Quba şəhərində «Soyqırımı memorial kompleksi»nin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ötən əsrin əvvəllərində erməni-daşnak quldur dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və təcavüz siyasəti nəticəsində Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilmiş, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biri törədilmişdir. Təkcə Quba qəzasında 1918-ci ilin aprel-may ayları ərzində 122 kənd tamamilə dağıdılmışdır. Quba şəhərindəki kütləvi məzarlıqda soyqırımı nəticəsində hədsiz amansızlıq və xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı ləzgilərin, yəhudilərin, tatların və digər milli azlıqlara mənsub olan minlərlə insanların zorakılığa məruz qaldığı aşkar edilmişdir.
Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Quba şəhərində «Soyqırımı memorial kompleksi» yaradılsın.
2. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Quba şəhərində «Soyqırımı memorial kompleksi»nin yaradılması üçün Quba Rayon İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 30 dekabr 2009-cu il
№ 673