdı. 1987-ci ilin avqustunda ermənilər Dağlıq Qarabağdan və Ermənistandan 75 min imza toplayaraq Kremlə göndərmişdilər. Həmin il noyabrın 18-də M. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri akademik Abel Aqanbekyan Parisdə “L’Humanite” qəzetinə verdiyi müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan etdi. Dekabrın 1-də Dağlıq Qarabağ ermənilərinin təmsilçiləri muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında hazırlanmış müraciəti Sov. İKP MK-ya təqdim etmişdilər.
1988-ci il fevralın 13-də DQMV-də gizli fəaliyyət göstərən separatçı “Krunk” (“Durna”) təşkilatının təşkilatçılığı ilə DQMV-nin Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə ilk mitinq keçirilmişdir. Fevralın 20-də Vilayət Xalq Deputatları Sovetinin növbədənkənar sessiyası keçirilmiş, muxtar vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında qərar qəbul edilmişdi. Elə həmin gün Qafan rayonundan qovulan azərbaycanlı qaçqınların ilk dəstəsinin nümayəndələri Azərbaycan KP MK-da qəbul edilmişdi.
Fevralın 21-də axşam Sov.İKP MK-nın Siyasi Bürosu DQMV-də baş verən hadisəni müzakirə etmiş, ermənilərin iddiasının dövlətin mövcud milli-ərazi quruluşunun dəyişdirilməsinə cəhd və yolverilməz olduğu mövqeyi bildirilmişdi. Kremlin ilk rəsmi açıqlamasından narazı qalan ermənilər İrəvanda və Xankəndində etiraz mitinqlərinə başlamışdılar. Fevralın 21-də İrəvanda fəaliyyət göstərən yeganə Dəmirbulaq məscidi (XX əsrin əvvəllərində şəhərdə 8 məscid var idi) və M. F. Axundov adına orta məktəbin binası, C. Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular.
Fevralın 25-də Azərbaycanın öz ərazisindən soydaşlarımızın ilk qaçqınlıq dalğası başladı. DQMV-nin ərazisində ermənilərin təzyiq və təhqirlərinə tab gətirməyən 540 ailə (təqribən 2,5 min nəfər) Ağdam rayonuna, 150 ailə isə (təqribən 500-600 nəfər) Ağcabədi rayonuna pənah gətirmişdi.
Ermənistan ərazisindən isə azərbaycanlıların deportasiyası günü-gündən intensivləşirdi. Fevralın 28-nə olan rəsmi məlumata görə, Qafan rayonundan qonşu Zəngilan rayonuna təqribən 2 min nəfər azərbaycanlı qaçqın kimi gəlmişdi. Həmin günlərdə İmişli və Qubadlı rayonlarına da Ermənistandan yüzlərlə qaçqın ailəsi pənah gətirmişdi. Abşeron rayonuna Ermənistandan canını qurtarıb gələn 200 nəfər qaçqını Mərkəzi Komitənin birinci katibi K. Bağırov və Moskvadan gələn yüksək vəzifəli şəxslər qəbul etmişdilər. Gəncədə və Naxçıvanda Ermənistandan azərbaycanlıların təqib edilmələrinə etiraz əlaməti olaraq aksiyalar keçirilmişdi.
İrəvanda fəaliyyət göstərən “Qarabağ” komitəsinin rəhbərləri Silva Kaputikyan və Zori Balayan fevralın 24-də Moskvada Sov.İKP MK Siyasi Bürosunun üzvü, MK katibi Aleksandr Yakovlevlə üç saata yaxın danışıq aparmışdılar. Fevralın 26-da isə M. Qorbaçovun köməkçisi Georgi Şahnazarovun və A. Yakovlevin  müşayiəti ilə Sov. İKP MK-nın baş katibi M. Qorbaçov S. Kaputikyanı və Z. Balayanı qəbul etmişdi. Lakin Qorbaçov onlara Dağlıq Qarabağın Ermənistana veriləcəyini vəd etməmişdi. Əvəzində, DQMV-nin sosial-iqtisadi inkişafı üçün o dövrün miqyasına görə çox böyük bir məbləğ olan 400 milyon rubl ayrılacağına söz vermişdi. Fevralın 27-də Sov.İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini Karen Brutens Xankəndinə gələrək erməni separatçılarının rəhbərləri ilə tam məxfi görüş keçirmiş, onlara təzyiqləri artırmağı və tələblərindən geri çəkilməməyi məsləhət görmüşdü.
Ermənistandan azərbaycanlıların deportasiyasının qarşısını almağın mümkünsüzlüyünü görən Azərbaycan KP MK martın 1-də MK-nın katibi Həsən Həsənovun başçılığı ilə Ermənistandan gələn azərbaycanlılarla iş aparmaq məqsədilə respublika komissiyası yaratmışdı.
Fevralın 27-28-də Dağlıq Qarabağda və Ermənistanda azərbaycanlılara qarşı edilən zorakılıqlara etiraz əlaməti olaraq keçirilən mitinqdən sonra DTK-nın ssenarisi və erməni ekstremistlərinin bilavasitə iştirakı ilə Sumqayıtda kütləvi iğtişaşlar törədildi. Bundan sonra Ermənistandan azərbaycanlıların yeni qaçqınlıq dalğası başladı.
Erməni millətçiləri üçün Ermənistanda ən münbit rayonlarda yaşayan 200 mindən artıq azərbaycanlını deportasiya etmək, Dağlıq Qarabağ problemini öz xeyirlərinə həll etmək qədər önəmli idi. Azərbaycan hökuməti isə Ermənistandan gələn qaçqınları yük maşınlarına dolduraraq geri qaytarmaqla öz işini bitmiş hesab edirdi. 1988-ci il martın 21-nə olan rəsmi məlumata görə, fevralın 28-dən həmin günədək Ermənistandan 16900 nəfər qaçqın gəlmiş, onlardan 8600 nəfəri geri qaytarılmışdı. Buna baxmayaraq, dağ yolları ilə Ermənistanın Vardenis (Basarkeçər), Masis (Zəngibasar), Razdan (Axta), Krasneselo, Yeğeqnadzor, Ararat (Vedi) rayonlarından qaçqın axını gəlir və əsasən Gəncə, Mingəçevir, Naxçıvan şəhərlərində, Şərur, Zəngilan, Qazax, Salyan, Xanlar (Göygöl), Jdanov (Beyləqan) rayonlarında özlərinə sığınacaq tapırdılar.
11 may 1988-ci ildə ermənilər Ararat (Vedi) rayonunun Şirazlı kəndinə hücum etmiş, iki nəfər qətlə yetirilmiş, xeyli sayda insan yaralanmış, evlər yandırılmışdı. Əhali Sovet-Türkiyə sərhədinə çəkilərək uzun müddət çadırlarda yaşamaq məcburiyyətində qalmışdı.
Ermənistanda yaşayan azərbaycanlıların vəziyyətini öyrənmək, onların problemlərini həll etmək məqsədilə Azərbaycan KP MK-nın katibi Ramiz Mehdiyevin başçılığı ilə İrəvana nümayəndə heyəti göndərilmişdi. 13-15 aprel 1988-ci il tarixində Ermənistanda olmuş nümayəndə heyəti iki dəfə Ermənistan KP MK-nın birinci katibi Karen Demirçyanla görüşmüşdü. Lakin verilən vədlərə baxmayaraq, azərbaycanlılara qarşı edilən zorakılıqlara və onların deportasiyasına son qoyulmamışdı.
1988-ci il mayın 15-də ilk dəfə keçmiş Lenin - indiki Azadlıq meydanında əsasən tələbələrin və ziyalıların iştirakı ilə azərbaycanlıların Ermənistandan qovulmasına etiraz əlaməti olaraq izdihamlı mitinq keçirilmişdi.
1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət etdi ki, buna razılıq versin. Azərbaycan SSR Ali Soveti iyunun 17-də bu qanunsuz tələbi rədd etdikdən sonra Ermənistandakı azərbaycanlıların vəziyyəti daha da ağırlaşdı. İyunun 17-20-də İrəvanda teatr meydanında mitinqə toplaşan qeyzlənmiş erməni dəstələri avtobuslarla azərbaycanlılar yaşayan Masis rayonunun mərkəzinə və Zəngilər, Zəhmət, Dəmirçilər, Dostluq, Nizami, Sarvanlar kəndlərinə basqınlar etdilər. Müdafiəsiz on mindən çox azərbaycanlılar Sovet-Türkiyə sərhədinə toplaşmış, günlərlə orada gecələməyə məcbur olmuşdular. Həmin günlər 20-dən çox azərbaycanlı yaralanmışdı. Rayon mərkəzi Uluxanlı qəsəbəsindən 3 mindən çox azərbaycanlı evlərindən çıxarıldı. Bütün bu iğtişaşlar zamanı SSRİ Daxili İşlər Nazirliyinin rayonda olan qüvvələri yalnız müşahidəçi rolunu oynayırdılar.
1988-ci il iyulun 9-da Azərbaycan KP MK-nın yeni birinci katibi Əbdürrəhman Vəzirovun tapşırığı ilə Şuşada və DQMV-nin digər məntəqələrində özbaşına və yaxud qohumlarının yanında məskunlaşmış azərbaycanlı qaçqınlar muxtar respublika ərazisindən çıxarılaraq digər rayonlara göndərildilər.
1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət heyətinin iclası DQMV haqqında məsələni müzakirə edərək respublikalar arasında sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi haqqında qərar qəbul etdikdən sonra erməni millətçiləri azərbaycanlıların Ermənistan ərazisindən çıxarılması üçün hər yerdə mitinqlər təşkil etməyə başladılar.
Ermənistan EA-nın müxbir üzvü, “Qarabağ” hərəkatının liderlərindən olan akademik Rafael Kazaryan 1988-ci il noyabrın 4-də İrəvanda keçirilən mitinqdə demişdi: “Dəstələrin köməyi ilə emiqrasiyanı təmin etmək lazımdır. Bizə bütün onilliklər ərzində ilk dəfə Ermənistanı türklərdən təmizləmək imkanı verilmişdir. Mən bunu bu on aylıq mübarizəmizin ən böyük nailiyyəti hesab edirəm”.
1988-ci il noyabrın ortalarında Ermənistandan Azərbaycana 80 mindən artıq qaçqın pənah gətirmişdi. Noyabrın 17-də Bakıda “Azadlıq” meydanında keçirilən mitinq zamanı Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilməsi tələbi ilə qətnamə qəbul edilmişdi. Ermənistan televiziyası həmin gün Bakıda keçirilən mitinqdən reportajlar göstərərək, həmin qətnamənin tələblərini dəfələrlə efirdə səsləndirmişdi. Noyabrın 22-də Ermənistan SSR Ali Sovetinin azərbaycanlı deputatların iştirakı olmadan növbədənkənar sessiyası çağırılmışdı. Sessiyanın keçirildiyi opera teatrının binasının qarşısına toplaşan mitinq iştirakçılarının hücumundan sonra Ermənistan rəhbərliyi mitinqçilərin tələbi ilə sessiyanın gedişini dayandırmış, deputatları və rayon rəhbərlərini “qayda-qanunu bərpa etmək” adı altında yerlərə göndərmişdi. Rayon rəhbərlərinə tapşırıq verilmişdi ki, bir həftə ərzində, yəni noyabrın 28-dək Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyasını başa çatdırsınlar.
Rusiya tarixçisi Yuri Pompeev 1988-ci ilin payızında azərbaycanlıların Ermənistandan deportasiyasını belə təsvir edir: “Müdafiəsiz, silahsız azərbaycanlıları adətən çılpaq və əliyalın evlərindən qovaraq deyirdilər: “Ləinətə gəlmiş türklər, rədd olun Ermənistandan!”
Ermənilər noyabrın 25-dən 26-na keçən gecə Kirovakan (indiki Vanadzor) şəhərinə bitişik Şaumyan (əvvəlki adı Vartanlı olmuşdur) kəndə silahlı hücum etmiş, 14 nəfər azərbaycanlını vəhşicəsinə öldürmüş və yandırmışdılar. Kəndin sağ qalan əhalisi qarlı-çovğunlu günlərdə dağlarla, meşələrlə gündüzlər gizlənib yalnız gecələr yol gedərək 13-14 gün ərzində Azərbaycana çatmışdılar.
1988-ci ilin noyabrın 28-də Spitak (Hamamlı) rayonunda da azərbaycanlılara qarşı qırğınlar törədilmişdi. 3 nəfər öldürülmüş, 7 nəfər ağır yaralanmışdı.
1988-ci il dekabrın 7-də Spitak zəlzələsinin baş verməsinədək Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları bütün rayonlarda erməni silahlı dəstələri kütləvi qırğınlar, qətl və qarətlər törətmişdilər.
Erməni quldurları Stepanavan (Cəlaloğlu) rayonunun Kuybışev kəndində 3 azərbaycanlını soyuq silahla qətlə yetirilmişlər. Gərgər kəndində isə bir qadını diri-diri yandırmış və meyitini zibilliyə atmışdılar.
Ermənistan SSR Ali Sovetinin, Nazirlər Sovetinin və KP MK-nın orqanı olan “Kommunist” qəzeti  13 dekabr 1988-ci il tarixlı sayında dərc edilən “Fəlakət anı, məsuliyyət anı” məqaləsində yazılırdı: “Qarabağ” komitəsi avantüristlərinin çağırışına millətçilik azarına tutulmuş bir sıra partiya-sovet işçiləri də qoşulmuşlar. Ayrı-ayrı rayonlarda millətlərarası qırğına sürükləyən coşmuş ehtirasları cilovlamaq, vətəndaşları müdafiə etmək, təxribatçıları ifşa etmək əvəzinə, onlar adamların (yəni azərbaycınlıların) kütləvi surətdə çıxarılmasına fitva verdilər. Bu cür “missiya” ilə bəzi “xadimlər” Kirovakanda, Stepanavanda, Artaşatda evləri bir-bir gəzirdilər.” Daha sonra qəzet yazırdı ki, azərbaycanlıların deportasiyasını müəyyən olunmuş müddətdə başa çatdırmaq üçün Kalinin, Spitak, Quqark, Noyemberyan, Krasnoselo, Vardenis, Yağeqnadzor, Əzizbəyov, Ararat, Masis, Sisyan və Meğri rayonlarının rəhbərləri xüsusilə canfəşanlıq göstərmişlər.
1988-ci ilin noyabr-dekabr aylarında bir tərəfdən Ermənistanın azərbaycanlılar yaşayan kəndlərinin əhalisi sıxışdırılır, kəndlərə ərzaq göndərilmir, elektrik xətləri kəsilir və silahlı basqınlar edilir, digər tərəfdən kəndləri tərk edən ailələrə yollarda divan tutulur, əmlakları qarət edilir, özləri isə qətlə yetirilirdilər. Ermənistanda milli zəmində baş verən cinayətlərin əksəriyyəti əsasən azərbaycanlı əhalinin öz yaşayış məntəqələrini tərk etməyə məcbur olduqları vaxt baş vermişdi. Ermənistandan Azərbaycana gedən bütün yollar üzərində bir neçə yerdə silahlı quldur dəstələri yerləşdirilmişdi. Quldurların əksəriyyəti milis forması geyərək özbaşına yoxlama-buraxılış məntəqələri yaratmışdı. Onlar bütün maşınları saxlayır, sərnişinlərin sənədlərini yoxlayır və maşında azərbaycanlılar olduğunu müəyyən edən kimi onları maşından düşürür, əmlaklarını boşaldaraq qarət edir, özlərini isə vəhşicəsinə qətlə yetirirdilər.
Həmişə milli ayrıseçkilik siyasəti yürüdən Ermənistan rəhbərliyi zəlzələdən sonra da öz çirkin əməllərini davam etdirmişdi. Zəlzələ zamanı həlak olmuş, ağır yaralanmış, evləri dağılmış azərbaycanlıların taleyinə biganə qalmışdılar. Spitak və Quqark rayonlarının rəhbərləri həmin rayonların hərbi komendantlarına təqdim etdikləri siyahıda azərbaycanlı kəndlərinin adlarını siyahıdan çıxarmışdılar ki, guya artıq orada əhali yaşamır. Bununla da onları ərzaq və digər zəruri şeylərlə təmin etməkdən, tibbi yardımdan məhrum etmişdilər.
Müvafiq sənədlər və şahidlərin verdikləri ifadələr əsasında 1990-cı ildə Azərbaycan Qaçqınlar Cəmiyyətində tərtib edilmiş siyahıya əsasən, 1988-1990-cı illər ərzində Ermənistanda 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş və ya millətlərarası münaqişə zəminində baş vermiş hadisələr nəticəsində həlak olmuşdur. Həmin siyahıya əsasən, 52 nəfər aldığı xəsarət nəticəsində ölmüş, 34 nəfər işgəncə ilə öldürülmüş, 20 nəfər odlu silahla qətlə yetirilmiş, 15 nəfər yandırılmış, 8 nəfər maşınla vurulmuş, 9 nəfər yollarda qəzaya uğradılmış, 7 nəfər həkim qəsdi nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölmüş, 2 nəfər intihar etmiş, bir nəfər asılmış, 2 nəfər maşın partladılması nəticəsində, bir nəfəri elektrik cərəyanı ilə, bir nəfəri suda boğub öldürmüşdülər, 6 nəfər itkin düşmüş, 20 nəfər xəstəxanadan yoxa çıxmış, 48 nəfər isə dağlarda borana düşüb həlak olmuşlar.
SSRİ Prokurorluğunun məlumatında bildirilirdi ki, 1988-1989-cu illərdə Ermənistan SSR-də milli zəmində baş verən cinayət faktları üzrə 675 cinayət işi qaldırılmışdır, onlardan 283-ü istintaq aidiyyati üzrə Azərbaycana göndərilmişdi. Eyni zamanda, Azərbaycan SSR-dən Ermənistana təhqiqat üçün 138 cinayət işi daxil olmuşdu. 1989-cu il dekabrın 31-nə olan məlumata görə Ermənistanın hüquq-mühafizə orqanlarının icraatında olan bu qəbildən 530 cinayət işindən 200 iş üzrə cinayət açılmamış və istintaq dayandırılmışdı.
Keçmiş İttifaq orqanları azərbaycanlıların Ermənistandan deportasiyasına seyrçi münasibət göstərdi. Demək olar ki, bütün azərbaycanlılar Ermənistandan qovulduqdan sonra, yəni 1988-ci il dekabrın 6-da Sov. İKP MK və SSRİ Nazirlər Soveti “Vətəndaşların daimi yaşayış yerlərini məcburi tərk etməsində Azərbaycan SSR və Ermənistan SSR-in yerli orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin yolverilməz hərəkətləri haqqında” qərar qəbul etmişdi.
Zəlzələnin vurduğu ziyanları aradan qaldırmaq, iqtisadiyyatı bərpa etmək üçün Ermənistana xeyli miqdarda işçi qüvvəsi lazım idi. Məhz bu məqsədlə də 1989-cu il yanvarın 4-də Ermənistan rəhbərliyinin “xahişi” ilə Azərbaycan rəhbərliyi hər iki respublikanın KP MK-larının, Ali Soveti Rəyasət Heyətlərinin və Nazirlər Sovetlərinin adından daimi yaşayış yerlərinə qayıtmaları üçün qaçqınlara müraciət etmişdi.
Ermənistan rəhbərliyi azərbaycanlıların Ermənistana qayıtmasına təminat verilməsi illüziyası yaratmaq məqsədilə 15 dekabr 1988-ci ildə Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 6 dekabr tarixli yuxarıda adı çəkilən qərarının yerinə yetirilməsinin gedişini müzakirə edərək 13 nəfər rəhbər işçini partiya sıralarından xaric etmiş, 68 nəfərə partiya tənbehi vermişdi. Büro həmçinin Quqark rayon Partiya Komitəsinin birinci katibini və İcraiyyə Komitəsinin sədrini işdən azad etməklə kifayətlənmiş, Stepanavan və İcevan rayonlarının birinci katiblərinə ciddi töhmət vermiş, adları çəkilən rayonlardan əlavə Yeğeqnadzor, Krasnoselo, Ararat, Masis, Amasiya, Noyemberyan rayonlarında vətəndaşların hüquqlarının pozulması, şantaj və kütləvi iğtişaşlara yol verildiyini qeyd etmişdi. Ermənistan Prokurorluğu isə Sevan, Kalinino və Abovyan rayonlarının prokurorlarını işdən azad etmişdi. Lakin bütün bu “tədbirlər” azərbaycanlıların tarixi-etnik torpaqlarından faktiki olaraq qovulmalarından sonra  həyata keçirilmişdi və azərbaycanlılara heç bir faydası yox idi.
Məhz Moskvanın ermənilərə arxa durması nəticəsində 1988-1989-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məskənləri boşaldıldı. Ermənistanın Meğri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi - Nüvədi də 1991-ci il avqustun 8-də boşaldıldı.
Ümumiyyətlə, həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində Ermənistanın 22 kənd, rayonundan və 6 şəhərindən təqribən 250 min azərbaycanlı tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldular.
1988-ci ilə qədər Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi respublika ərazisinin (29, 8 min kv.km.) 25 faizini, yaxud təqribən 7,5 min kv. km təşkil edirdi.
Ermənistan rəhbərliyi azərbaycanlıların etnik təmizlənməsi aksiyasını başa çatdırdıqdan sonra, onların yaşadıqları kəndlərin adlarını dəyişdirməyə başlamışdır. İndiyədək Ermənistanda 702 azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilərək erməniləşdirilmişdir. Hazırda tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövləti yaradılmışdır.
18 sentyabr 2013-cü ildə Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışında sözlərini hər bir azərbaycanlıya, hər bir ziyalıya ünvanlayaraq demişdir: “Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir, Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq.”

Nazim Mustafa,
AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi