Ruslara qarşı terror

XVIII əsrin əvvəllərindən etibarən Çar Rusiyası Cənubi Qafqazda müstəmləkəçilik planlarını həyata keçirmək məqsədilə erməni amilindən məharətlə istifadə etmişdir. Ermənilər də Rusiyanın İran və Türkiyə ilə apardığı müharibələr zamanı işğal etdiyi ərazilərdə sonralar öz dövlətlərini yaratmağa nail olmuşlar. Rusiyanın hakim dairələri ermənilərdən həmişə bir alət kimi istifadə etmiş, eyni zamanda, “velikorus” mənafeyini ermənilərin “Böyük Ermənistan” iddialarından həmişə üstün tutmuşdur. Ruslar tarixin müəyyən dönəmlərində, ermənilərdən istifadə edərək öz məqsədinə nail olduqdan sonra onları taleyin hökmünə buraxmışlar.
Yüz illər boyu Osmanlı imperiyasından himayə görən ermənilərin türklərə xəyanət edərək, onlara arxadan zərbə vurmalarnı ruslar heç vaxt nəzərdən qaçırmamışlar. Ona görə də ruslar qətiyyən ermənilərin sədaqətinə inanmamışlar.
Ermənilər ruslara qarşı ilk terror əməliyyatını Rusiya imperatoru II Aleksandra qarşı həyata keçirmişlər. 4 aprel 1866-cı ildə II Aleksandra sui-qəsd edən və buna görə də edam cəzasına məhkum edilən inqilabçı-terrorçu Dmitri Karakozovun vaxtilə İrandan Qarabağa köçən Karakozovların (Qaragözovlar) nəslindən olması barədə məlumatlar mövcuddur.
XIX əsrin sonuncu rübündə Cənubi Qafqazda erməni separatizmi və terroru güclənmiş, erməni kilsələri silah-sursat anbarına çevrilmişdi.
Müəyyən mərhələlərlə İran və Türkiyədən Cənubi Qafqaza köçürülüb gətirilən ermənilərin özləri bu regiona gəlmə olduqları halda, Rusiya hökumətinin Qafqazda və Qars vilayətində ruslaşdırma siyasətinə qarşı çıxırdılar. Rusiya, həmin əsrin 70-ci illərindən etibarən Cənubi Qafqazda və Qars vilayətində kütləvi surətdə rus sektalarını məskunlaşdırmağa başlamışdı. Ermənilər rusların kütləvi surətdə məskunlaşdırılmasından ciddi narahat olur, hər vasitə ilə bu işə maneçilik törədirdilər. Xarici dövlətlərin, xüsusən də İngiltərə və Fransanın Qafqazda müstəqil dövlət qurmaq işində onlara yardım edəcəklərinə inanan ermənilər, daha çox ərazilərə sahib olmaq üçün “Qafqazda rusların məskunlaşdırılması üçün boş torpaqlar yoxdur!” şüarını irəli sürmüşdülər.
Rus tədqiqatçı-jurnalisti V.Veliçko Yelizavetpol quberniyasının Tərtər qəsəbəsində “dinc” və “mədəni” ermənilərin “iblis qəddarlığı” ilə rusların başına gətirdikləri faciəni ürək ağrısı ilə təsvir etmişdir. V.Veliçko yazır ki, Tərtər kəndində 10-larla rus ailəsinın məskunlaşdırılmasından sonra ətraf kəndlərdə yaşayan ermənilərin nümayəndəsi gələrək ruslardan tələb etmişdir ki, qəsəbəni tərk etsinlər. Sonra isə əli xəncərli erməni bandaları rusların içməli su gətirdikləri yolu kəsmiş, sonra isə rusların məcbur qalıb içməli su kimi istifadə etdikləri çaya peyin, heyvan cəmdəklərini tökmüş, hər cür zibillə onu müntəzəm zəhərləmişdilər. Daha sonra V.Velişko yazır ki, bütün bunlardan sonra qəsəbədə elə xəstəlik yayılır ki, düşünəndə adamın tükləri biz-biz olur. İnsanlar diri-diri çürüməyə başlamış, bədənlərini üfunətli yara bürümüş, dözülməz dərddən qupquru qurumuşdular. Tərtərə göndərilən erməni həkimi dava-dərman əvəzinə cəhənnəm əzabına düçar olan ruslara demişdi: “Rədd olun, rus köpəkləri, yoxsa hamınız qırılacaqsınız”. Bu kəndin əhalisinin üçdə ikisi tamamilə qırılmış, qalanları qaçıb getmişdilər.
Göründüyü kimi, rusların himayədarlığı ilə gətirilib həmin regionda yerləşdirilən ermənilər özlərinə yer elədikdən sonra nəinki aborigen azərbaycanlılara, habelə rusların özlərinə də qənim kəsilmişdilər.
1887-ci ildə Q.Qolitsının Qafqazın baş rəisi təyin edilməsindən sonra Eçmiədzin katolikosluğuna, xüsusən də erməni siyasi təşkilatlarına qarşı münasibət kəskin şəkildə dəyişmişdi. Q.Qolitsın erməni siyasi partiyalarının, erməni kilsəsinin və onun nəzdindəki məktəblərin terror yuvasına çevrildikləri qənaətinə gəlmişdi. Onun qaldırdığı vəsatət əsasında 1903-cü il iyunun 12-də erməni kilsəsinin əmlakının Rusiyanın Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında İmperator qanunu imzalanmışdı. Bu qanunun qəbul edilməsindən sonra, başda bütün ermənilərin katolikosu Mkrtiç Xrimyan olmaqla, erməni siyasi təşkilatları çar məmurlarına qarşı sui-qəsdlər və terror aktları həyata keçirməyi qərara almışdılar. Həmin qanunun icrası erməni kilsələrinin maliyyələşdirdiyi siyasi partiyaların maddi vəziyyətinə ciddi zərbə vurmuş, bu da öz növbəsində erməni terrorizminin genişlənməsinə, antirus əhval-ruhiyyəsinin qızışmasına səbəb olmuşdu.
Erməni terrorçu təşkilatları knyaz Q. Qolitsını aradan götürmək üçün terrora əl atmışdılar. 14 oktyabr 1903-cü ildə “Hnçak” partiyasının terrorçu dəstəsinin dilənçi qiyafəsinə girən üzvləri Tiflisin ətrafındakı Botanika bağında arvadı ilə gəzintidən sonra şəhərə qayıdarkən knyaz Qolitsının ekipajına hücum edərək onu xəncərlə ağır yaralamışdılar. Terrorçulara tapşırıq verilmişdi ki, Qolitsının başını bədənindən ayırıb, Tiflisin “İrəvan meydanı”ndakı dirəyə sancsınlar. Qolitsını öldürməyə müvəffəq olmayan erməni terrorçuları onun sarayını partlatmaqla onun həyatına son qoymağa çalışmışdılar. Qolitsın uzun müddət vəzifəsini icra edə bilmədiyi üçün 1904-cü ilin iyulunda Rusiyaya getmiş və istefa etməyə məcbur olmuşdu.
Eçmiədzin kilsəsi və “Daşnaksutyun” partiyasının birgə təşkilatçılığı ilə çar II Nikolaya qarşı da sui-qəsd planı hazırlanmışdı. Bu əməliyyatın həyata keçirilməsi üçün “Daşnaksutyun” partiyasının 4 üzvü Bakıdan Peterburqa göndərilmişdi. “Armenak”, “Qriqor”, “Simon” və “Kaspar” gizli adları altında fəaliyyət göstərən terroçular niyyətlərini həyata keçməyə imkan tapmamış və ifşa olunmuşdular.
1903-cü il avqustun 13-də Aleksandropol (indiki Gümrü) şəhərindəki rus pravoslav kilsəsinin baş keşişi Vasilov “Daşnaksutyun” partiyasının terrorçuları tərəfindən xəncərlə qətlə yetirilmişdi.
XIX əsrin 90-cı illərində xarici dövlətlərin təhriki ilə Türkiyə ərazisində baş qaldıran erməni üsyanlarının yatırılmasından sonra 400 mindən artıq erməni Cənubi Qafqaza axışmışdı. 1905-ci ildə Qafqaza canişin təyin edilən İllarion Voronsov-Daşkovun ermənipərəst mövqeyindən istifadə edən “Daşnaksutyun” və “Hnçak” partiyaları Türkiyədən gələn erməni ailələrini məskunlaşdırmaq üçün İrəvan, Yelizavetpol (Gəncə) və Tiflis quberniyalarında azərbaycanlılar yaşayan əraziləri silah gücünə təmizləmək siyasəti həyata keçirmişdilər.
Digər tərəfdən, erməni siyasi partiyaları öz silahlı dəstələrini mailyyələşdirmək üçün terrorçu dəstələrinin vasitəsi ilə banklara və poçt şöbələrinə basqınlar edir, inkassatorları öldürür, silah-susat daşıyan qatarlara bacqınlar edirdilər. Milliyyətindən asılı olmayaraq terrorçuların tələblərinə əməl etməyən ayrı-ayrı sahibkarlara qarşı da sui-qəsdlər həyata keçirirdilər.
1905-ci ilin əvvəlində Bakıdan başlayan, sonralar bütün Cənubi Qafqazı bürüyən bu qırğınlara hakim dairələrin göz yumması üçün əvvəlcə onları qorxutmaq, başqa sözlə, sui-qəsdlər təşkil etmək, terror aksiyalarına başlamaq lazım gəlirdi. Qafqaz Canişinliyinin sənədlərində göstərilir ki, erməni təşkilatları 1905-1906-cı illərdə öz siyasi məqsədlərinə nail olmaq üçün Canişinlikdə və onun yerli orqanlarında fəaliyyət göstərən ruslara və rusdilli məmurlara qarşı çoxsaylı terror aktları həyata keçirmişlər.
Erməni terrorçuları törətdikləri təxribatların qarşısını almağa cəhd göstərdiyinə görə 11 sentyabr 1904-cü ildə Yelizavetpol (Gəncə) quberniyasının vitse-qubernatoru Andrey Andreyevi qətlə yetirmişdilər.
“Daşnaksutyun” partiyasının terrorçu dəstəsinin üzvləri 1905-ci il mayın 11-də Bakının gürcü əsilli, ruslaşmış general-qubernatoru knyaz Mixail Nakaşidzenin faytonuna bomba ataraq onun ölümünə səbəb olmuşdular. Hərbi məhkəmənin qərarı ilə M.Nakaşidzeyə sui-qəsd edən terrorçulara edam hökmü çıxarılmışdı.
Erməni terror təşkilatları İrəvan quberniyasında da çar məmurlarına qarşı terror aktları həyata keçirmişdilər. İrəvan qubernatoru Qafqazın Baş Rəisliyinə göndərdiyi məxfi məktubda yazırdı ki, 1903-cü il sentyabrından 1904-cü ilin iyul ayınadək İrəvan quberniyasında erməni komitəçiləri tərəfindən İrəvan şəhərində polis işçisi öldürülmüş, Aleksandropolda (Gümrüdə) polis işçisi Dardımanov qətlə yetirilmiş, Sürməli qəzasının rəisi polkovnik Boquslavski qətl edilmiş, quberniyanın kəndlərində “ümumerməni işinin” həyata keçirilməsinə mane olan bir neçə nəfər qətlə yetirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində polkovnik Yakovlevin imzası ilə saxlanılan bir sənəddə 1905-ci il fevralın 19-da İrəvan şəhərində qubernatorun dəftərxanasının yaxınlığında quberniya həkimi, mülki müşavir Urazovun qətlə yetirildiyi yazılır. Mərhumun bədənində bir neçə xəncər yarası aşkar edildiyi qeyd edilir. Ermənilər quberniya həkimi Urazovu qətlə yetirdikdən sonra onun yerinə erməni millətindən olan bir həkimin təyin edilməsinə nail olmuşdular. Bununla da ermənilər iğtişaşlar zamanı azərbaycanlıların tələfatının daha az, ermənilərin tələfatının isə daha çox göstərilməsini təmin etmişdilər.
Erməni terrorçuları rus ordusunun zabitlərindən o kəslərə qarşı terror aktları həyata keçirmişdilər ki, onlar ya erməni silahlı dəstələrinə qarşı mübarizə aparmış, ya da onların tərksilah edilməsində iştirak etmişdilər. Məhz bu səbəbdən General Maqsud Əlixanov-Avarski 1907-ci il iyulun 3-də erməni terrorçuları Dro (Drastamat Kanayan) və Kamo (Simon Ter-Petrosyan) tərəfindən Gümrüdə karetasına bomba atılaraq qətlə yetirilmişdi.
“Daşnaksutyun” partiyasının mərkəzi komitəsi general Frezenin öldürülməsini ona görə qərara almışdı ki, o, erməni terrorçu dəstələrinin Türkiyə ərazisindən Aleksandropol qəzasına buraxılmaması haqqında sərəncam vermişdir və nəticədə bu bandalardan biri sərhədi keçərkən məhv edilmişdi. Həmin bandalardan birinin məhv edilməsinə rəhbərlik edən sərhəd mühafizəsinin rəisi podpolkovnik Bıkovu erməni terrorçuları qətlə yetirmişdilər.
Ermənilər 1905-ci ildə Sürməli qəzasında kütləvi qırğınlara başlamazdan öncə qəzada erməni terroruna qarşı mübarizə aparan administrasiya nümayəndələrini hədəfə götürmüşdülər. “Daşnaksutyun” partiyasının “Qara siyahı”sına düşənlərdən biri də Sürməli qəzasının rəisi podpolkovnik Boquslavski idi. Uzun müddət təqib etdikdən sonra erməni terrorçuları Boquslavskini 11 iyul 1904-cü ildə gecə saat 2-də İqdırın bazarında odlu silahla qətlə yetirmişdilər. İrəvan qubernatoru dərhal hadisə yerinə getsə də, qatili tapmaq mümkün olmamışdı. Boquslavskinin erməni terrorunun qurbanı olmasının digər səbəbi onun İqdır qəzasının rəisi olduğu zaman 1903-cü il 12 iyun qanunun yerinə yetirilməsində - yəni erməni kilsəsinin əmlakının müsadirə edilməsində fəallıq göstərməsi olmuşdu.
Bundan bir müddət sonra erməni terrorçuları Sürməli qəzasının yeni təyin edilən rəisinə qarşı da terror aktı həyata keçirmişdilər. Belə ki, qəza rəisi kapitan Dudnikov İrəvanda olarkən ermənilər onu qətlə yetirmək üçün iki dəfə atəş açsalar da, güllələr xoşbəxtlikdən hədəfə dəyməmişdi.
Ermənilər çar məmurlarını qorxu içərisində saxlamaqla, Cənubi Qafqazda türklərə qarşı törətdikləri qırğınlara rəsmi hökumət dairələrinin seyrçi münasibət bəsləməsinə nail olurdular.
“Daşnaksutyun” partiyasının 1907-ci ildə keçirilən IV qurultayında Rusiyanın hökumət məmurlarına qarşı hücum taktikasından əl çəkməsi haqqında qərar qəbul edilməsindən sonra erməni terroruna bir müddət ara verilmişdi. Erməni terrorçuları yenidən öz fəaliyyətlərini Türkiyə ərazisində davam etdirmişdilər.
Qafqaz Canişinliyinin Polis Departamentinin 1909-cu ilə aid arxiv sənədində “Daşnaksutyun” partiyasının dövlət məmurlarından general Əlixanov-Avarskinin, qubernator Nakaşidzenin, vitse-qubernator Andreyevin, qəza rəisləri Boquslavskinin, Şmerlinqin, Neşanskinin, Pavlovun, polisemeyster Saxarovun, pristavlar Cavaxov və Şumakeviçin, sərhəd mühavizəçisi Bıkovun terror yolu ilə qətlə yetirdiyi qeyd edilmişdir.
Birinci Dünya müharibəsi ərəfəsində Türkiyəni parçalamaq istəyən dövlətlər tərəfindən “erməni məsələsi” yenidən gündəliyə gətirilmişdi. Bir-birinə düşmən olan Antanta və Üçlər İttifaqı ayrı-ayrılıqda ermənilərin himayədarı rolunda çıxış edirdilər. Birinci Dünya müharibəsi başlamazdan bir qədər əvvəl ermənilər kütləvi surətdə Qafqazdakı rus ordusunun tərkibinə daxil olur, bununla yanaşı ayrıca erməni könüllü birlikləri (drujinalar) təşkil edirdilər. Ermənilərin məqsədi “Qərbi Ermənistan” adlandırdıqları Türkiyənin Şərqi Anadolu vilayətlərinin işğalına nail olmaqdan ibarət idi.
1914-cü ilin noyabrında çar II Nikolay Tiflisdə bütün ermənilərin katolikosu V Gevorqa vəd vermişdi ki, “erməni məsələsi” ermənilərin gözlədiyi kimi, müharibənin sonunda, sülh danışıqları zamanı həll ediləcək. Lakin ermənilərin gözlədiklərinin əksinə olaraq, ruslar erməni könüllü birlikləri ilə birlikdə “Qərbi Ermənistan”ı işğal etdikdən sonra ermənilərə vəd etdikləri muxtariyyət məsələsini unutdular. Ermənistanda daşnak hökumətinin baş naziri olmuş Kaçaznuni bu məsələ ilə əlaqədar olaraq yazırdı: “ruslar elə hərəkət etdilər ki, Ermənistan boşaldılsın, sonra isə oraya kazakları köçürsünlər. Knyaz Lobanov-Rostovskinin (Rusiyanın xarici işlər naziri – müəllif) hamıya bəlli “Ermənisiz Ermənistan” layihəsi həyata keçirilsin”. Beləliklə, ermənilərin “Böyük Ermənistan” arzuları birdəfəlik puça çıxmışdı.
Erməni tarixçisi V. Ananikyan “Daşnaksutyun” partiyasının şovinist simasını açıb göstərərək yazır ki, “Daşnaksutyun”a görə ermənilərin düşməni təkcə müsəlman dünyası deyil, habelə, kürdlər, gürcülər və ruslar da onların düşməni idilər.
Erməni şovinizminin güclənməsi nəticəsində 1918-1920-ci illərdə nəinki türklər və kürdlər, eyni zamanda, ruslar da təcavüzə məruz qalmışdılar. Qazax mahalının Karvansara nahiyəsinin (indiki İcevan) Nikitino və Mixaylovo kəndlərinin rus icmasının ermənilər tərəfindən soyğunçuluğa məruz qalması barədə Cənubi Qafqaz Rus Milli Şurası 15 avqust 1918-ci ildə Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinə üç protokol təqdim etmişdi. Həmin sənədlərdə Rus Milli Şurası erməni silahlı qüvvələrinin azğınlığına son qoyulması üçün Azərbaycan hökumətindən tədbir görülməsini xahiş edirdi.
Erməni silahlı qüvvələri 1918-ci ildə Gədəbəy nahiyəsində də rus icması yaşayan kəndləri darmadağın etmiş, əllərinə keçəni talan etmişdi. Həmin nahiyənin Saratovka kəndindən 47 ailə (315 nəfər), Novo-İvanovka kəndindən 21 ailə (112 nəfər) Gəncə şəhərinə pənah gətirmiş, Himayəçilik Nazirliyinin Gəncə dairəsində qaçqın kimi qeydə alınmışdılar.
1877-1878-ci illər rus-türk müharibəsindən sonra Qars vilayətinin 31 kənd və şəhərində ruslar (molokanlar) məskunlaşdırılmışdı. Qars və Batum vilayətlərini əhatə edən ərazidə qurulmuş Cənubi-Qərbi Qafqaz Respublikasını 1919-cu ilin aprelində ingilis qoşunları süquta yetirmiş və Qars vilayətini ermənilərin idarəçiliyinə vermişdilər. Fürsətdən istifadə edən ermənilər, Qars vilayətində türklərlə bərabər ruslara da divan tutmuşdular. Nəticədə rus icması erməni qırğınlarından və talanllarından qurtulmaq üçün yaşayış məskənlərini tərk etmək məcburiyyətində qalmışdı.
1920-ci il iyulun 20-də Qars vilayəti Rus Milli Şurasının üzvləri Rusiyanın Gürcüstandakı səlahiyyətli nümayəndəsinə müraciət edərək bildirmişdi ki, ermənilər Blaqodarno kəndində bir neçə nəfəri öldürmüş, sağ qalanlar kənddən qaçmışlar. Novo-Selim kəndində ermənilər 15 qadını zorlamış, kəndin starşinasını öldürmüşdülər. Novo-Petrovka kəndindən 4 nəfəri öldürmüş, Vladikars kəndinin bütün əmlakını talan etmişdilər.
Qars vilayəti Rus Milli Şurasının Rusiyanın Gürcüstandakı daimi nümayəndəsinə etdiyi müraciətin sonunda deyilirdi: “Bax, beləcə yaradılır “Böyük Ermənistan”, əhalinin tökülən qanları və göz yaşları Qars divarlarını örtmüşdür. 205 min müsəlman əhalidən sərhəd zolağında cəmisi 50 min nəfər qalmışdır, yunanlar çəkilib getmişlər, yerdə qalan rusların gözləri Şimala (yəni Rusiyaya –müəllif) dikilmişdir. Bütün əhali sizdən xahiş edir ki, qısa zamanda onların köçürülməsi imkanını nəzərdən keçirəsiniz. Bundan öncə isə, Qars vilayəti əhalisini daşnak qırğınlarından qorumaq üçün bütün mümkün tədbirləri görəsiniz”.
1920-ci ilin oktyabrında türk qoşunları yenidən Qars vilayətini erməni silahlı qüvvələrindən təmizlədiyi zaman cəmisi 3 kənddə, az miqdarda rus əhalisi qalmışdı.
1918-ci ilin mayında keçmiş İrəvan xanlığı ərazisində daşnak hakimiyyəti qurulduqdan sonra da bir çox rus zabitləri Ermənistan ordusuna qatılaraq qulluqlarını davam etdirmişdilər. Lakin onları “etibarsız ünsür” hesab edir və yüksək rütbəli erməni zabitlərinin tabeliyində saxlayırdılar. Rus zabitləri hər cür repressiyalara məruz qalırdılar. 1920-ci ilin mayında Ermənistanda 5 rus zabitini öldürmüşdülər. Aleksandropolda (Gümrüdə) isə ermənilər Rus Milli Şurasının sədri Ressleri qətlə yetirmişdilər.
1918-1920-ci illərdə Ermənistanda rusların yaşadıqları kəndləri tərk edərək Cənubi Azərbaycana qaçmalarını müşahidə edən gürcü müəllifi Karibi 1920-ci ildə Tiflisdə nəşr etdirdiyi “Qırmızı kitab”da yazırdı: “Daşnak yazıçıları dünyaya sübut etmək istəyirlər ki, onlar Rusiyanı çox sevirlər. Lakin rus kəndliləri qorxu içərisində Ermənistanı tərk edərək öz vətənlərinə deyil, Məhəmməd hümməti İrana qaçırlar. Onlar yaxşıdan yaxşısını axtarmırlar. Hesab etmək lazımdır ki, əgər rus kəndliləri Ermənistanda yaxşı yaşamış olsaydılar, onlar heç bir dini, siyasi və mədəni əlaqəsi olmayan İranda özlərinə sığınacaq axtarmazdılar”.
Amerika tədqiqatçısı Səmyuel Uimz “Ermənistan - terrorçu "xristian" ölkənin gizlinləri” əsərində yazır ki, XX əsrin lap əvvəllərindən erməni kilsəsi ilə terrorçu siyasi hərəkatın (yəni “Daşnaksutyun” partiyasının – müəllif) birləşməsi bu gün də davam edir. Müəllif erməni kilsəsinin üsyanları planlaşdıran və həyata keçirən terrorçuların qərargahı kimi fəaliyyət göstərdiyini, terrorçuların üsyan əmrini almaq üçün kilsə xadimlərinin qərarını gözlədiklərini yazır.
Sovet hakimiyyəti illərində də gizli erməni təşkilatları öz istəklərinə nail olmaq üçün Rusiyanın müxtəlif şəhərlərində, o cümlədən Moskvada dəfələrlə terror aksiyaları həyata keçirmişlər.
8 yanvar 1977-ci ildə Moskva şəhərində erməni terrorçuları tərəfindən bir-birinin ardınca üç terror aktı həyata keçirilmişdir. Əvvəlcə metronun “İzmayılovsk” və Pervomaysk” stansiyaları arasında hərəkət edən vaqona qoyulan bomba partladılmış, sonra “Lubyanka” küçəsindəki ərzaq mağazasına, bir qədər sonra isə “Nikolskaya” (keçmiş “Oktyabr”) küçəsinin yaxınlığındakı zibil qutusuna qoyulmuş bomba partladılmışdı. Partlayışlar zamanı 7 nəfər ölmüş, 37 nəfər yaralanmışdı.
Həmin terrorçu qrupun istintaqı zamanı müəyyən edilmişdi ki, qrup üzvləri noyabrın 7-də Moskvanın Kursk vağzalında da silsilə terror aktları törətməyi planlaşdırırmışlar. Terror aktını İrəvan şəhərinin sakinləri Stepan Zatikayn, Hakop Stepanyan və Zaven Bağdasaryan törətmişdilər. Bir ildən artıq çəkən istintaqdan sonra qapalı şəkildə keçirilən məhkəmə iclasında hər üç terrorçuya ən yüksək cəza – güllələnmə hökmü çıxarılmış və icra edilmişdi.
Ermənistanın o zamankı rəhbəri Karen Dəmirçyan istintaq prosesinə mane olmaq istəsə də, onları xilas edə bilməmişdi. İstintaq müəyyən etmişdi ki, terrorçular İrəvanda gizli fəaliyyət göstərən və ASALA terrorçu təşkilatı ilə bağlı olan Milli Birlik Partiyasının üzvləridirlər.
XX əsrin 90-cı illərində ermənilər tərəfindən Şimali Qafqaz ərazisində sərnişin və dəmiryol nəqliyyatında həyata keçirilən terror aktları nəticəsində onlarla rus həlak olmuşdur.
8 aprel 1991-ci ildə Rostov şəhərində SSRİ DİN-in podpolkovniki Vladimir Blaxotin erməni terrorunun qurbanı olmuşdur. Ermənilər 1988-1990-cı illərdə Dağlıq Qarabağ Muxtar Respublikasının hərbi komendantı olmuş general Vladislav Safonovun maşını ilə Blaxotinin maşınını nömrəsini dəyişik salmış, podpolkovnikin maşınını partladaraq onu qətlə yetirmişdilər. General Safonov hələ DQMV-də hərbi komendant olarkən qayda-qanun yaratmaq istəməsi ermənilərə sərf etmədiyi üçün İrəvanda keçirilən mitinqlərin birində ona qarşı ölüm hökmü çıxarmışdılar. İstintaqla müəyyən edilmişdi ki, terror aktını Xankəndi, İrəvan və Rostov şəhərinin sakinləri olan ermənilər törətmişlər. Məhkəmə cinayətkarlara müxtəlif müddətdə həbs cəzası kəsmişdir.
1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi vəzifəsində çalışmış Viktor Polyaniçkonun qətlində də “erməni izi” vardır. Belə ki, 1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə DQMV-də ermənipərəst Arkadi Volskinin rəhbərliyi ilə yaradılmış Xüsusi İdarə Komitəsi həmin ilin sonunda ləğv edildikdən sonra V.Polyaniçkonun sədrliyi altında Təşkilat Komitəsi yaradılmışdı. 1990-1991-ci illərdə V.Polyaniçko Xankəndidə işlədiyi dövrdə ona qarşı 6 dəfə sui-qəsd təşkil edilsə də ermənilər istəklərinə nail ola bilməmişdilər. Azərbaycandan gedəndən ilyarım sonra – 26 iyun 1993-cü ildə V.Polyaniçko Rusiya prezidentinin sərəncamı ilə Şimali Osetiya və İnquşetiya münaqişəsi üzrə səlahiyyətli nümayəndə edilmişdi. V.Polyaniçko 1 avqust 1993-cü ildə Şimali Osetiyada öz xidməti maşınında inquş döyüşçülərinin rəhbərləri ilə görüşə gedərkən hücuma məruz qalmış və 15 güllə yarasından yerindəcə keçinmişdi. Onunla bərabər Vladiqafqaz qarnizonunun rəhbəri general-mayor Anatoliy Koreckiy və xüsusi təyinatlı “Alfa” qrupunun üzvü, baş leytenant Viktor Kravçuk da öldürülmüşdü. Bundan başqa 4 rus hərbçisi də yaralanmışdı.
Əldə edilən məlumatlara görə, V.Polyaniçkoya qarşı terror akltarını Ermənistan DTK-sının kəşfiyyat əməliyyatları şöbəsinin müdir müavini Can Hovanesyanın təşkil etdiyi terrorçu qrup həyata keçirmişdir. İngiltərəli tədqiqatçı-jurnalist Tomas de Vaal “Qara bağ: Ermənistan və Azərbaycan sülh və müharibə arasında” kitabında Viktor Polyaniçkonun erməni boyeviklər qrupunun hücumu nəticəsində öldürüldüyünü yazır.
2 aprel 1997-ci ildə Rusiya Dövlət Dumasının Müdafiə məsələləri komissiyasının sədri general Lev Roxlin Rusiyadan Ermənistana gizli olaraq 1 milyard dollar məbləğində silah verməsi barədə Dumada hesabatla çıxış etməsi Rusiyanın siyasi dairələrində böyük qalmaqal doğurmuşdu. 3 iyul 1998-ci ildə Lev Roxlin Moskva yaxınlığındakı bağ evində odlu silahdan açılan atəşlə qətlə yetirilmişdir. Hələ ki, istintaqla öz təsdiqini tapmasa da, bu terror aktının arxasında da ermənilərin olduğu qənaəti mövcuddur.
Təkcə XX əsrin son 30 ilində müxtəlif erməni terrorçu qruplaşmaları tərəfindən 200-dən artıq terror aktı həyata keçirilmiş, təqribən 70 siyasi qətl icra edilmiş, 40-dan artıq sui-qəsd həyata keçirilmiş, 1500 nəfərdən artıq günahsiz insan müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Ermənistan müstəqillik əldə etdikdən sonra bu ölkədə yaşayan ruslara qarşı diskriminasiya siyasəti həyata keçirilmiş və onların böyük əksəriyyətinin deportasiyasına nail olunmuşdur.
Faktlar göstərir ki, ermənilər tarix boyu bir tərəfdən Rusiyanın himayəsini qazanmaq üçün özlərini rusları sadiq dostu kimi qələmə vermiş, digər tərəfdən isə fürsət düşən kimi, ruslara qarşı quldurluq, terror və qırğınlar törətmişlər.

Nazim Mustafa,
tarix üzrə fəlsəfə doktoru