Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanının tariximizin bu qaranlıq səhifələrinə işıq saçan ilk rəsmi sənəd kimi böyük əhəmiyyətini qeyd edir və 80 il bundan əvvəl azərbaycanlılara qarşı törədilmiş cinayətlərin ildönümü ərəfəsində 31 mart gününün "Azərbaycanlıların soyqırımı günü" elan edilməsini milli yaddaşımızı dirçəldən, tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan verən mühüm siyasi - hüquqi və mənəvi aksiya sayır.
Bu mühüm sənəddə tariximizdə ilk dəfə olaraq Azərbaycanın XIX əsrdə zorakılıqla parçalandığından sonra azərbaycanlılara qarşı törədilmiş, bəşər tarixində görünməyən vəhşiliklərlə həyata keçirilmiş kütləvi qırğınların - soyqırımlarının rəsmən adı çəkilir, xüsusilə 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə erməni millətçi, şovinist dairələri və onları dəstəkləyən böyük dövlətlərin mürtəce qüvvələri tərəfindən bütün Zaqafqaziya miqyasında azərbaycanlı əhaliyə qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılır, "Böyük Ermənistan" xülyasını həyata keçirməyin əsas və real yolunu tarix boyu bu ərazilərin yerli sakini olmuş azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş antiazərbaycan qüvvələrin mənfur fəaliyyətinə siyasi qiymət verilir.
Azərbaycanın çar Rusiyası tərəfindən işğalını rəsmiləşdirən Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra Azərbaycana on minlərlə erməninin köçürülməsi, həm də din birliyi əsasında onlara yerli əhali ilə müqayisədə böyük hüquq və imtiyazların verilməsi tezliklə rus-erməni alyansı tərəfindən azərbaycanlı əhalinin hər vasitə ilə sıxışdırılmasına gətirib çıxardı. "Daşnak" və "Hnçak" kimi erməni millətçi partiyalarının fəaliyyətə başlamasından və fanatik erməni kütlələrini şovinist ideyalar ətrafında birləşdirməsindən sonra isə bu proses daha da sürətləndi. Birinci rus inqilabının başladığı 1905-ci ildə silahlanmış mütəşəkkil erməni dəstələri etnik zəmində soyqırımı kimi dəhşətli bir cinayətin Qafqazda ilk müəllifləri olmuşlar. 1905-1907-ci illərdə onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda kütləvi şəkildə azərbaycanlılara divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qadınları, qocaları misilsiz qəddarlıq və vəhşiliklə öldürmüşlər. həmin dövrdə təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi yerlə-yeksan edilmiş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsi viran edilmişdir. Erməni vəhşiliyindən sağ qurtara bilən on minlərlə azərbaycanlı öz doğma yurd-yuvasını tərk etmək məcburiyyəti qarşısında qalmış, bununla da Azərbaycanda tarixi artıq bir əsrə yaxınlaşmaqda olan həqarətli qaçqınlıq ənənəsinin əsası qoyulmuşdur.
Ermənilərin Azərbaycan xalqına qarşı çevrilmiş soyqırımı siyasəti çar Rusiyasında mərkəzi hakimiyyətin süqut etdiyi, keçmiş imperiyanın dərəbəyilik və anarxiya şəraitində yaşadığı 1918-ci ildə daha geniş vüsət almışdır. Bu dövrdəki soyqırımı daha mütəşəkkil şəkildə və daha böyük bir qəddarlıq və amansızlıqla həyata keçirilmişdi. Təkcə 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə adamı öz yurd - yuvalarından didərgin salmışdılar. Yalnız Bakıda 30 minə yaxın soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmiş, Şamaxı qəzasının 58 kəndi dağıdılmış, 7 min nəfərədək adam, o cümlədən 1653 qadın və 965 uşaq öldürülmüş, Quba qəzasının 122 müsəlman kəndi yerlə-yeksan edilmişdi. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzur qəzasında 115 Azərbaycan kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə cinsinə və yaşına fərq qoyulmadan qəddarcasına divan tutulmuşdu. İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan edilmişdir. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində və onun çevrəsində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdir. Erməni cəza dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən "türksüz Ermənistan" siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə cəmisi 70 min nəfərə enmişdir. Göründüyü kimi, qısa müddət ərzində soyqırımın və geniş miqyaslı etnik təmizləmələrin aparılması nəticəsində erməni millətçiləri qarşılarına qoyduğu məqsədə əsasən nail olmuşlar.
Şovinist ruhlu erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymətin verilməməsi səbəbindən sovet hakimiyyəti dövründə də azərbaycanlılar onlara qarşı yeridilən antihumanist siyasətlə dəfələrlə üzləşmişlər. Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların taleyi bu düşünülmüş, rüsvayçı siyasətin əyani təzahürüdür. "Sürünən" deportasiyalar, habelə 1948-1953 və 1988-1989-cu illərin zorakı deportasiyaları nəticəsində Ermənistan SSR-dən yarım milyona yaxın azərbaycanlı qovulmuş, onların bütün əmlakı talan edilmişdir.
1988-ci ildən başlayan erməni ekspansiyası, ermənilərin Dağlıq Qarabağda apardıqları işğalçı müharibə və etnik təmizləmə azərbaycanlıların soyqırımı qurbanlarının sayını əhəmiyyətli dərəcədə artırmışdı). Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilmiş, 18 mindən çox azərbaycanlı həlak olmuş, 20 mindən çox yaralanmış, 50 mindən çox əlil olmuş, 4 mindən çox əsir və itkin düşmüş, girov götürülmüş, 4 mindən çox sənaye və kənd təsərrüfatı müəssisəsi, 660 məktəb və uşaq bağçası, 250 xəstəxana və tibb müəssisəsi dağıdılmış, azərbaycanlıların doğma yurdu olan yaşadıqları 724 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsində bütöv bir iri yaşayış məntəqəsi tamamilə yox edilmiş, 613 nəfər dinc əhali, onlardan 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətə məruz qalmışlar.
Bütün bunların nəticəsində təkcə XX əsrdə iki milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinist erməni dairələrinin və onların havadarlarının yürütdükləri soyqırımı siyasətinin təsirinə məruz qalmışdır. Demək olar ki, indi Azərbaycanda erməni millətçi zülmündən bu və ya başqa şəkildə zərər çəkməyən ailə yoxdur.
Azərbaycan Respublikasının Milli Məclisi əsl həqiqətin açılması və tarixi ədalətin bərpası naminə, habelə gələcəkdə azərbaycanlılara qarşı yeni-yeni soyqırımı cinayətlərinin qarşısının alınması məqsədilə bəyan edir ki, qətiyyətlə demokratiya yolunu tutmuş Azərbaycan dövləti erməni millətçiliyinin və onun antiazərbaycan ruhlu himayəçilərinin X1X-XX əsrlərdə dəfələrlə azərbaycanlılara qarşı soyqırımı cinayətini törətdiklərini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mövcud üsul və vasitələrdən istifadə edəcəkdir.
Azərbaycan Respublikasının Milli Məclisi azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalmasını və bu barədə beynəlxalq ictimaiyyətdə məlumatın olmamasını nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatına, Parlamentlərarası İttifaqa, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, Müstəqil Dövlətlər birliyinə, başqa beynəlxalq təşkilatlara və dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə müraciət edir ki:
1. X1X-XX əsrlərdə erməni millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətini tanısınlar;
2. Gələcəkdə soyqırımı cinayətlərinin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmləri yaradılması işini tezliklə başa çatdırsınlar;
3. Azərbaycanlılara qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində dinc yolla ədalətli həll olunmasına yardım etsinlər.
(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 1998-ci il 31 mart tarixli iclasında qəbul olunmuşdur).